Seminarların birində arxa sırada bir xanım əyləşmişdi. Mövzumuz natiqliklə bağlı olsa da auditoriya ilə bir neçə dəqiqə qadınlar haqqında müzakirəmiz oldu. Bu zaman mən "deyirlər qadının ağlı hinduşka ağlıdır, siz bununla razısız?" dedim.
Auditoriya gülsə də maraqlı müzakirə alındı, ancaq işin ən maraqlı tərəfini sonda öyrənmiş oldum. Mən "hinduşka" məsələsini zarafatca deyən zaman fikir verdim ki, auditoriyada bir xanımın gözləri doldu. Elə həmin xanım seminardan sonra yaxınlaşıb başına gələn hadisəni danışdı. Xanım (tibb təhsili alıb) ailə qurduqdan sonra yoldaşı tərəfindən "ağlın hinduşka ağlıdır, sən bacaran deyilsən, qadınsan öl, otur evində, yemək bişir" və.s alçaldıcı cümlələri ilə psixoloji zorakılığa məruz qalıb. Evliliklərindən 7 ay (yoldaşının təzyiqlərinə rəğmən) sonra boşanıblar. Boşanma müddəti yaxınlaşan zaman xanıma iş üçün müraciət etdiyi Macarıstandan müsbət xəbər gəlib. Bundan sonra yoldaşı nə qədər "dil töksə də" xanım qərarından dönməyib. İndi Macarıstanda 3-4 min dollar arası maaş alır və artıq ailəsi (ata və anası) ilə birdəfəlik ora köçməyi planlayır. Çox bilikli, düşüncəli və pozitiv xanım idi. Yaxşı ki, ona edilən haqsızlığa susmayıb və həyatını qurmağa başlayıb.
Ölkə olaraq "evləndir düzələcək" prinsipindən əziyyət çəkirik və insanlar könüllü formada deyil, "onsuz da evlənməliyəm də” düşüncəsi ilə özlərini oda atırlar. Azərbaycanda toplum üçün, ölkə üçün faydalı olacaq o qədər belə bilikli qadınlar var ki, bax belə mənasız şeylərə görə həyatları məhv olur. Nəysə ki, o xanım istəklərinə nail oldu. Bəlkə də illər sonra bizim fəxrimiz olacaq.
Yazdı: Orxan Şahbaz
Qadinkimi.com