Əsrlərboyu verilən bu sualın ətrafında elə əsrlərdi qarışıq müzakirələr gedir. Hərə bir fikir desə də, sonda böyük çoxluq təslim olur və suala cavab tapılmır. Hətta psixoanalizin banisi Ziqmund Freyd də etiraf etmişdi ki, "qadın qəlbini 30 il öyrənməyimə rəğmən əslində qadınların hələ də nə istədiyini bilmirəm”.
Yəni hər şey belə mürəkkəbdir?
Əslində mən belə hesab etmirəm.
Qadınlar o qədər də çətin varlıqlar deyillər. Bu sualı həm də belə də vermək olar: Əslində qadınlar kişilərdən nələr gözləyir və istəyirlər?
Ona görə də mən məhz kişilərə xitab edəcəyəm.
Əziz həmcinsim, diqqətli ol!
Yəqin ki, bu məşhur sualı hər bir kişi özünə verib - qadınlar nə istəyir?!
Qadınlar işarə etməyi sevirlər. Ona görə də hər şeyi açıq-aşkar deməməyi üstün tuturlar. Qadınlar istəyir ki, biz həmin işarələri o dəqiqə tutaq və onları başa düşək. Həmin işarələri tutmayanda isə qadınlar çox vaxt bizdən küsür və inciyirlər. Biz isə onların bu hərəkətini cəfəngiyyat hesab edirik.
Buna görə qadınları çətin varlıq hesab etmək olar, ancaq bir az diqqətli olsaq, onların psixologiyasını anlasaq, çox şey asanlaşar və biz "qadınlar nə istəyir, nə sevir” sualına cavab tapmış olarıq.
Faktiki olaraq qadın psixikası kişininkindən 9 dəfə daha yaxşı çalışır. Qadınlar bir-biri ilə söhbət edərkən eyni anda 5-6, hətta daha çox mövzularda danışa bilirlər. Kişilər isə çox vaxt bir mövzuya köklənirlər.
Biz kişilər soyuducunu açır və qabağımızda olan limon və ya qatıq bankasını tapa bilmədiyimiz halda, qadınlar qonaq otağından soyuducunun içini görmədən bizə işarə edə bilir ki, qatıq bankası sağ küncdə aşağı rəfdədir.
Azyaşlı uşaq möhkəm ağlamağa başlasa və kişi onu götürüb nə baş verdiyini müəyyən etməyə çalışsa, bu, onda alınmır. Ancaq qadın uşağı qucağına götürmədən belə onun ac olduğunu və ya köpə görə ağladığını müəyyən edə bilir. Çünki qadınların analıq instinkti var.
Beləliklə, "qadınlar kişilərdən nə istəyir" sualı ətrafında fokuslanaq.
*Qayğıkeşlik
Hətta qadın kifayət qədər yetkin və müstəqil olsa belə, demək olar ki, dünyadakı bütün qadınlar kimi o da, öz kişisi üçün balaca qızcığaz olmağı arzulayır.
O, istəyir ki, xəstə olub evdə yatanda sən onun üçün aptekə qaçıb dava-dərman alasan. Gecələr onun açıq qalan üstünü isti adyalla, yorğanla örtəsən. Hərdən ona sevdiyi şokoladı alıb gətirəsən. Bu cür xırda şeylərlə sən onun qayğısını çəkməklə qadının gözündə əhəmiyyətli kişiyə çevirilmiş olarsan. Ola bilər ki, bu şeylər sənə adi və elə-belə görünə bilər, ancaq qadınlar bu addımları qiymətli hesab edirlər.
*Dəstək
Çətin məqamlarda qadını buraxıb gedən adama kişi demək olmaz. İnsanın həyatında yaxşı günlərlə bərabər, xoşagəlməz anlar da olur. Bu, çox təbiidir. Belə məqamlar, bir yerdə olan qadın və kişi üçün həm də sınaq rolu oynamış olur. Axı insan çətin anlarda tanınır.
Belə ki, sən kişi olaraq nəinki çətin günlərdə, hətta normal günlərdə də öz qadınına dəstək olduğunu aşkar nümayiş etdirməlisən. Bəli, o, səndən mənəvi, fiziki və maliyyə dəstəyi gözləyir. Bu da çox təbiidir. Bilirsən, elə olur ki, qadın özünə əmin olmur, müəyyən şübhələri olur. Belə anlarda sən mütləq onu motivasiya etməli və "yanındayam, darıxma, hər şey yaxşı olacaq” deyərək ona dəstək olmalısan.
*Anlayış
Anlayış münasibətlərdəki ən önəmli faktorlardan biridir. Bu sevginin və hörmətin əməl olaraq nümayişidir. Sən artıq anlamalısan, elə anlar olur ki, qadın harasa getməyə hazırlaşarkən, bir neçə paltar arasında seçim qarşısında qala bilər. Ona görə, o, gəlib sənə dəfələrlə sual verə bilər ki, "görəsən bunu geyinim, yoxsa digərini”.
Sınmış hansısa dırnağına görə onun bütün günü əhval-ruhiyyəsi də olmaya bilər.
Belə hallarda sən maksimum anlayışlı olmalısan. Başa düşməlisən ki, qadınların qərar vermək formaları bir az fərqlidir. Onların özlərinə məxsus daxili fitrəti, mentaliteti mövcuddur.
*Diqqət
Qadınların kişilərdən gözlədiyi, istədiyi bir nömrəli gözlənti diqqətdir. Diqqət onlar üçün briliyant dəyərində olan nəsnədir. Hətta, sənə açığını deyim, qadın sənin onu və ümumi yaşayışınızı maliyyə cəhətdən təmin etmək üçün bütün günü iş yerində vaxt keçirməni o qədər də yüksək dəyərləndirməyəcək. Onun üçün daha önəmli sizin filmə, teatra, parka hansısa qonaqlığa bir yerdə getməyinizdir, nəinki sırf pul təminatı üçün daha çox işləməyin.
*Ailə, evlilik və uşaqlar
Gəlin paltarı geyinmək və xoşbəxt ailə sahibi olmaq istəyi demək olar hər bir qızın arzusudur. Bəs bu arzu hardan əmələ gəlir? Əslində həmin istək qıza öz anasının südündən ötürülür. Sonradan da hər bir qızın tərbiyəsində ona ötürülən mesajlar arasında ailə qurmağın vacibliyi aşılanır. Hətta qadın nə qədər müstəqil və superkaryeraçı olsa belə, o, mütləq ailə qurmağı və evlilik səadətini dadmağı arzulayır. Bura uşaq sahibi olmaq da daxildir. 30 yaşdan sonra bu arzu lap qabarıq olmağa başlayır. Ağıllı qadınlar isə mütləq şəkildə diqqət edirlər ki, onların uşaqları güclü xarakterə malik kişidən olsun. Çünki bu həm də unikal genefond deməkdir.
*Emosiya
Qadınlara güc və sevinc gətirən əsas şeylərdən biri də onlara ötürülən emosiyalardır. Bəli, qadınlar kişilərdən daha emosionaldılar. Bir məsələ var ki, qadınlar həm də o kişiləri sevirlər ki, onlardan emosiya və enerji dalğası yayılır. Ona görə də sən mütləq enerjili olmalısan. Enerji isə məhz hansısa hədəfləri olan kişilərdə olur. Ambisiyalı və hədəfləri olan kişilərdən ehtiras impulsları yayılır. Belə kişilər nə istədiklərini yaxşı bilirlər. Həm də özlərinə əmindilər. Onlar qadınlarla söhbət edərkən belə güc və əminliklərinin emosiyaları qarşı tərəfə ötürülür. Emosiyalar ötürməklə sən qadında özünə qarşı etibar da qazanacaqsan. Onunla heysiz qoca kişilər kimi danışma. İntonasiyalarını düz qoy! Səsində yersiz qışqırıq yox, əminlik və canlılıq olsun. Bədən dilindən də istifadə etməyi unutma.
*Pul
Hətta qadın desə ki, maddi vəziyyət onun üçün axırıncı yerdədir, bil ki, o, səni maliyyə məsələsində də qiymətləndirəcək.
Pul qadınlar üçün çox önəmlidir. Axı pulu kim sevmir? Həm də pul qazana bilmək qabiliyyəti ambisiyalı və güclü xarakterə malik kişilərin əsas özəlliklərindən biridir.
Əziz həmcinsim, sənə qadınların nələr istədiklərini sadaladım. Diqqətli olsan və öz üzərində işləsən, şəxsi həyatda böyük uğurlar əldə etmiş olarsan. Seçdiyin qadını sev, ona hörmət elə və anlayış göstər. Qadınlarsız həyat rəngsiz və dözülməzdir.
Orxan Adıgözəl
qadinkim.com