GENDER
Qadın hüquqlarının ölkələr üzrə yeri - maraqlı faktlar Tarix : 14 Noyabr 2019, 20:20

Ölkədə fəaliyyət göstərən 32485 nəfər həkimin 66,4 faizini qadınlar təşkil edir
 
Qadınların səlahiyyətlərinin artırılması baxımından dünyada bir xeyli irəliləyiş mövcud olsa da, heç bir ölkədə gender bərabərliyini tam təmin etmək mümkün olmayıb. Bunu bu günlərdə "Qadınlar, Sülh və Təhlükəsizlik" (Women, Peace and Security – WPS) mövzusunda təqdim olunmuş hesabatın nəticələri sübut edir. Hesabat Vaşinqtondakı Corctaun Universitetinin Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutu və Oslodakı Sülh Araşdırmaları İnstitutunun alimləri tərəfindən tərtib edilib.
 
Tədqiqatçılar bir il ərzində 59 ölkədə qadınların iqtisadi şəraitini və sosial vəziyyətini araşdırmalı olublar. Məşğulluq, təhlükəsizlik, siyasi təmsilçilik və bank hesablarına giriş daxil olmaqla, bir sıra meyarlar üzrə 167 ölkədə məlumat toplanmaqla qiymətləndirmə aparılıb. WPS indeksinə görə, hazırda Norveç bu gün qadınlar üçün ən yaxşı ölkə hesab olunur. Reytinqdə ikinci yeri İsveçrə, ardınca Finlandiya, Danimarka və İslandiya tutub.
 
Yəmən isə qadın hüquqları ilə bağlı vəziyyətin "əhəmiyyətli dərəcədə pisləşdiyi" yeganə ölkədir. Bu ölkə reytinqdə, hətta Əfqanıstan, Suriya, Pakistan və Cənubi Sudandan sonra sonuncu yeri tutub. Tədqiqatçılar qeyd edirlər ki, silahlı münaqişə bölgələrində və ya təhlükəsizlik vəziyyətinin pisləşdiyi yerlərdə qadınların həyat şəraiti də pisləşir.

Hesabatda Almaniyanın, 2017-ci ildən bəri qadınların siyasətdəki təmsilçiliyinin pisləşdiyi ölkələrdən biri olduğu vurğulanır. Hazırda Almaniya parlamentinin aşağı palatası olan Bundestaqdakı qanunvericilərin, yalnız 30.9%-i qadınlardır.
 
Hesabata diqqətlə nəzər yetirdikdə, belə anlaşılır ki, qadınlarla bağlı perspektivlər, tamamilə acınacaqlı halda deyil. Belə ki, getdikcə dünyada daha çox qadın maliyyə hesablarına giriş əldə edir, qadın sahibkarların sayı çoxalır. Həmçinin bir sıra ölkələrdə ayrıseçkilik qanunları ləğv edilir, qadınların siyasətdəki təmsilçiliyi artır. Buna baxmayaraq, dünyada qadınların vəziyyətini, tamamilə yaxşılaşdırmaq üçün uzun yol qət etmək lazımdır.
 
Maraqlıdır ki, Azərbaycanda qadınlarla bağlı vəziyyət necədir? Siyasətdə, iqtisadiyyatda, idarəetmədə, hüquq sahəsində, təhsildə, səhiyyədə və s. sahələrdə qadınlarımız neçə faizlə təmsil olunurlar? Suallarımıza Dövlət Statistika Komitəsinin son hesablamalarına (2018 və 2019-cu ilin yanvar ayının 1-dək olan məlumatlar) nəzər yetirməklə AYNA tutmağa çalışdıq.  

İlk olaraq onu qeyd edək ki, Azərbaycan Respublikası əhalisinin 50,1%-ni (4999,1 nəfər) qadınlar, 49,9%-ni kişilər (4982,4 ) təşkil edir. 2018-ci ildə ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2% (2349,9) olub.
 
Ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı qadınların sayına nisbətən bir qədər çox, daha dəqiq desək, 51,8% olub.
 
İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən qadınların sayı ümumilikdə 632557 nəfər təşkil edib. Fərdi sahibkarlıqla məşğul olan qadınların sayı isə 2.7% (181273 nəfər) təşkil edib.
 
Dövlət qulluğunda çalışan qadın işçilərin sayı isə belədir: ali-3-cü təsnifatlar üzrə inzibati vəzifələrdə 428, 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə 4865, dövlət qulluğunun yardımçı vəzifələrində 2995 nəfər.
 
Yerli icra hakimiyyətlərində çalışan qadınların sayına gəldikdə, 77 müavin, 173 şöbə müdiri, 220 şöbə müdirinin müavini, 326 sektor müdiri, 1227 baş məsləhətçi, 322 böyük məsləhətçi, 855 aparıcı məsləhətçi, 1665 məsləhətçi qadındır.
 
Dövlət qulluğunda rəhbər vəzifələrdə çalışan qadınların sayı 10,2% (796 nəfər) təşkil edib. Dövlət qulluğunun yardımçı vəzifələrini tutmuş qadınların sayı belə olub: 1677 baş mütəxəssis, 608 böyük mütəxəssis, 418 aparıcı mütəxəssis, 292 mütəxəssis.
 
Ümumilikdə rəhbər vəzifədə çalışan qadınların sayı isə belədir: 1 vitse-prezident 1, 1 nazir (Naxçıvan MR-in Mədəniyyət və Turizm naziri), 6 nazir müavini, 2 dövlət komitəsi sədri, 3 dövlət komitəsi sədrinin müavini, 1 yerli icra hakimiyyəti başçısı, 79 yerli icra hakimiyyəti başçısının müavini, 2 ombudsman.
 
Azərbaycan Respublikasının məhkəmə sistemində 84 qadın hakim çalışır. Prokurorların isə cəmi 4%-i qadındır.
 
Azərbaycan Parlamentində yer tutanların 16,7%-ni (20 nəfər) qadınlar təşkil edir. Parlamentdə cəmi 2 qadın komitə sədri var.
 
Qadınların sayı kişilərdən üç fəaliyyət növündə - səhiyyə və sosial xidmətlərin göstərilməsində 55,2%, təhsildə 46,2%, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətdə 25,8% çox olub.

2018-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 35,2%-dən 36,5%-ə qədər artıb. Ümumilikdə əyani ümumi təhsil müəssisələrində çalışan qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 2,3 faiz artıb. Ümumi orta təhsil müəssisələrində və tam orta təhsil müəssisələrində çalışan qadın direktorların və direktor müavinlərinin sayı 5287 nəfər olub.
 
2018/2019-cu tədris ilinin əvvəlinə dövlət ali təhsil müəssisələrində çalışan qadın professor-müəllim heyətinin sayı 7052, qeyri-dövlət ali təhsil müəssisələrində çalışan qadın professor-müəllim heyətinin sayı isə 633 nəfər olub. 2018/2019-cu tədris ilinin əvvəlinə dövlət və qeyri-dövlət tədris müəssisələrinin növləri üzrə pedaqoji işçilərin əsas heyətindəki qadınların sayı 137416 nəfər təşkil edib.
 
2019-cu ilin əvvəlinə Azərbaycanda elmi tədqiqat və işləmələrlə, ümumilikdə 20179 mütəxəssis məşğul olub ki, bunun 8441 nəfərini qadınlar təşkil edib. Elm sahəsində 9 qadın akademik, 12 qadın müxbir üzv fəaliyyət göstərir.
 
Son hesablamalara görə, ölkədəki həkimlərin sayı, ümumilikdə 32485 nəfər təşkil edib və bunun 66,4%-i (21567 nəfər) qadınlardır.
 
Nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı 7,4% (15115 nəfər) təşkil edib.

Mənbə: ayna.az ; Rumiyyə Miraslan