FEMİNİZM
PATRİARXAT anlayışı haqda bilməli olduqlarımız Tarix : 16 Dekabr 2020, 12:43

Patriarxal strukturun ailə institutu səviyyəsində ən bariz nümunəsi patriarxal ailə quruluşudur. Patriarxal ailəni səciyyələndirən nədir? İlk növbədə, insanların CİNSinə əsasən müxtəlif dəyərə malik olmaları, yəni cinsə görə bölgüsü. Kişilər qadınlardan, oğlanlar qızlardan üstündür. Üstündür – o deməkdir ki, daha yüksək hakimiyyət resurslarına malikdirlər, onların sözləri keçərlidir, onlara daha çox şeylər olar. Bir fikirləşin, "saqqalım yoxdur, sözüm keçmir” ifadəsi nədən yaranıb? Bu resurslar şəxsi keyfiyyətlərə görə qazanılmır, məhz cinsə görə müəyyənləşdirilir. Bir cəmiyyət daxilində müxtəlif insanların patriarxallıq səviyyəsi fərqli ola bilər. Adətən, onun "yüngül” səviyyələri diqqəti cəlb etmir. Məsələn, ana mütəmadi olaraq oğlana daha çox yemək qoyur, qıza az. Valideynlər oğlana icazə verdiklərinin çoxundan qızlarını məhrum edirlər. Və bu barədə heç düşünmürlər də. 
Daha ağır nümunələr isə heç olmasa, bəzi insanlar tərəfindən neqativ qarşılanır. Məsələn, selektiv abortlar, yəni məhz cinsinə görə insanın dünyaya gəlmək şansından məhrum olması. Amma cins amili patriarxatın yeganə bölgü meyarı deyil. 

İkinci mühüm məsələ YAŞ amilidir. Yaşca böyük olanların yaşca kiçik olanlar üzərində hakimiyyəti. Cins və yaş - ikisi birlikdə işləyir və patriarxal münasibətlər strukturunu yaradır. Buna əsasən ən yuxarıda duran yaşca böyük olan kişidir - ağsaqqal. Sonra yaşca ən böyük qadın – Ağbirçək. Bu anlayışların dilimizdə mövcudluğu təsadüf deyil. Daha sonra yaşca böyük olan növbəti kişi – məsələn, deyək ki, ailənin böyük övladı. Ondan sonra onun həyat yoldaşı və s. Ola bilər, həyat yoldaşı deyil, o biri qardaş, yaşca böyük bacı olsun. Uşaqlar arasında da oğlanlar daha sonra qızlar... 

Elə görünə bilər ki, ailənin cins-yaş bölgüsündə ən sonuncu yerdə gələn uşaqlardır. 

Paradoksal olsa da, bu belə deyil. Uşaqlar ailənin gələcəyi, nəslin davamçılarıdır, xüsusilə oğlan uşaqları. Patriarxal ailə quruluşunda ən aşağı mövqeyə malik gənc qadın və ya qızlardır. Elə ailələr ola bilər ki, orda evin subay qızının statusu gəlinin statusundan aşağı olsun. Belə yerdə deyərlər ki, "gəlin baldızın başından gəlir”. Lakin əksər hallarda gənc qadınlar arasında ailə ilə birbaşa qan qohumluğu olmayanın - yəni gəlinin yeri daha aşağı olur. Statusun aşağı olması o demək deyil ki, mütləq ona qarşı kobudluq, şiddət, ya alçaltma olacaq. Çünki xarakterindən, konkret mədəni cəhətlərindən asılı olaraq insanlar öz hakimiyyətini müxtəlif cür gerçəkləşdirirlər. 

Aşağı status özünü kimin kim qarşısında qulluq göstərməyə borclu olması, kimin kim üzərində hökmünün olması, kimin kimdən icazə almağa borclu olmasında göstərir. Sonunda, statusun aşağı olması şiddət, zorakılıq baş verəndə kimin ilk növbədə qınaq obyektinə çevriləcəyində özünü göstərir. Ətrafdakılar çox zaman güclü tərəfə heç nə edə bilmirlər və zəif tərəfi qınayırlar ("evə tez gəlsəydi..”, "xörəyi yandırmasaydı..”, "dilini dinc saxlasaydı..” və s.). Bu da bir psixoloji müdafiə mexanizmidir ki, onun dərk olunması üçün insanlarda ən azından özünətənqid və öz şəxsi travmatik təcrübələrini yenidən dərk etməyə hazırlıq olmalıdır. 
Patriarxat özünü şaquli hakimiyyət münasibətlərində biruzə verir. Patriarxat olan yerdə sözün əsil mənasında eqalitarlıqdan (insanların bərabər mövqedə olması) söhbət gedə bilməz, bərabərlik partiarxatın zəifləməsi, tənəzzülüdür. Ona görə də çoxları (şair və yazıçılardan tutmuş qonşu xalayadək) bir ailədə yaşca kiçik olanın iradə azadlığı, kişinin qadınla məsləhətləşməsini şaquli hakimiyyət sisteminin baş-ayaq çevrilməsi kimi, yəni kiçiklərin (ya qadınların) ağalığı kimi başa düşür. Çünki hamının "öz yerini bilməsi” belə düşüncə tərzi üçün müqəddəs qanundur. Bərabərlik deyə struktur onların beynində yoxdur, ya da zəifdir. Ailədə bərabərhüquqlu münasibətlər təcrübəsini görməyən insanlar həyatın digər sahələrində də sərt şaquli tebelik münasibətlərinə meyl edirlər. 

Belə münasibətləri təkrarlamaq sadəcə vərdiş olunan yolla getməkdirdə, bərabərhüquqlu münasibət qurmaq daha çox zəhmət çəkmək, öz davranışını refleksiya etmək, sınaq və səhvlər yolu ilə özünü inkişaf etdirməkdir. Bu isə heç də hamı üçün cəlbedici deyil. 

Əlbəttə, deyə bilərdik ki, kim necə istəyirsə, elə də yaşasın. Amma cins-yaş bölgüsünün insanların mövqeyi və həyat imkanlarını əvvəlcədən müəyyənləşdirdiyi strukturda aşağı statuslu və asılı olanların istəkləri nəzərdə tutulmayıb, ən ali məqsəd şaquli hakimiyyət quruşulunun qorunmasıdır.

qadinkimi.az