YAZI / DÜŞÜNCƏ
QADINLAR HAQQINDA - Anton Çexov Tarix : 21 İyul 2023, 10:26

Bəşəriyyət yaranandan qadın zərərli və bədxassəli məxluq sayılır. O, fiziki, əxlaqi və əqli inkişafın elə aşağı səviyyəsində dayanır ki, hər kəs, hətta bütün hüquqlarını itirmiş əclaf da, burnunu başqalarının dəsmalına fırtıldadan sallaqdodaq da qadını qınamağa, dişlərini ağardıb onun qüsurlarını ələ salmağa özündə haqq görür.


Onun anatomik quruluşu bütün tənqidlərin altında qalır. Hansısa ailənin hörmətli atası "o naturel” qadın obrazı görəndə həmişə ikrahla qaşqabağını töküb yana tüpürür. Belə təsvirlərin masada və ya cibdə deyil, göz önündə olması movetonluq sayılır. Kişi qadından qat-qat yaraşıqlıdır. Taqqanağı da çıxsa, tüklü, sızanaqlı, burnu qırmızı, alnı dar da olsa, qadın gözəlliyinə ağız büzür, yalnız ciddi-cəhdlə seçim edəndən sonra evlənir. Elə Kvazimodo yoxdur ki, dərin bir əminliklə gözəl qadını özünə tay bilməsin.


Qayınanasını soyan, arvadının çəkmələrində lovğa-lovğa gəzən istefaya göndərilmiş leytenantlardan biri hamını inandırırdı ki, insan meymun nəslindən əmələ gəlibsə, bu heyvandan əvvəlcə qadın, sonra kişi törəyib. Əlindən araqları gizlədən bir arvadı olduğu üçün titullu məsləhətçi Slyunkin tez-tez deyirdi: "Dünyada ən zərərli həşərat növü qadındı".


Qadının ağlı heç bir işə yaramır. Saçları uzun, ağlı qısadır; kişi üçünsə bunun əksi keçərlidir. Qadınla siyasətdən, kursun vəziyyətindən, bürokratlardan danışmaq olmur. Gimnaziyanın üçüncü sinfində oxuyanlar belə, artıq dünya problemlərini çözdüyü, kollecə yazılanlar "30 min yad söz” kitabını öyrəndikləri halda ağıllı və yetkin qadınlar yalnız moda və hərbçilərdən danışırlar.


Qadının məntiqi haqqında deyimlər də dolaşır. Hansısa məhkəmə müşaviri Anafemski və ya şöbə gözətçisi Dorofey Bismark və ya elmin faydaları haqqında danışmağa başlayanda onları dinləmək xoşdur: xoş və təsirli. Bəs kiminsə arvadı başqa mövzu olmadığı üçün uşaqlardan və ya ərinin əyyaşlığından danışanda hansı ər bu sözləri deməkdən özünü saxlayar: "Çərənçi çərənlədi!”


İlahi, məntiqə bax! Ay Allah, sən mənim günahımdan keç! Qadın elm öyrənməkdə acizdir. Bu, artıq onun üçün heç bir təhsil yerinin yaradılmamasından da görünür. Kişilərin isə ən sarsaq və gicbəsəri belə nəinki elm öyrənə, hətta kafedrada işləyə bilər, amma qadın – o bir heçlikdir!


O, dərslik yazmır, avtoreferatları və uzun akademik çıxışları oxumur, rəsmi ezamiyyətlərə getmir və xarici dissertasiyaları toplamır. Dəhşətli dərəcədə inkişafdan geri qalmışdır! Bir damcı yaradıcı istedadı yoxdur. Təkcə böyük və dahiyanə deyil, vulqar və şantaj dolu yazıları belə kişilər yazır, təbiət qadına yalnız kişi yaradıcılığına pirojki bükmək və onlardan biqudi düzəltmək bacarığı verib.


O, mədəniyyətsiz və pozuqdur. Bütün pisliklər ondan başlayır. Köhnə bir kitabda deyilir: "Mulier est malleus, per quem diabolus mollit et malleat universum mundum”.


Şeytanın içinə çirkin bir əməl və ya hiylə etmək istəyi dolduqda, bunu həmişə qadınların əli ilə gerçəkləşdirir. Gözəl Helenin ucbatından Troya savaşının başladığını unutmayın, Messalina az fağırı yoldan çıxarmayıb. Qoqolun dediyinə görə, məmurları öz arvadları rüşvətə sürükləyir.  Bu, tamamilə doğrudur. İçirlər, qumarda uduzurlar, məmurlar isə Amaliyalara yalnız maaşlarını xərcləyirlər.


Sahibkarlar, dövlət podratçıları, isti kabinet katibləri əmlaklarını həmişə arvadın adına keçirirlər. Qadın tamamilə əxlaqsızdır! Hər bir zəngin xanımın ətrafında həmişə alfons olmağa hazır onlarla gənc hərlənir. Yazıq gənclər!


Qadının vətənə də heç bir faydası yoxdur. O, müharibəyə getmir, sənədləri köçürmür, dəmir yolu çəkmir və araq şüşəsini ərindən gizlətməklə vergi gəlirlərinin azalmasına səbəb olur.


Bir sözlə, o, təntiyən, saxta, gərgin, hiyləgər, boşboğaz, ikiüzlü, acgöz, yüngül, ortabab, qeyri-ciddi, xıltlı biridir... Onun yalnız bir üstünlüyü var: dünyaya kişilər kimi şirin, nəcib və dəhşətli dərəcədə ağıllı varlıqlar gətirir.


Bu fəzilətinə görə gəlin onun bütün günahlarını bağışlayaq. Gəlin hamımız ona qarşı səxavətli olaq, hətta kostyumlu məşuqələr də, barlarda ağız-burunları şamdanla partladılan cənablar da…


 

Müəllif: Anton Pavloviç Çexov

Tərcümə: Aysel Əlizadə

qadinkimi.com