Rusiyada ilk dəfə "qadın sünnəti”nə görə məhkəmə keçirilə bilər
Fatimə "Aybolit"ə qarşı
Rusiyada "qadın sünnət”inə görə ilk dəfə məsuliyyətə cəlb edə bilərlər – ən azından zərif cinsin nümayəndələrini əlil edən bu əməliyyatın keçirilməsi ilə bağlı real sübutların və aşkar şəkildə məhkəməyə müraciət etmiş iddiaçının olduğu ilk presedent yaranıb.
Diana Petriaşvili, Mediaset
Rusiya hüquq müdafiəçiləri "qadın sünnəti” ilə bağlı növbəti faktı araşdırmağı tələb edirlər. Cinsiyyət orqanlarında aparılan və qadınları
əlil edən bu əməliyyat çox ağrılı, təhlükəli və qeyri-qanunidir. Əməliyyata Rusiyanın tərkibində olan İnquşetiya Respublikasında 9 yaşlı qız məruz qalıb. Bu, belə əməliyyatlarla bağlı ilk hadisə deyil. Əvəzində məhkəməyə müraciət etməyə hazır iddiaçının və əməliyyatın keçirilməsini sübuta yetirən dəlillərin olduğu ilk işdir.
9 yaşlı qızı yanında qonaq olduğu atası aldadaraq bu əməliyyata aparıb (qızın valideynləri çoxdan boşanıb, o, anası ilə birgə Çeçenistanda yaşayır və bəzən qonşu İnquşetiyada atasının ailəsinin yanında qalır). Hadisə 2019-cu ilin iyununda baş verib.
"Əməliyyatı ananın xəbəri olmadan ediblər. Atası sadəcə deyib ki, uşaqları evinə qonaq aparır. Ertəsi gün böyük övlad, qızın qardaşı anasına zəng edib və bacısının başına gələnləri ona danışıb”, – zərərçəkənin qohumu Seda N. "Kavkazski uzel”ə bildirib.
O söyləyib ki, qadınları əlil edən bu əməliyyat uşağa böyük zərər verib – qız həkimlərdən dəhşətli şəkildə qorxur, görünür, əməlli-başlı travma alıb.
Digər müstəqil nəşr "Daptar” da Seda N.-in sözlərinə əsaslanır. "O, canını qurtarmağa çalışıb, ağlayıb, nənəsini, ya da anasını çağırmaları, onlara zəng etmələri üçün yalvarıb. Qızı heç kim dinləməyib, bu zaman o, panika vəziyyətində əlləri və ayaqları ilə özünü müdafiə etməyə başlayıb. İki yetkin qadın, həkim və analığı dəhşətdən ağlını itirmiş uşağın öhdəsindən gələ bilməyib. Onda daha bir qadın, görünür, klinikanın əməkdaşı köməyə tələsib və o, təpikləməməsi üçün Madinanın ayaqlarından yapışıb, analığı çabalayan qızın əllərindən bərk-bərk tutub, Nalgiyeva isə əməliyyata başlayıb”, – "Daptar” yazır. Bu nəşr qeyd edir ki, şəxsi klinika əməliyyatı 9 yaşlı uşağın qohumlarından hər hansı birinin razılığı olmadan həyata keçirib: hətta qızın atası hüquqi cəhətdən onun qohumu deyil, çünki anası ilə rəsmi şəkildə evli olmayıb və adı Madinanın doğum haqqında şəhadətnaməsində qeyd edilməyib.
Zərərçəkmiş uşağın anası (jurnalistlər onu Fatimə adlandırırlar) məhkəməyə müraciət edib. Ona "Hüquq təşəbbüsü” qeyri-hökumət təşkilatının vəkilləri hüquqi dəstək göstərir. "Bu hələ ki, birincisi, zərərçəkənin nümayəndəsinin hüquq-mühafizə və məhkəmə orqanlarına şikayət etməyə hazır olduğu, ikincisi, belə əməliyyatların klinikada keçirildiyi və məhz rəhbərliyin, həkimlərin, kiçik tibb heyətinin təşkil etdiyi ilk işdir”, – Tatyana Savvina qeyd edib.
"Kavkazski uzel” Maqas şəhərindəki şəxsi klinika ilə əlaqə saxlayıb. Zərərçəkən uşağın dediyinə görə, əməliyyat məhz orda həyata keçirilib. Klinikanın əməkdaşlarından biri bəyan edib ki, tibbi müəssisə heç vaxt "qadın sünnəti” etməyib:
"Biz belə əməliyyatlar keçirmirik. Əvvəllər də keçirməmişik. Profilimiz deyil”. Lakin Seda N.-in əlində klinika ilə yazışmanın skrinşotları var. Həmin yazılarda bu əməliyyat haqda deyilir və onu edən həkimin adı çəkilir.
Mayın 12-də "Hüquqi təşəbbüs”ün hüquqşünasları İnquşetiyanın regional İstintaq idarəsinə rəsmi müraciət göndərib. Həmin müraciətdə Maqasda yerləşən müalicə-diaqnostika mərkəzini yoxlamaq xahiş olunur. Adı "Aybolit” olan bu mərkəz mediada tez-tez xatırlanır. Klinikada bu cür əməliyyatların keçirilməsi faktı təsdiqlənərsə, cinayət məsuliyyətinə təkcə onu gerçəkləşdirən həkimlər və tibb heyəti deyil, həm də rəhbərlik cəlb olunmalıdır.
Cinayət haqqında ərizəyə maksimal baxış müddəti 30 gündür. "İstintaq komitəsi ərizəmizdə göstərilmiş faktlar üzrə əlavə istintaq yoxlaması aparmalı və ya cinayət işinin qaldırılması, ya da rədd edilməsi haqda qərar qəbul etməlidir. Əgər Rusiyada adekvat istintaq aparılmazsa və cinayətkarlar cəzalandırılmazsa, biz beynəlxalq orqanlara, o cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərik”, – Tatyana Savvina deyib. Seda N. "Kavkazski uzel”in müxbirinə söyləyib ki, müstəntiqlər klinikada yoxlama aparıblar və işi Maqas məhkəməsinə ötürüblər – bundan sonra hər şey ləngiyib.
"Hakim elə-hey işə baxışı uzadır. Bunun qəsdən edilib-edilmədiyini bilmirəm, amma etinasızlıq göz qabağındadır. Nə müstəntiq, nə hakim bu hadisədə cinayət, pis bir şey, qeyi-normallıq, insan haqlarının pozulduğunu görmür. Onlar bu əməliyyatın şikəst etdiyini anlamırlar. Onların fikrincə, burda qanuni olmayan əməliyyatın icazəsiz (anaın icazəsi olmadan) həyata keçirilməsidir, icazə verilsəydi, onda heç dəhşətli bir şey də olmazdı”.
Rusiyada qızları əlil edən əməliyyatların keçirilməsi ilə bağlı artıq istintaq orqanlarına müraciətlər olub, özü də bu müraciətlər təkcə Şimali Qafqazda edilməyib. Belə ki, 2018-ci ildə müstəqil Rusiya mediası saytında jurnalistlərin "qadın sünnəti” ilə bağlı reklamı aşkarladığı Moskva klinikası haqda yazıb. Klinikanın həkimlərini və ya rəhbərliyini məsuliyyətə cəlb edə bilməyiblər.
"Rusiyada "qadın sünnəti”ni qadağan edən ayrıca norma yoxdur, lakin RF Konstitusiyasının Cinayət Məcəlləsinin sağlamlığa zərər vurma ilə bağlı 21-ci, o cümlədən 16-cı maddələrinə əsasən bu cür əməliyyatların keçirilməsi qadağandır, – Tatyana Savvina "Kavkazski uzel”ə izah edib. – Üstəlik həddi-büluğa çatmamış qızlar razılıqlarını şüurlu və könüllü şəkildə ifadə edə bilmədiklərindən "qadın sünnəti” əməliyyatının keçirilməsində RF CM-nin 132-ci maddəsində (seksual xarakterli digər əməllər) nəzərdə tutulmuş cinayətin əlamətləri var, – Tatyana Savvina bəyan edib.
O qeyd edib ki, "qadın sünnəti” zorakılıq formasıdır; şikəst edən bu əməliyyat qadın və qızların qəddar davranışa qarşı haqlarını pozur.
"Qadın sünnəti” əməliyyatı cinsiyyət orqanlarını şikəst edir ki, nəticədə zərif cinsin nümayəndələri həssaslıqlarını itirirlər. Bu cür əməliyyata məruz qalmış qadın cinsi aktdan həzz ala bilmir. Beləcə ismətli qadın obrazına zəmanət verilir. Bu barbar əməliyyatı dəstəkləyən bəzi icma ruhani liderləri belə hesab edir.
BMT və Ümumdünya Səhiyyə Təşkilatı qadın cinsiyyət orqanlarını zədələyən əməliyyatların aparılmasını dəfələrlə sağlamlıq və işgəncələrdən azad olma hüququnun pozulması adlandırıb. BMT-nin məlumatına görə, cinsiyyət orqanları bu cür zədələnən qadınların sayı 200 milyona yaxındır.
qadinkimi.com