HƏR ŞEY / HEÇ NƏ, QADIN / KİŞİ
Qadınlar üçün yeni iş yerləri Tarix : 13 Avqust 2021, 15:10
Səudiyyə Ərəbistanında qadınların polis və orduya cəlb edilməsinin ardınca onlar üçün yeni iş yeri açılıb.
 

Ötən ilin dekabrında 50 səudiyyəli qadının işə götürüləcəyi barədə elan verən aviaşirkət artıq Ciddə və Ər-Riyadda yerli stüardessaların uçuşlara qatılmasını təmin edib. Onların işə qəbulu zamanı irəli sürülən şərtlər 20-30 yaş arası olması və ingilis dilində səlis danışması olub. "Saudia” aviaşirkəti pilotların da tamamilə yerli kadrlardan olacağını bildirib. Onların arasında ötən il təyyarə sükanı arxasına keçmiş ilk qadın pilot Yasmin Əl Məymani də var.

Aşağıbüdcəli Səudiyyə Ərəbistanının "Flynas” aviaşirkəti də qadın stüardessaların işə qəbuluna start verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

 

                                                              *****

 

İngiltərə Silahlı Qüvvələrində qadınlara rəftarla bağlı "Tarixinin ən mühüm istintaqlarından biri" adlandırılan istintaqı milli müdafiə komitəsi, orduda əvvəllər xidmət etmiş 4106 qadın hərbçi və mövcud qadın personal dinləyib

İngiltərə ordusunda xidmət göstərən qadınların haradasa 3-də 2-sinin karyeraları boyu zorakılığa, cinsi təcavüzə və ayrı-seçkiliyə məruz qaldıqları ortaya çıxıb.

  İngiltərə Silahlı Qüvvələrində qadınlara rəftarla bağlı "tarixin ən mühüm istintaqlarından biri" adlandırılan istintaqı milli müdafiə komitəsi, orduda əvvəllər xidmət etmiş 4106 qadın hərbçi və mövcud qadın personal dinləyib.

  Komitədə iştirak edən millət vəkillərinə orduda məruz qaldıqları hadisələri danışan əvvəlki və mövcud qadın personalın 62 faizi qəbuledilməz davranışlara şahid olduğunu və ya bunlara məruz qaldığını bildirib.

  Cinsi yaxınlığı rədd etdikləri üçün zorakılığa məruz qaldıqlarını söyləyən bəzi qadınlar isə digər həmcins yoldaşlarının kişilər tərəfindən uğradıqları hücumların şahid olduqlarını, ancaq bunları bildirməkdən qorxduqlarını qeyd ediblər.

  İstintaqı idarə edən və özü də sabiq hərbçi olmuş millət vəkili Sara Aterton (Sarah Atherton) sözügedən mövzu ilə bağlı etdiyi şərhdə deyib: "Orduda təcavüzə uğrayan bir qadın səsini çıxarmağın karyerasına zərər verəcəyi qorxusuyla təcavüzkarla birlikdə yaşamaq və çalışmaq məcburiyyətində qalır."

  İstintaq nəticəsində ölkənin Milli Müdafiə Nazirliyinə təcavüz və cinsi zorakılıq hadisələrinin hərbi tribunaldan vətəndaş məhkəməsinə sövq edilməsi istənilib. Çünki hərbi məhkəmələr, xüsusilə təcavüz hadisələrilə bağlı vətəndaş məhkəmələri ilə müqayisədə daha az müddətli həbs qərarı verir.

 


 

                                                    *****

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq Həcc ziyarətinin təhlükəsizliyi təmin etməyə qadınlar da cəlb edilib.

 


Səudiyyə dövlətinin bu addımı vəliəhd şahzadə Bin Salmanın 2030 islahat planının tərkib hissəsidir.

Zərif cinsin nümayəndələri ziyarətgahın daxilində nizam-intizamın qorunmasına, xüsusən pandemiya şəraitində zəvvarların ictimai yerlərdə təhlükəsizlik məqsədilə riayət etməli olduqları davranış qaydalarına nəzarətin təşkil edilməsinə cəlb olunublar.

Ziyarətgahın təhlükəsizlik xidmətində çalışan Mona adlı qadın ibadət edənlərə xidmət etməyin çox nəcib və şərəfli bir vəzifə olduğunu bildirib.

Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanı koronavirus pandemiyasına görə 60 min nəfərlik say məhdudiyyəti tətbiq etməklə yalnız ölkə vətəndaşlarının Həcc ziyarətinə icazə verib. 

 

 

 

qadinkimi.com