İnsanlar da belədir. Bəziləri duz kimidirlər: səssiz, təvazökar, amma həyatımızın dadı-duzudur onlar. Zəfəran tək parlaq və nadir olanlara heyran qalmaq asandır; əsl müdriklik isə hər vaxt yanımızda olan, əlimiz yetən, o duz kimi sadə və əvəzsiz insanların qədrini bilməkdir.
Cəmiyyətimizdə kasıblıq çox vaxt yalnız maddi çatışmazlıqla ölçülür. Bir çoxu elə hesab edir ki, az pulu olan kasıb, çox pulu olan isə zəngindir. Lakin bu yanaşma həyatın dərin mahiyyətini əks etdirməyə kifayət etmir. Çünki kasıblıq təkcə cibdə deyil, həm də düşüncədə, qəlbdə və ruhun dərinliyindədir.
Həqiqi kasıblıq malik olduqlarımızın azlığı deyil, sahib olduqlarımıza rəğmən bitmək bilməyən narazılıq hissidir. İnsanın milyonları ola bilər, lakin bir milyarderi görəndə özünü yenə də yoxsul hiss edirsə, deməli, o, mənən kasıbdır. Bir evin var, amma qonşunun daha böyük evi səni narahat edirsə; bir maşının var, amma markası daha üstün deyil deyə əzab çəkirsənsə, bu, maddiyyatın deyil, ruhun problemidir.
Bu, tükənməz bir doyumsuzluq hissidir. Nə qədər çox olsa da, gözə az görünür. Həmişə daha çoxunu, daha yaxşısını, daha bahalısını və daha yenisini arzulayırıq. Bu, əslində pulla doldurula bilməyən daxili bir boşluğun əlamətidir.
Zənginlik - "kifayətdir" deməyi bacarmaq, əlində olanın qədrini bilməkdir. Azla xoşbəxt olmağı bacaran insan, əslində ən böyük xəzinəyə sahibdir. Əksinə, milyonlara sahib olub yenə də daxili hüzur tapa bilməyən, daim daha çoxu üçün vurnuxan insan ruhən kasıbdır. Çünki kasıblıq maddiyatda deyil, mənəviyyatdadır. O doymayan nəfsdə, bitib tükənməyən ehtiyac hissində gizlənir.