YAZI / DÜŞÜNCƏ, UŞAQ / BÖYÜK
Psixopata çevrilmişik Tarix : 23 Noyabr 2022, 09:30

Adətən çox mərhəmətli bir obrazım var. Yalnış oxumadınız, məhz "obrazım”. Bu qənaətə necə gəlmişəm? Çox sadə. Gün ərzində mərhəmətli və anlayışlı davranışlarım belə öz nüfuzuma və məhz obrazıma xidmət edir deyə düşünürəm. İndi keçim mətləbə.

 

Qonşuluğumda bir uşaq yaşayır - 6-7 yaşlarında. Onunla çox qəribə tanışlığımız olub. Mən axşamlar yazı yazıram, gecələr yatmağa çalışıram. O uşaq isə durmadan qışqırır və qaçır. Cəmi bir həftə dözdükdən sonra anasına şikayət üçün qapısını döydüyümdə, qapını açan qadın sanki onu hansı tənələrin gözlədiyini əvvəldən bilirmiş kimi susaraq heç cümləmi başlamamış gözüylə "haqlısınız” deyirdi mənə. Sıradan mərhəmət obrazını kənara qoyub beşaçılan tüfəng kimi açılmışdım qadına. Otaqların birinin qapısından isə bu körpə gülərək bizə baxırdı.

 

Anasının susmağı, uşağın ələ salırmış kimi gülməyi məni lap hövsələdən çıxarırdı. Anası danışmağa başlayanda və silsilə üzrləri yan-yana düzəndə, gözüm uşağın üzündəki dəyişən mimikaya sataşdı. Anasının ağzından çıxan cümlələrə etiraz edirmiş kimi həyəcan var idi bu mimikalarda. Daha gülmürdü. Qəribə uşaq idi. Anlamışdım. Qadının sözünü kəsdim və "səhhətində problemi var?” deyə sual verdim. Cavabla özümdən də, övladının yerinə bir alt mərtəbədəki isterik qonşudan üzr istəyən anadan da ani zəhləm getmişdi. "Autist idi” uşaq.

 

Vikipediyadan qısa bir özətlə təsəvvürlərinizi bir az toplayım. Autizm - üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Daha açıq desək, beyin iflici.

 

Və mən bu xəstəliyin daşıyıcısı 6 yaşında uşağın üzrlərini qəbul edirdim həmin gün. Üstəlik, onun yerinə istənən üzrləri. Balaca olanda davranışlarıma görə anamın kimə isə yerimə üzrxahlıq etməsi dünyanın sonu kimi gəlirdi mənə. O anda hamıdan çox anama nifrət edirdim. Bəlkə də anam haqlıydı.

 

Məni etdiyim səhvlərə görə üzrlü biri kimi böyütməyə çalışaraq. Ancaq o an üçün davranışlarımda haqsızlıq görmə imkanlarım sıfırın altında olduğu üçün belə üzrxahlıq bütün şüurumu alt-üst edər, özgüvənimi parçalayar və məni komplekslərlə böyüdərdi. Mən autizmdən əziyyət çəkmədiyim üçün günün birində "əccəb edirəm” deməklə özümü bütün qınaqlardan sığortalaya bilmişdim.

 

Qapısını döyüb şikayətə gəldiyim bu uşağın isə belə bir lüksü yox idi. Beləliklə, obrazım köməyimə çatmalıydı. Mən dərhal taktikamı dəyişərək "mərhəmətli qadın”a çevrilməliydim Tanrı önündə. Və məhz o tarixdən etibarən biz birlikdə böyüməyə başladıq. Bizi ayıran cəmi bir tavan idi. O döşəməyə hər vurub qəzəbini püskürəndə onunla birgə əsəb keçirər, hər sevindiyində onunla birgə gülər, yuxusuna kabus girdiyində səhərəcən onunla oyaq qalar, qaranlıqda o susar mən yatardım... Biz hər gün onun oyandığı saatda oyanardıq.

 

Sonra mən yenidən yuxuya gedərdim - öz ritmimi yaşamaqdan vaz keçməyərək. Çox mühüm yazı üzərində çalışırdım. Yuxarıdan gələn qəribə səslər sinirlərimə toxunar və maraqlarım ön plana keçdiyində mərhəmət hissləri deformasiyaya uğrayardı. Uşağa olan qəzəbim, yazını çatdıra bilməmə qorxum məni yenidən üst qonşumun qapısına gətirmişdi. Qapını ehmallıca döymüşdüm bu dəfə.

 

Daha təmkinlə... Yenə otaqların birinin önündə görünmüşdü. İnanmayacaqsınız. Bu dəfə gülmürdü. Üzümə elə hirslə baxırdı ki, sanki özü-özlüyündə "axı bilirsən ki, məndən asılı deyil, niyə yenə gəlirsən?” deyirdi. Amma inanın, o anda bu da məndən asılı deyildi. Və bəzən maraqlarımız ön plana çıxanda hamımızın bu cəmiyyətdə bir autistə çevrildiyini düşünməyə başlamışdım.

 

Bir neçə gün heç bir səs gəlmədi. Hətta xoflanmağa başlamışdım ki, bəlkə onu qorxudur ailəsi, bəlkə dərman verirlər sakitləşməyi üçün, bəlkə özü qorxub məndən. Bütün bəlkələrin sonu özümə nifrətə gətirirdi. Bu mərhəmətlə eqo arasındakı sərhəddə hər gün dəli olmaq həddinə gəlirdim. Anası bu uşaqla heç həyətə çıxmazdı. Soruşmuşdum səbəbini, deyirdi ki, insanları narahat edir. Narahat etmək necə olur görən? Məsələn, hər gün taksi, ictimai nəqliyyat, iş yeri, xidmət aldığımız strukturlarda bizi narahat edən gündəlik cari psixopatlar varkən,

 

Yeddi yaşında autist bir uşaq necə narahat edə bilər fərdləri? Qaçmağı ilə, gülməyi, ağlamağı, bəzən toxunmağı, bəlkə hündürdən danışmağı ilə?! İstənilən halda kimin daha çox psixopat olduğunu çözməyə çalışırdım. Qorxduğu üçün susmağı bacaran ruhi xəstə uşaqmı, yoxsa hər gün ağıllı-ağıllı moizələr oxuyub, cəmiyyəti maarifləndirib, özünü idarə etmək əvəzinə bu uşağı yaşadığı ruh halıyla yaşamalı olduğu cəmiyyətdə qorxudan bizlərmi?

 

Öz maraqlarımız naminə gülməyi, bəzən daha emosional görünə bilmək üçün ağlamağı, hədəfləri üçün dözməyi bacaranların cəmiyyətindəyik. Əslində hamımız beləyik-bütün ruhi sağlam fərdlər olaraq. O zaman bəlkə bu dünyanın canı cəhənnəmə, inandığımız, qorxduğumuz o dünya adına obrazlı şəkildə olsa da, ətrafımızdakı ziyansız, rüşvət almayan, evimizi yıxmağa cəhd etməyən, arxamızca danışmayan, ayağımızın altını qazmayan, sadəcə gülən, ağlayan, qışqıran autist uşaqlara dözək. Məncə, o zaman dünyanın ən mərhəmətli obrazı məhz bizimki olacaq.

 

Nuridə Allahyarova

qadinkimi.com