BURA / ORA, QADIN / KİŞİ
Qadınların rəhbərlik etdiyi ölkələrdə koronavirusdan ölüm sayı azdır. Buna necə nail olunub? Tarix : 18 May 2020, 17:40
Yazar : Qadinkimi.com
Yeni Zelandiyadan Almaniya, Tayvan və ya Norveçədək qadın liderlər tərəfindən idarə olunan bəzi ölkələrdə Covid-19 virusuna görə ölümlərin sayı nisbətən azdır.

Bu ölkələrin siyasətçiləri qlobal səhiyyə böhranıyla bağlı tətbiq etdikləri tədbirlər və göstərdikləri münasibətlə görə mediada təriflənirlər.

Forbes nəşri son məqaləsində onların "əsl liderlərlik nümunəsi" göstərdiyini qeyd edib.


Bu qadın liderlər elmi yanaşmaya üstünlük verərək pandemiya ilə mübarizəyə başlayıblar
 

"Qadınlar dünyaya insan ailəsini necə düzgün idarə etməyi göstərmək üçün önə çıxıblar", - Forbes yazıb.

Şərhçilər vurğulayırlar ki, qadınlar dünyada dövlət başçılarının yalnız 7 faizini təşkil etsələr də, Covid-19 imtahanını uğurla keçənlər arasında onların sayı qeyri-mütənasib dərəcədə böyükdür.

Görəsən, koronavirus pandemiyası ilə mübarizədə qadın liderlərin uğur qazanmasının səbəbi nədir?

Erkən cavab

İslandiyanın Baş naziri Katrin Jakobsdottir geniş miqyaslı kütləvi test keçirilməsindən başlayıb.

360 000 nəfərlik kiçik əhalisinin olmasına baxmayaraq, İslandiya yanvarın sonunda 20-dən çox adamın toplaşmasına qadağa qoyub. Bu tədbir İslandiyada virusla əlaqəli ilk ölüm halı qeydə alınmazdan əvvəl tətbiq olunmağa başlayıb. Mayın 13-ə olan vəziyyətə görə orada Covid-19 virusundan 10 nəfər ölüb.

İslandiya mübarizəyə geniş miqyaslı kütləvi test keçirilməsindən başlayıb
 

Rəsmi olaraq Çinin bir hissəsi olan Tayvanda Prezident Tsai İng-wen dərhal epidemiya əleyhinə nəzarət mərkəzi təsis edib və virus infeksiyalarının qarşısını almaq və izləmək üçün tədbirlər görüb.

Tayvan həmçinin üz maskaları kimi fərdi qorunma vasitələrinin istehsalını artırıb. İndiyədək 24 milyonluq əhalisi arasında cəmi yeddi ölüm qeydə alınıb.

Yeni Zelandiyada isə Baş nazir Jacinda Ardern dünya ölkələri liderləri arasında Covid-19 virusuyla bağlı ən sərt mövqelərdən birini tutub. Bir çox ölkələrin xəstəliyin yayılma sürətini azaltmaq kimi səyləri əvəzinə Ardern bütün infeksiya hallarını kəsmək niyyətindən ibarət olan bir yanaşma sərgiləyib.

Ölkədə karantin rejimi elan olunanda cəmi altı ölüm halı qeydə alınmışdı, mayın 13-də isə ölənlərin sayı 21 nəfər olub.

Əsgər və rəsmilərlə yanaşı, Tayvan Prezidenti Tsai Ing-wen (ortada) də maska taxıb
 

Qadınlar tərəfindən idarə olunmaqla yanaşı, böhrana daha yaxşı reaksiya verən bu ölkələrin başqa ümumi cəhətləri də var:

Bu ölkələr inkişaf etmiş iqtisadiyyatlardır, burada sosial dəstək sistemi fəaliyyət göstərir və sosial inkişaf göstəricilərinin əksəriyyəti yüksəkdir.

Bundan əlavə, həmin ölkələr fövqəladə hallara daha yaxşı hazır olan güclü səhiyyə sistemlərinə malikdirlər.

Görəsən, məsələ liderlərin özlərindəndir, yoxsa liderlərin qadın olması ölkənin necə olduğundan xəbər verir?

"Məsələ müxtəliflikdədir"

Müşahidəçilər hesab edirlər ki, həmin qadın liderlərin siyasətdə sərgilədikləri dəst-xəttin də təsiri nəzərə alınmalıdır.

Angela Merkel-in pandemiya ilə mübarizə strategiyasında testlərin keçirilməsində əsas idi.
 

"Qadınların kişilərdən fərqli olan bir liderlik dəst-xəttinə malik olduqlarını düşünmürəm, amma qadınların rəhbər vəzifələrdə təmsil olunduğu zaman, bu, qərar qəbuletmə prosesinə müxtəliflik gətirir", - Qızlar və Qadınlar üçün 3D Proqramının icraçı direktoru və BMT Fondunun baş elmi işçisi doktor Gita Rao Gupta bildirir.

"Həm kişilərin, həm qadınların rəyi nəzərə alınanda daha yaxşı qərarlar verilir", - o, BBC-yə deyib.

Bu, ABŞ prezidenti Donald Trump-dan tutmuş braziliyalı Jair Bolsonaro-yadək kişi həmkarların bəzilərinin nümayiş etdirdiyi siyasi özündən razılıq və elmin inkar edilməsi davranışı ilə ziddiyyət təşkil edir.

Braziliyanın prezidenti Jair Bolsonaro Covid-19-u "kiçik qrip" adlandırıb və sosial məsafə qaydalarını dəfələrlə pozub
 

Londonun Kral Kollecindəki Qadın Liderliyi Qlobal İnstitutunun direktoru Rozie Campbell razılaşır ki, "liderlik bacarığının kişi və qadın növü olmur".

"Lakin ünsiyyət qurmaq bacarığı baxımından qadınlar üçün daha qayğıkeş və əməkdaşlığa hazır olan bir lider olmaq daha məqbuldur. Təəssüf ki, kişilər arasında narsisistlik, aşırı rəqabət kimi keyfiyyətləri olanlara daha çox rast gəlinir", - Campbell deyir.

O hesab edir ki, kişi liderləri arasında bu keyfiyyətlər "siyasətdə populistlik gücləndiyinə görə daha qabarıq olub".

Siyasətdə "maço" problemi

Populist liderlər dəstək almaq üçün "sadələşdirilmiş mesajlar" verməyə meylli olur, və bu, bir çox hallarda onların pandemiya ilə bağlı necə siyasət yürütməsinə təsir göstərir, Campbell qeyd edir.

Misal üçün, ABŞ, Braziliya, İsrail və Macarıstanın siyasi liderləri bəzən öz addımlarının günahını xarici səbəblərin üzərinə atmağa çalışıblar - məsələn, xaricilərin ölkəyə "xəstəlik gətirdiklərinə" işarə edirlər.

"Trump və Bolsonaro aşırı maço rolunu seçiblər. Bu cür davranış onlar üçün təbii deyil, lakin onlar məhz bunu seçirlər", - professor Campbell deyir.

"Qadınların populist radikal sağçı olmaq şansı kifayət qədər azdır. [Fransadakı] Marin Le Pen kimi bəzi məşhur istisnalar mövcuddur.

"Lakin ümumilikdə bu, çox fərdiyyətçi, maço obrazından doğan siyasət növü ilə bağlıdır."

Almaniya kansleri Angela Merkel tez bir zamanda etiraf etdi ki, Covid-19 "çox ciddi" bir təhlükədir

Covid-19 böhranına reaksiyaların müxtəlifliyi qismən də hər bir ölkənin sosial-iqtisadi reallıqlarının və resurslarının müxtəlifliyindən irəli gəlir və gender problematikası burada heç bir rol oynamır.

Beləliklə, professor Campbell-in təsvir etdiyi stereotipə uyğun gəlməyən kişi liderlər də öz ölkələrində ölümlərin sayının nisbətən az olmasını təmin edə biliblər.

Cənubi Koreyada Moon Jae-in tərəfindən böhranla bağlı verilən qərarlar onun partiyasının aprelin 15-də keçirilmiş parlament seçkisində inamlı qələbəsini möhkəmləndirib.

Yunanıstanın Baş naziri Kyriakos Mitzotakis də böhrana müvəffəqiyyətlə nəzarət edilməsi və ölüm halları sayının nisbətən aşağı səviyyədə saxlanmasına görə təriflənir - təxminən 11 milyon əhalisi olan Yunanıstanda mayın 13-nə ölümlərin sayı 152 olub.

Müqayisə üçün, 60 milyon əhalisi olan İtaliyada həmin tarixdə 30911 nəfər ölən olub.

Yunanıstan böhran başlayandan elmi yanaşmaya üstünlük verir, sosial məsafənin gözlənilməsi kimi tədbirlər hələ ilk ölüm halı qeydə alınmamışdan əvvəl tətbiq olunub..

Qadınlar Covid-19-un iqtisadi və sosial təsirlərinə daha çox məruz qalırlar
 

Bu da var ki, koronavirusun sürətlə yayılması səbəbindən qadınların da rəhbərlik etdiyi bəzi ölkələrdə virusa qarşı mübarizə ağır keçir.

Məsələn, Banqladeşin Baş naziri Şeyx Xasina dünyanın ən böyük əhali sıxlığı olan ölkələrindən birində epidemiyanın durdurulmasına nail ola bilib. Lakin test keçirmək məsələsində ölkənin məhdud potensialı ilə bağlı narahatlıqlar var və Banqladeşdəki tibb işçiləri deyirlər ki, onlar fərdi qoruyucu vasitələrin olmadığından getdikcə daha çox riskə məruz qalırlar.

Çətin qərarlar

Covid-19-un qarşısını almaq üçün liderlər pandemiyanın erkən mərhələlərində iqtisadiyyatın bağlanması kimi çətin qərarlar qəbul etməli idilər.

Lakin bu seçim qısamüddətli perspektivdə yüksək siyasi risk daşıyır ki, bu da "populist liderlərin istəyinə ziddir", professor Campbell bildirir.

Əksinə, bəzi qadın liderlər onların ölkələrinin üzləşdiyi problemlərdən açıq və şəffaf şəkildə danışmaqla müsbət ictimai rəy qazanıblar.

Almaniya kansleri Angela Merkel tez bir zamanda etiraf etdi ki, Covid-19 "çox ciddi" bir təhlükədir.

Onun ölkəsi rəqəmləri götürəndə, Avropada ən böyük test, izləmə və təcrid sistemini qura bilib. 83 milyon əhalisi olan Almaniyada Covid-19-dan 7600-dən çox adam ölüb.

Norveç və Danimarkada qadın baş nazirlərin yanaşması onları öyünməyə meylli olan bəzi kişi həmkarlarından daha çox fərqləndirir.

Norveç və Danimarka liderləri yalnız uşaqlara ünvanlanan "mətbuat konfransları" keçiriblər
Norveçli lider Erna Solberq və onun danimarkalı həmkarı Mette Frederiksen yalnız uşaqlar üçün nəzərdə tutulan və heç bir böyük adamın buraxılmadığı mətbuat konfransı keçiriblər.

Yeni Zelandiyada Jacinda Ardern də bu ay xristianların qeyd etdiyi Pasxa bayramının karantin tədbirlərinə görə pozulub-pozulmayacağı barədə uşaqların narahatlıqlarını aradan qaldırmağa çalışıb.

Baş nazir onlara bildirib ki, ənənəvi Pasxa dovşanı "əvəzolunmaz işçi" hesab edilir və ona şokolad yumurtalarını uşaqların evlərinə çatdırmağa icazə veriləcək.

Yeni Zelandiyada karantin zamanı Pasxa yumurtalarının axtarışı ilə bağlı oyun keçirilib
 

"Pasxa dovşanından danışmaq keçmişdə ölkənin lideri üçün gülməli olardı. Lakin siyasətdə qadınların sayının çox olması bizi siyasətin uşaqlara necə təsir edəcəyi barədə daha çox düşünməyə vadar edir", - professor Campbell deyir.

Keçmişdə bu cür problem, ailə zorakılığı və uşaq qayğısı məsələlərində olduğu kimi, "özəl mövzu" kimi qəbul edilirdi.

Odur ki, ən gənc vətəndaşların problemlərinə diqqət yetirməklə, siyasi liderlər qlobal pandemiyanın hər bir yaş qrupunun psixi sağlamlığına təsir etdiyini etiraf edirlər.

"Daha yaxşı həll yolları"

Bütün dünyada tibb işçilərinin 70 faizini qadınlar təşkil edir, lakin Parlamentlərarası İttifaqın məlumatına görə, 2018-ci ildə seçilmiş 153 dövlət başçısından yalnız on nəfəri qadınlar idi.

Dünya parlamentinin üzvlərinin yalnız dörddə biri qadınlardır.

Qadınlar dünya səhiyyəsində işçi qüvvəsinin 70%-ni təşkil edirlər, amma lider vəzifələrdə onların sayı azdır.

Səhiyyə sektorunda qadınların rolunun artırılmasına yönəlmiş Bill və Melinda Gates Fondunun "Qadın Sağlamlığı" proqramının məşvərət şurasının sədri olan doktor Gupta rəhbər vəzifələrə daha çox qadının təyin edilməsinə çağır

O bu cür addımın qərarların qəbul edilməsi prosesini yaxşılaşdıracağını söyləyir.

"Bu, təkcə bəziləri üçün deyil, cəmiyyətin bütün təbəqələrinə aid olan qərarların mövcudluğuna şərait yaradacaq".

"Çünki qadın olaraq onlar [liderlər] cəmiyyətdə gender rolları və öhdəlikləri baxımından həyat təcrübəsi toplayıblar. Ona görə də həmin təcrübənin onların qəbul etdikləri qərarlara və planlarına təsir edəcəyi ehtimalı var".

Doktor Gupta Covid-19-un kişi və qadınlara göstərdiyi təsirin müxtəlif sosial və iqtisadi fəsadları barədə xəbərdarlıq edir: ailədaxili zorakılıq artır, yoxsulluq riski artır, maaşlarda gender fərqinin azaldılması istiqamətində əldə olunmuş irəliləyişdə geriləmə baş verir.

"Biz geriləyirik, - o deyir. - Pandemiya amillərinə qarşı cavab tədbirləri görülməsə, mövcud problemlərin kəskinləşməsi baş verəcəkdir".
 
 

Mənbə: bbc.com
qadinkimi.com