YAZI / DÜŞÜNCƏ, UŞAQ / BÖYÜK
Qadına necə baxdımsa susdu Tarix : 06 İyul 2021, 15:33

Yəqin çoxları şahid olub. Çünki bizdə adi haldır: Avtobusa minən kimi göz fırlayıb oturan bir cavana tərəf basıb keçən yaşlıları, xesusən də qadınları çox görmüşük.

Və vay o gündən bu cavan ayağa qalxıb, ona yer verməyə.”İndiki cavanlar...” nitqi başlayır. Təbii o saat bunu gözləyirmiş kimi bir – iki nəfər də ona səs verir. Bu dəfə də elə oldu. Yəni ayaq üstə dayanmaq üçün çox qoca olmasa da, oturan qızın az qala təpəsinə çıxdı: Kordular indikilər. Tərbiyələri yoxdur və s.

 

Başının üstündə dayanmaq üçün şığıyaraq gəldiyi 17 – 18 yaşlı qız telefonuna baxırdı. Bu da bir səbəbdi gəncləri qınamaq üçün. Üstünə yağan sözlərin ağırlığındanmı, ya bu qədər adamın arasında məruz qaldığı təhqirlərdənmi qız ayağa durmadı, özünü itirdi, amma "bağışlayın, görmədim” dedi. Ah, bu "görmədim”... Qadın və ona qol – qanad verənlər bir az da coşdu, ailə müzakirəsi başladı. Əsəblərim gərilir belə anlarda. Gözücü qıza baxdım, əlləri əsirdi. Çox vaxt olduğu kimi indi də dözmədim: Sizin nə ixtiyarınız var, onu yerindən qaldırmağa? Bəlkə səbəbi var? Cavanlar bizdən yorğundu indi. Bu qədər adamın arasında təhqir etməyə, ümumiyyətlə, şəxsiyyətinə toxunmağa nə ixtiyarınız var? – dedim. Mən də coşdum.

 

Qadın "elə sənin kimilər bunları bu günə qoyub” deyə du dəfə mənə kökləndi, yəni hədəfə aldı. Mənsə onun çox da anlamayacağı tərəfdən yanaşdım məsələyə: "Bir gəncə bu qədər stress yaşatmağa nə haqqınız var? Bu mənəvi terrordu. O sizdən şikayətçi ola bilər. Və sizə cəza düşür” sözlərim qadını çaşdırdı. Düzdür, məni gözləyirmiş kimi bir – neçə nəfər də dilləndi. Nəsə demək istəyən qadına "Haqlısız, məni kimilər bunlara yaxşı tərbiyə verməyib. Gərək elə edək ki, sizin kimiləri o dəqiqə ictimai nəqliyyatdan itələyib aşağı salsınlar” deyərək söhbətə qələbəylə yekun vurdum. Təsadüfən nəqliyyatda məzunum vardı. Səsimi tanıyıb yanıma gəlmişdi. Susurdu. Birdən əsəbi halda yenə nəsə demək istəyən qadına "Siz onu tanımırsız, hamıya nümunə olacaq biridir. Bir kəlmə də desəz, onun sözlərinə əməl edəcəm” – dedi. Çox ciddi şəkildə hədələdi yəni. Qadına necə baxdımsa, susdu.

 


P.S. Bəlkə məni qınayanlar olacaq. Yaşlılara hörmətsizlik edin, yer verməyin demirəm. Mənə də yer verəndə xoş olur. Amma cavanları da düşünürəm, başlarının üstünü kəsdirmirəm, özümü görməzliyə vururam. Axı, nəqliyyatda gedən gənclər də yorğun ola bilər. Bəlkə həvəsi yoxdu ayaq üstə dayanmağa?
Axı hörmət də, anlayış da qarşılıqlı olmalıdı. Elə deyil?
 
 
 
 
 

Kamalə Abiyeva
qadinkimi.com