- Qağayıdır o, qağayı...
- Qadın səsinə bənzəyir. Sanki əzab çəkir!
- Qağayılar həmişə belədir. Anton Çexovun "Qağayı” pyesi, hətta onun əsasında 4 pərdəli teatr tamaşası var. Olduqca maraqlıdır. Orada Nina obrazında qağayının dəniz, göl sevgisindən, köksündən yara almasından, eşq əzabından bəhs edilir. Buna görə pyesin adı "Qağayı”dır.
- Qadın da belədir də... Yaralandıqca sevir, sevdikcə yaralanır. Böyük eşqə tutulanda isə qağayı kimi ondan əl çəkə bilmir. Düşünür ki, həyatından göl keçdi, dəniz də oldu, indi isə okean tapıb, bundan sonra hansı böyük su hövzəsi olmalıdır ki, onun başına dolansın?!
- Dediklərin mənə Fyodor Dostoyevskinin həyat yoldaşı Anna Qriqoryevnanı xatırlatdı. Əri öldükdən sonra eynilə sənin kimi düşünür. Deyir ki: "Dostoyevski daha yoxdur! Yaxşı, bundan sonra necə bir kişi sevməliyəm ki, ən azı ona bərabər olsun. İndi elə kişi haradan tapım?! Lev Tolstoy var, amma o, evlidir. Dostoyevski idi, o da öldü!”
Təəccübdən gözüm genişlənir, üzümə dərin məyusluq, sonu görünməyən ümidsizlik yayılır. İkimiz də susuruq. İndi qağayı səsi qulağıma fərqli gəlir. Elə bil israrla sonsuz labirintləri, lay-lay qatları açmağın mesajını verir.
O, fikrini tamamlamamış, gözlərini uzağa zilləyib nəsə düşünür. Mən isə belə havada qağayının rəqs edirmiş kimi pəncərənin önündə süzməyini maraqla izləyirəm. Şahidi olduğum mənzərə düşündürür, xəyala qərq edir, uzaqlara aparır, özümə etiraf edə bilmədiklərimi beynimdə çəkib çevirməyə vadar edir. Bu məqamda küləklə yağışın bir-birini döyürmüş kimi ora-bura çırpılması diqqət çəkir. Biri şiddətləndikcə, digəri daha da artır. Elə bilirsən ki, iki çılğın sevgili növbəti davalarından birini edir.
Bu dəfə kimin kimi məğlub edəcəyi ilə bağlı sanki bəhsə giriblər. İkisi də nə qədər gücü varsa sərgiləyir. Hə, çöldəki hava eyni buna bənzəyirdi. Onlar özlərini şüşəyə çırpdıqca, bayaqdan gələn səslər artıq eşidilməməyə başlanmışdı.
Xeyli vaxtdır susan Zülfü Livaneliyə üzümü çevirirəm. Təbəssümü ilə sükutu pozur. Anna Qriqoryevna haqda danışdıqlarına davam edir.
Anna Fyodor Dostoyevskinin həyat yoldaşı, ya da, bəlkə tək mənası və ya kainatın mərkəzi idi. Bu qadın yazıçının həyatının çətin məqamında onun qarşısında çıxmışdı. Gənc, balaca bir stenoqramçı idi. Dostoyevski "Qumarbaz” romanını demək olar ki, cılız, 20 yaşlı bu qızın köməyi ilə, özü də 29 gündə yazıb. Sadəcə diktə edib və qız onun dediklərini yazıya alıb. İşin sonunda Dostoyevski Anna ilə üz-üzə oturub və deyib: "Anna, əgər bu yaşlı adam (onda Dostoyevskinin cəmi 46 yaşı vardı, amma artıq özünü qoca sayırdı) gənc qıza vurulsaydı və ona evlənmək təklifi etsəydi, sən buna necə baxardın?” Anna cavab verir: "Mən xoşbəxt olardım və bir an belə düşünmədən bu yazıçıya bütün həyatımı həsr etməyə hazır olardım...”
Üç ay sonra evlənirlər. Evliliklərinin ilk illəri Dostoyevskinin qumara olan düşkünlüyü ucbatından sarsıntılı keçir. Annanın qızıllarını, nişan üzüyünü girov qoyur. Doğrudur, sonra qadın üzüyünü geri ala bilir. Amma ağır günlər keçirirlər.
Dörd uşaqları dünyaya gəlir, bunlardan sadəcə ikisi yaşayır. Uşaqları doğulduqduqdan sonra yazıçının qumar hərisliyi nisbətən səngiyir. Hətta Anna xatirələrində belə deyirdi: "Heç bir şey Fyodorla ilk dəfə qarşılaşdığım vaxt yazıq, zavallı görüntüsünü tərif edə bilməz. Fikirləri qarışıq, yalnız, əsəbi, aciz və xəstə kimi görünürdü”.
Kitablarının birində ərinin ona verdiyi dəyərdən isə ağız dolusu danışırdı: "Elə diqqət çəkən gözəlliyim yox idi. Nə xüsusi qabiliyyətim, nə qeyri-adi fikirlərim, nə də fərqli zəkam vardı, sadəcə orta təhsil almışdım. Bunun qarşılığında ağıllı, istedadlı, bacarıqlı kişidən böyük sayğı görür və hardasa onun mənə səcdə etdiyinə şahid olurdum”. Hə, Anna fərqində deyildi, amma dahi yazıçı onu hər zaman ən böyük dəstəkçisi, ən uğurlu əsərlərinin ərsəyə gəlməsində yanında olan yeganə qadın sayırdı. Heç kimin dərk etmədiyi qədər onu anlamışdı.
Qadın eşqdə güclü tərəfdir, sirdir, sehirdir, üzdükcə üzə biləcəyin, dibinə gedib çıxa bilmədiyin ən duru dərinlikdir. Dostoyevski kimi ruhu kirli, həyatı dağınıq, içkidən, qumardan başı açılmayan kişinin ən böyük səadəti idi, Anna. Dahinin xilaskarı o, onun bəxş etdiyi sevgi idi.
Hətta evləndikdən sonra da yazıçının keçmiş sevgililərindən məktublar gəlirdi. Belə məktublardan biri toy səyahəti zamanı Annanın əlinə keçmişdi. Bu, onun qəlbinə qısqanclıq, qorxu qığılcımları salmışdı və iztirablarını kağıza bu cür köçürmüşdü: "Məktubu oxuyanda elə həyəcanlandım ki, bilmədim nə edim. Mən tir-tir əsirdim, uçuna-uçuna ağlayırdım. Qorxurdum ki, köhnə bağlılıqları yenilənər və onun mənə olan sevgisi ötüb keçər. İlahi, belə bir bədbəxtliyi mənə göstərmə!”
Doğrudur, Dostoyevski həmin məktubları oxuyanda əlləri əsir, gözləri yaşla dolurdu. Ancaq geri qayıtmaq heç ağlına da gəlmirdi. Çünki Anna Qriqoryevna onun həm dostu, həm ilk oxucusu və tənqidçisi, məsləhətçisi olmuşdu, ömrünün sonunadək hər işdə, hər əməldə yazıçının qoruyucu mələyinə çevrilmişdi. Məişət məsələlərindən qətiyyən başı çıxmayan, sadəlövh və tez inanan, istənilən xahişə etirazsız hay verən Fyodor bütün qayğılarını Anna Qriqoryevnaya həvalə etmişdi.
Daha doğrusu, Anna bu yükü özü boynuna götürmüşdü. Bu fədakar qadın iradəli xarakteri sayəsində yazıçının həyatında ilk dəfə olaraq maddi problemlərini yüngülləşdirə bilmişdi. Hətta Annanın sayəsində o zamanadək qarşısıalınmaz istəyi olan qumardan da xilas ola bilmişdi.
Təmkin və səbrlə dəhşətli epilepsiya tutmalarında sevdiyi kişiyə dəstək olur, sürgün zamanı işgəncələrdən pozulmuş səhhətinin yaxşılaşması üçün inadla səy göstərirdi. Dostoyevski gözlərini əbədi yumanda Anna Qriqoryevnanın 35 yaşı var idi. O, ömrünün sonunadək Fyodor Mixayloviçin muzeyinin təşkili, əsərlərinin nəşri ilə məşğul oldu və bir daha heç vaxt ərə getmədi.
Qadın və qağayı... İndi aralarındakı körpünü daha dəqiq görə bilirdim.
... Həmin gün yağış kəsmədi, eləcə yağdı, yağdı, yağdı. Biz isə qəhvə içə-içə söhbətə İstanbulla davam etdik!
Türkan Turan
qadinkimi.com