Devizi "Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru” olan yeni bir ictimai birlik yaradılıb. "Qadın və Uşaq Akademiyası” İctimai Birliyinin təsisçisi jurnalist Sevinc Fədaidi. Sevinc xanım yaratdığı təşkilat haqda bunları deyib: "Birliyin fəaliyyətinin əsas məqsədi qadın və uşaqları maarifləndirmək, onların yanında olaraq öz güclərini, bacarıqlarını kəşf etməyə dəstək olmaq, üzləşdikləri çətinliklər nəticəsində aldıqları travmanı birlikdə dəf etmək, o zədələri övladlarına, gələcəyə ötürməməyə yardımçı olmaqdır. Birlik bu məqsədlə daha çox bölgələrdə yaşayan qadın və uşaqların köməyinə çatmağı nəzərdə tutur. Həmin qadınların addım-addım cəmiyyətə inteqrasiyasını görmək, özünə, ailəsinə, üzvü olduğu topluma fayda verərək özünəinam, özgüvən qazanması, qadın azadlığını sağlam şəkildə dərk etməsi bizim üçün ən böyük töhfə olacaq".
Xatırladaq ki, Sevinc Fədai qadın problemləri ilə bağlı yazdığı məqalələrlə tanınır. O davamlı olaraq qadının psixoloji, mənəvi, sosial problemlərini gündəmdə saxlayır və həmin problemlərə öz mövqeyini bildirir.
"Cəmiyyətimizdə, ailələrimizdə fiziki, psixoloji, mənəvi şiddətə "Yox” deyir, bu günün insanıyla – güclü, mübariz, sağlam düşüncəli, dünyagörüşlü, özünə dəyər verən qızıyla, anasıyla, oğluyla, atasıyla əl-ələ verib gələcəyimiz üçün zədəsiz, yarasız, aydın, xoşbəxt uşaqlar yetişdirə biləcəyimizə ümid edirik. Bir toplumun qadını sağlam və xoşbəxtdirsə, o cəmiyyət xoşbəxtdir, demək. Bu amalla yola çıxıb qadınlarımıza dəstək olan xanımlarımız, təşkilatlarımız var, amma bir vətəndaş olaraq hər birimiz bu yolda əlimizdən gələni əsirgəməməliyik". Birliyin yaranma səbəbini də təsisçi elə bu məqsədə bağlı olduğunu deyib. Həyatı çətinliklərlə, çıxılmaz vəziyyətlərlə zəhərlənən qadınlara dəstək olacaqlarını vurğulayıb. Qeyd edək ki, 29 sentyabr tarixi saat 12:00 da Beynəlxalq Mətbuat Mərkəzində yeni yaranan qurumun təqdimat mərasimi olacaq.