FEMİNİZM
Qadinkimi.com İraqlı aktivist Zeynəb Salbi ilə Türkiyə yazarı Ayşə Armanın müsahibəsini təqdim edir Tarix : 17 Sentyabr 2019, 20:24
Yazar : Qadinkimi.com

 

Bir ölkədəki vəziyyəti anlamaq istəyirsizsə, qadınlarının nələr yaşamaq məcburiyyətində olduqlarına baxın.

Qadinkimi.com İraqlı aktivist Zeynəb Salbi ilə Türkiyə yazarı Ayşə Armanın Hurriyet.com - a müsahibəsini təqdim edir.

    Bu həftəki qonağım şəhanə bir qadındı. Dünya şöhrətli İraqlı aktivist Zeynəb Salbi. Beynəlxalq qadın təşkilatı "Women for Women International” - ın qurucusu və rəhbəri. Həqiqətən möhtəşəm işlər görür. Savaşlardan xilas olan qadınlara yaşaya biləcəkləri sabit və barışcıl bir mühit yaradır. Səsini çıxara bilməyən qadınların səsi Zeynəb Salbi Uludağ İqtisadiyyat Zirvəsi üçün Türkiyəyə gəldi. "Diktatorun kölgəsində” kitabı da türk dilinə tərcümə olundu. Fürsət bu fürsətdi deyib getdim qapısına. Kitabda İraqın və özünün ürək ağrıdan hekayəsindən yazır. İqtidar, qorxu, kişi təzyiqi kimi dünyavi mövzuları dərindən araşdırır.

Hekayəsi Səddam Hüseynin iqtidara gəlişinin öncəsinə təsadüf edir.

Modern İraqın zamanla necə korlanmasını, bu müddət ərzində məhv olan həyatları, həm ətrafında, həm ailəsində yaşananları bütün çılpaqlığı ilə açığa çıxarır. Səddamın şəxsi pilotu olan atası sayəsində necə ekskluziv bir həyatları olduğunu və eyni zamanda necə böyük bir qorxu içində yaşamağa məcbur qaldıqlarını izah edir. TED konfransında çıxışını izləməyə dəyər, internetdən mütləq baxın. Zeynəb Salbilərin artması arzusuyla...

 

 

   Bir çox TED konfransı izlədim, amma sizinki qədər ayaqda alqışlananını görmədim. Çox təsirli idi, təbrik edirəm. Səddamın zamanında yaşadıqlarınızı anlatdığınız "Diktatorun kölgəsində” kitabınız da çox təsirlidi.

     - Təşəkkür edirəm.

Səddam dövrünü düşünəndə ağlınıza nə gəlir?

    - Qorxu! Diktatorun kölgəsində yaşamaq zatən belə bir şeydi. Qorxu və hakimiyyət duyğusu iliyinizə qədər işləyir və sizi məhv edir. Həyatınızı, həyat tərzinizi çürüdür, parçalanırsız, sizdən geriyə heç nə qalmır.

 Ailəniz İraqın öndə gedənlərindən olub...

    - Bəli. Ailəmdə hamı təhsillidi, bir neçə dildə danışırlar. Atam pilotluq təhsilini Şotlandiyada bitirib. Anam da çox təhsilli və maraqlı qadındı. Mənim ailəm Səddamın sosiallaşmaq və dostluq etmək üçün seçdiyi insanlardan idi.

Uşaqlığımda ona "əmi” deyirdim.

Bəs siz onu necə tanıdız?

    - Elə "əmi” olaraq, "əmi” deyirdim onsuz da. Uşaqlığımda Səddam mənim üçün göydən yerə enmiş bir mələk idi sanki. İraqa gözəl faydaları da oldu. Diktatorlar belə olur, sadəcə pislik etməzlər. Ölkənin inkişafı üçün bir çox şey edərlər. Elmi və sənəti dəstəkləyib. Təhsili məcburi edib. Uşağını məktəbə göndərməyənlər 6 aylıq həbs cəzasına məhkum olunurdu. Lakin həmin adam eyni zamanda dəhşətli bir qorxu imperatorluğu da yaratmışdı.

Necə təsvir edərdiz o qorxunu?

    - Açıq aşkar görünən bir şey deyildi. İnsanların evinə sızan bir qaz kimi idi. Yavaş - yavaş öldürürdü.

Heç kim müqavimət göstərə bilmədi?

    - Xırda müqavimətlər, dirənişlər oldu, amma xeyri olmadı. Qarşınızda hər şeyə sahib olduğuna inanan biri var. Ölkənin də sahibi o, sizin də sahibiniz o, qadınların da, uşaqların da... Mütləq və tək güc! Yavaş-yavaş həyatımızın rəngi dəyişdi, soldu. Çünki boyun əyməyə məcbur idik. Bir diktatorun kölgəsində heç kimə həyat yoxdu.

 Şəxsiyyət olaraq nə deyərdiz onunla bağlı?

    - Səddamı qara atın üstündə qorxunc bir adam olaraq xəyal etməyin! O, çox xarizmatik idi. Onunla tanış olub təsirlənməyən heç görmədim. İnanılmaz bir cazibə qüvvəsi vardı. Amma o adam ən yaxın dostunu və qohumunu öldürtmüşdü. Bu gün üzünüzə gülüb, sabah sizi də öldürtdürə bilərdi! Qadın hüquqları mövzusunda, məsələn, inanılmaz çıxışlar edərdi, amma iş qanunlara gələndə, heç bir qərar qəbul etməz, islahatlar aparmazdı. Bəzi hüquqları sanki  "bəxş edir” kimi davranardı. Ona görə bütün hüquqları yalnız özü verə bilərdi!

Qanunlar lazımsız idi yəni...

    - Əlbəttə. Onun özü elə ən böyük qanun idi! Qadınlar məcburi boşanma halında və ya bir miras məsələsində ondan yardım istəyəndə, hüquq sistemindən çox o həll edərdi sanki hər şeyi. Elə davranardı, sanki sizə "yaxşılıq” edir. Ölkəsinə, ölkəsinin qadınlarına haqq, ədalət "bağışlayırdı” sanki. O, hər şeyi öz monopoliyasında cəmləyən bir sistem yaratmışdı. Düzdü, bir çox yaxşı işlər də gördü amma heç birini ölkəsi üçün etmədi. Özü üçün etdi. Daha da güclənsin deyə. Gündən günə daha da gücləndi.

Yeni bir həyat qurdum.

Bu kitabı diktatura rejimində yaşamağın necə bir şey olduğunu göstərmək üçünmü yazdız?

    - Yox, o qədər asan deyil. Ailəmin onunla münasibəti həmişə bir sirr olaraq qalardı. Onunla olan bu yaxın münasibətimiz haqqında qətiyyən danışmazdıq, qadağan idi.

Ama hamı bilirdi...

    - Bəli... Hər gün qəzetlərin birinci səhifəsində atamın onunla birgə şəkilləri dərc olunurdu. Biz böyük bir ailə kimi idik. Bütün tədbirlərdə iştirak edərək, İraqı təmsil etməliydik.

Nə üçün?

    - Səddam çox çətin bir uşaqlıq yaşamışdı. İstismara məruz qalır, ögey atası tərəfindən dəfələrlə döyülür, əldən salınır. Doqquz yaşına qədər məktəbə göndərilmir. Mənim ailəmin isə siyasi və hərbi tarixi olmasa da, soylu - köklü bir ailə idi. Səddam üçün biz ölkəsinin "sosial üzü” kimiydik. Onun yanında olmamıza səbəb də bu idi. Dünyanın bir çox ölkələrinə səyahətlər edirdik. Tədbirlərə, məclislərə qatılırdıq və Səddamın yanında ölkənin elit təbəqəsi olaraq İraqı təmsil edirdik. Amma kitabı yazma səbəbim bu deyil, bundan da dərindi...

 Nədir?

    - Mən bir qadın aktivist olaraq çalışmağa başlayanda dünyanın fərqli yerlərində bir çox qadınla görüşdüm. Onlara həmişə "sirr saxlamayın, söyləmək istədiklərinizi söyləyin, haqqınızı tələb edin” deyəndə öz sirrimi saxlayırdım. Konqoda olduğum zaman qızına da, özünə də təcavüz olunan bir ana ilə tanış oldum. Başına gələnləri ağlaya - ağlaya danışdı və belə dedi: "Əgər nələrə məruz qaldığımı bütün dünyaya danışa biləcək imkanım olsaydı, danışardım. Bəlkə o zaman başqa qadınlar mənim yaşadığım acıları yaşamazdı”. Bunu dediyi anda özümdən çox utandım. Onun kimi təhsilsiz deyildim, evsiz və ya yoxsul da deyildim. Mənim imkanlarım var idi, "elit” idim. Lakin öz hekayəmi heç vaxt danışmırdım. Utanırdım. Anamın zoruyla istəmədiyim adamla evləndirilmişdim. Üstəlik, təcavüzə məruz qalmışdım. Cibimdə çox az pulla 20 yaşında evi tərk etmişdim və utanc içindəydim. Bütün bunları illərlə içimdə saxladım, danışa bilmədim. Lakin bu qadın danışırdı. Mənim iki seçimim var idi. Ya yaxşı bir təhsilin, gözəl geyimlərin arxasına gizlənib yapmacıq sözlərlə həqiqəti heç kimə deməyəcəkdim, ya da eyni bu qadın kimi hər şeyi bütün çılpaqlığıyla hayqıracaqdım!

Və ikincini seçdiniz...

    - Bəli. Amma çox çətin oldu. Çünki həyatın boyunca ailən sənə bunu etməməli olduğunu deyib. Ona görə bu kitab bildiyim və öyrəndiyim hər şeyə qarşı bir manifest idi. Sükutumu pozdum, özümün və ailəmin hekayəsini yazdım. Əgər bunu mən yazmasam, tarix özü istədiyi kimi yazacaqdı. Halbuki biz də Səddamdan qorxan insanlar idik. Bu kitabı yazmasaydım, heç vaxt azad olmayacaqdım.

Anam dəfələrlə intihara cəhd etdi.

    - Anam çox azad ruhlu bir qadın idi. Mənə həmişə "Zeynəb, dünyaya gül ki, dünya da sənə gülsün” deyərdi. 70 - 80 - ci illərdə bizim evdə əyləncə gecələri təşkil olunardı, anam həmişə rəqs edərdi. Səddam rejimiylə bərabər kənardan baxanda sosial həyatı rəngarəng biri kimi görünməsinə baxmayaraq, tez - tez intihara cəhd edən qadına çevrilmişdi. Dəfələrlə anamın özünü öldürmək istəməsinin şahidi olmuşam. Qızıl qəfəsdəki məhkum kimi idi. Lüks içində yaşayırdıq, düzdü, amma həm də qorxu içindəydik. Çünki Səddam ən yaxın dostunu onunla eyni fikirdə olmadığı üçün öldürtmüşdü. Digər yandan onunla yaxın olduğumuz üçün insanlar da onun tərəfində olduğumuzu düşünürdü. Qısacası, iki dünya arasında sıxışıb qalmışdıq.

 Bəs atanız?

    - Atama uzun müddət hirsli idim. Davamlı ordan ora köçürdük. Anam qaçmağımızı çox istəyirdi, amma o qəbul etmirdi. Özünə sığışdırmırdı. İllər sonra özünə görə haqlı səbəbləri olduğunu öyrəndim.

Dəyişim və inkişafın öncülləri qadınlar olacaq!

Ərəb dünyasına geri dönüşünüz necə oldu?

    - Hardasa 20 il sonra dönməyə qərar verdim. İraqda bir ofis açdım və bölgədəki qadınlarla görüşdüm. Ərəb qadınları üçün televiziya proqramı hazırlamağa başladım. Ərəb qadınlarına səsləndim. Təbii ki, bölgədəki dəyişimin və inkişafın öncülləri onlar olacaq. Oprah Winfrey mənə dəstək oldu. Qonağım oldu. Hazırladığım proqramda da qadınlara "Ayağa qalxın” deyirəm. Müsəlman qadınlara qurban olmadıqlarını anlatmağa çalışıram.

İraq Səddamdan sonra Səddamı axtaracaq hala gəldi.

 

 

        - Kitabda İraq xalqının müəyyənləşdirdiyi 3 dövrdən söhbət gedir. 70-ci illər Səddamla tanışlıq, 80 - ci illər Səddama dözmək, 90 - cı illərdə isə hesab ödəmə illəri...

Siz hər birinə şahid olduz?

    - Bəli. Artıqlamasıyla hesab ödədim. Ailəm daha da çox. 70 - lər azadlıq dönəmi idi. 80 - lərdə azadlıq yox idi, amma rifah var idi. Səddam insanları pulla mükafatlandırırdı. Evlər, maşınlar... 90- lardan sonra artıq bu bolluq bitdi, çünki sistem artıq çökməyə başladı. Dinçilik və bölücülük artdı. Həmin o dönəm mənim İraqlı bir bankirlə evləndirilib Amerikaya göndərildiyim vaxtlar idi. İllər sonra təkrar geri döndüyümdə İraq sekulyar dövlət olmaqdan çıxıb ifrat dinçiliyə dönmüş və ikiyə bölünmüşdü. Səddam ürəklərdə yer almış qaranlıq bir bulud idi sanki...

 Bəs Amerikanın işğalı?

    - Əvvəl hamı elə bildi ki, Amerika yaraları sağaldacaq, dəstək olacaq. Kərbəlada bir qadınla reportaj etdim o vaxt. "İndi yaşadıqlarınızmı, yoxsa Səddamın zamanımı daha dəhşətlidir?” deyə soruşdum. Mənə dərs olacaq bir cavab verdi: "Səddam bizə təhlükəsizlik verirdi, amma azadlığımızı əlimizdən almışdı. Amerikalılar azadlıq verir, amma təhlükəsizliyimiz yoxdu! Təhlükəsizlik və azadlıq arasında seçim etməli olsam, təhlükəsizliyi seçərdim!”

Bəs Səddamdan sonra?

    - Ölkə tamamilə çökdü və insanlar nə acı ki, Səddam haqqında təkrar müsbət düşünməyə başladılar. Sonra da İŞİD gəldi və ölkəni lap dibə batırdı. Lakin mən yenə də pessimist deyiləm. İraq bu gün Səddamdan çox daha başqa yeni bir varoluş, yeni bir dəyər sistemi inşa etməyə çalışır.

Qadınlar! Hüquqlarınız üçün mübarizə aparın!

Bu kitabın qadınlara hansı mesajı verməsini istəyirsiz?

    - Həqiqəti deyək, yoxsa biz də cinayətə ortaq olmuş oluruq! İstismarı gizlətdikcə, daha da artmasına izn vermiş oluruq. Danışsaq və bu səssizliyi pozsaq – düzdü, bəlkə başda acı çəkmiş olarıq, bəlkə bəziləri bizi mühakimə edər, bəziləri bizdən utanar, lakin bu gedişatı pozmuş olarıq! Biz qadınlar bir istismar çarxının içinə həbs edilmiş durumdayıq, özümüzü ifadə etməyimizdən, azadlığımıza, cinsiyyətimizə qədər hər anlamda nəzarət altındayıq. Artıq bunlar üçün mübarizə aparmaq, ayağa qalxmaq lazımdı.

20 yaşımda İraqlı bir bankirlə evləndirildim və hər gün cinsi zorakılığa (istismara) məruz qaldım.

Ananız niyə erkən yaşda evlənməyinizi istədi?

    - Elə mən də bunu illərlə bağışlaya bilmədim. Anam mənim üçün feminizmin tərifi idi. Hələ yeniyetməlik çağlarında ikən qadın haqlarına dair bir çox kitab oxumağımı təmin etmişdi. 14-15 yaşında çiynimdən tutub silkələyərək "Heç vaxt bir kişinin sənə zərər verəcək şəkildə toxunmasına icazə vermə!” deyə xəbərdarlıq etmişdi. Mənə necə yemək bişirmək və ya təmizlik etmək lazım olduğunu öyrətməkdən hər zaman qaçdı. Sırf qadın olduğum üçün bunları öyrənməli olduğuma inanmırdı. Lakin həmin o qadın, mənim anam 19 yaşıma çatdığımda məni Amerikada yaşayan bir bankirlə evlənməyə məcbur etdi. Çox ağladı, yalvardı və sonunda istədiyinə nail oldu. Tez tələsik evləndirildim və Amerikaya köçdüm.

Doqquz il ailəmdən ayrı qaldım

Sonra?

    - Ailəm dərhal geri döndü. O sırada Səddam Küveyti işğal etdi və sərhədlər bağlandı. Doqquz il boyunca ailəmlə əlaqə qura bilmədim. Anama çox hirsli idim. Həyatda ən sevdiyim, ən güvəndiyim insan həyatımı məhv etmişdi. Nikahım kağız üzərində qanuni idi və həyat yoldaşım olan o insan tərəfindən hər gün cinsi təcavüz və şiddətə məruz qalırdım.

Bəs ailənizin dəstəyi olmadan necə xilas olduz?

    - Qaçdım. Əynimdə bahalı paltarlarım var idi, amma cibimdə heç pulum yox idi. Ortada qalmışdım. Köçkünlər bürosuna gedib pasportumu verib: "Ölkəmə geri qayıda bilmirəm, ailəmlə əlaqə saxlaya bilmirəm, siz deyin mən nə etməliyəm?!” dedim. Qarşımdakı vəzifəli xanım halımı başa düşdü və iki saat sonra mənə işləmək üçün icazə verildi. Beləcə, 20 yaşında həyatımı sıfırdan təkrar qurdum. Təkrar ailə qurdum. Özümü yer üzündəki qadınların həyatlarını daha yaxşı şərtlərdə yaşamalarına həsr etdim.

Məni qorumaq üçün edib

Bəs ananız? Onu sonra görə bildiz?

    - Bəli. Doqquz il sonra Amerikaya gəldi. "Mənə bunu niyə etdin?” deyə soruşdum. Xəstə idi o vaxt, səsi çıxmırdı, yazaraq cavab verdi. "Səni qorumaq üçün!” dedi və mənə o zamanlarda yaşadıqları təzyiqlərdən danışdı. Təbii ki, anamı bağışladım. Sonra qəfildən vəfat etdi heyf ki...

Kitabdan...

Özünü Hammurabidən üstün görürdü!

     - Səddamın meqalomanlığı və terroru Hitler və Stalinlə qarşılaşdırılır. Mənə elə gəlirdi ki, bu, onun ürəyindən idi. Çünki bəzən yeməkdən sonra kitab oxumaq istəsə, xidmətçisi servis arabasının üstündə kitablar gətirərdi. Həmin kitabların içində Stalin və Hitlerin həyatına dair kitablar görmüşdüm. Ayrıca söhbətlər edən zaman tez - tez ərəblər üçün önəmli olan şəxsiyyətlərdən Səlahəddin Eyyubi və ya Mesopotomiya hökmdarı Hammurabidən bəhs edərdi. Özünü onlarla müqayisə edər, hətta onlardan üstün görərdi.

Yaddaşını sil!

Ananız niyə sizə "yaddaşını belə sil! O, sənin nə hiss etdiyini, nə düşündüyünü gözlərindən oxuyar” deyirdi?

    - Çünki elə idi. Anam həmişə bərk-bərk Səddamın gözlərinə baxmamağımızı tapşırardı. O qədər böyük qorxu işləmişdi içinə. Ayrıca "O gülümsəyəndə sən də mütləq gülümsə, o ağlayanda isə ağla!” deyərdi.

Nələrə misal üçün?

    - Ölkə haqqında danışıqlar edəndə... Çıxışlarının məşqinin bir hissəsi bizim gözümüzün önündə olardı.

Bəs bu qədər stressli bir həyatın içində qadınlara ayıracaq vaxtı hardan tapırdı?

    - Əksinə, bunun kişilər üçün testosteron artırıcı bir tərəfi olduğunu düşünürəm. Həddindən çox qadınla birlikdə olurdu. İstədiyi qadını kiminlə evli olursa olsun əldə edirdi. Məclislərində həmişə fahişələr olardı. Kişilər fahişələrlə başını qatsın, o da onların həyat yoldaşlarıyla birlikdə ola bilsin deyə.

Təşkilatı qurduğumda hamı mənə gülürdü. AMMA ÖHDƏSİNDƏN GƏLDİM

 

 

 "Women for Women İnternational” ı nə vaxt qurdunuz?

    - Amerikaya gəldiyimin üçüncü ilində. İraqda olanda görə bildiklərim sadəcə İraqla məhdud idi. Amerikada isə ilk dəfə Bosniyadakı müharibə və müharibədəki düşərgələr haqqında məlumatım oldu. Daha öncə bunlar haqqında heç bir informasiyam yox idi. O zaman ordakı qadınlar üçün bir şeylər etməli olduğumu anladım. İraqda azad deyildim, amma Amerikada sözümü deyə biləcək qədər azad idim və bunu dəyərləndirməli idim. Hərçənd ki, bu təşkilatı qurduğumda hamı mənə gülürdü. Nəhayətində İraqdan gəlmiş bir köçkün idim, müsəlman idim, ingilis dili ikinci dilim idi. Düz əməlli pulum da yox idi. Başlayanda 32 qadın üçün pul topladım. Xorvatiya sərhəddinə getdim və yığdığım pulları Bosniyalı köçkünlərə payladım. 12 il sonra minlərlə qadına yardım edə biləcəyim milyon dollarlıq bir təşkilatın başında idim. Ruanda, Konqo, Kosovo, İraq, Əfqanıstan kimi bir çox ölkələri gəzib dolandım. Sadəcə pul yox, ordakı qadınlara iş imkanı yarada bilmək, ümid vermək üçün çalışdım, çabaladım. Hələ də çabalayıram. Amma bütün bunları edərkən öz həyatımla bağlı çox səssiz qalmışdım. Bu sükutu pozmaq üçün də bu kitabı yazdım.

Bir ölkəni anlamaq istəyirsizsə, ilk öncə qadınlarına baxın.

    - Əgər bir ölkədəki siyasi vəziyyəti anlamaq istəyirsizsə, qadınlarının yaşamaq məcburiyyətində olduqlarına baxın. İraqda bir zamanlar hər şey quraşdırılmış illüziyadan ibarət idi. Hərçənd, hamımız qorxunun əsarəti altında idik və bundan ən çox qadınlar əziyyət çəkirdi. Hər yerdə olduğu kimi...
 
 
 

Hurriyet.com

Çevirdi: Günel Dəniz