Müsəlman ölkələrində bu prosedur sırf cinsiyyət seçimi üçün istifadə olunur!
Ginekoloqun sözlərinə görə, süni mayalanma icra olunanda da cinsiyyət seçimi mümkündür:
"Bu, artıq süni mayalanma tsiklində olmur, əlavə olaraq PCD prosedur üzrə olunur. Bu, perinatal genetika prosedurudur. Embrionlar seçilir, 5-ci günündən hüceyrələr alınır. Əslində, prosedurun məqsədi hər hansı genetik patologiyanın olub-olmadığını təyin etməkdir. Sadəcə, Azərbaycanda və digər müsəlman ölkələrində bu prosedur sırf cinsiyyət seçimi üçün istifadə olunur. Adi süni mayalanma ilə cinsiyyət seçimini müəyyənləşdirən prosedurların qiyməti də fərqlidir. Süni mayalanmada embrioloq tərəfindən sadəcə keyfiyyətli embrionlar seçilir. Lakin PCD çox bahalı prosedurdur və hər embrionun yoxlanması üçün əlavə ödəniş edilir”.
Mütəxəssis bildirib ki, cütlüklərin dünyaya gələcək körpəni 12 həftəliyində qız olduğu üçün abort etməsini kəskin şəkildə qınayır:
"Önəmli olan dünyaya gələcək uşağın sağlam olmasıdır. Xüsusən də indiki zamanda sonsuzluq baş alıb gedir. Cinsiyyət seçimi qoymadan övlad sahibi olmaq üçün illərlə mübarizə aparan cütlüklər var. Allah sizə övlad yetiribsə, onun cinsiyyətini seçmək və hamiləliyi sonlandırmağı çox pis qarşılayıram.
Statistikaya əsasən, sonsuzluq probleminin 30 faizi qadınlar, 30 faizi kişilərlə əlaqəlidir, 40-50 faiz isə ikitərəflidir, 10-15 faiz hallarda səbəbi bilinməyən formada qarşımıza çıxır. Azərbaycanda son illərdə kişi faktoru daha çox araşdırılmağa başlanıb. 10-15 il öncə ailədə sonsuzluq var idisə, günah mütləq qadında axtarılırdı. Təəssüf ki, indi də bu münasibətin şahidi oluruq. Amma biz həkimlər olaraq cəmiyyəti maarifləndirməyə və protokola uyğun düzgün yönəltməyə çalışırıq”.
Aytən Məftun
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.