İradə İsakdan Nuriyevə şillə kimi cavab: "Onlar döyüşəndə harda idiz, Nuriyev?" Tarix : 28 Noyabr 2019, 01:24
Yazar : Qadinkimi.com
Politoloq Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir edib. 

C. Nuriyev bildirib ki,  o zamanlar Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi: "Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar”. 

 
Qadinkimi telejurnalist İradə İsakın ona cavabını təqdim edir:
 

Cümşüd Nuriyevə biri desin Qarabağ döyüşündə Qəqəni vardı Qəqəni. 16 yaşlı qız. Qız olduğunu bilməsinlər deyə saçını oğlan kimi vurdurub, oğlan kimi geyinib Çingizin avtobusunda Qarabağda döyüşə gedən qız. Qəqəni son günə qədər döyüşdü. İndi də FHNdə çalışır. Ailə qurmayıb. Adı Kəmalədir. 

Aida Şirinova var. Komandir idi komandir. Qadın komandir! Bir misra şeirinin altında qoyar sizi, Nuriyev. Aida xanım polis polkovnikidir. DİNdə çalışır indi. Aida xanımın mədəniyyəti, etikası yüz qadına nümunədir. Bu gün də ailə qurmayıb. Hər ikisinin saçı gödək, ailə həyatları yox, bədənləri qəlpəli, kontuziyalı.
Müharibə onların ana olmaq hüququnu da əllərindən aldı.

Bəlkə tanımırsınız onları. Heç fərli-başlı ordenləri, adları da yoxdur. Çünki sizin kimi olmadılar onlar. Tanımırsınız, çünki çox təvazökardırlar. 

Yalvarmışam Qəqəniyə. Gəl, danış demişəm. Deyib "döyüşmək mənim borcum idi, danışmaq mənə düşməz”!
Nurcahan Hüseynova var. 18 yaşlı oğlu ilə döyüşürdü. Tək balasını döyüşdə qurban verdi. Gedib oğlunu öldürən ermənini tapıb, əlləri ilə ürəyini çıxarıb, şüşədə oğlunun məzarına qoydu. Bu gün də sağdır. 

Siz nə edirdiniz onda, cənab Nuriyev? Onlar sizin yerinizə döyüşəndə siz harda idiniz? Qırmızı kresloda! Biz onu da çox gözəl bilirik. Bu kameraların önündə yüz cildə düşmüsünüz. Unutmayın, ən yaxın tarixdir bunlar! Elə bilirsiniz hər şey unudulub? Kimsə yaddan çıxmır. Ömrüboyu kostyumunuz ütüsüz olmadı. Qadına əxlaq yeri kimi baxdınız. Sizin kimi fürsətcillər həmişə aşın ən yağlı yerindən yedi.

Sizin yerinizə utanıram! Sizin keçmişinizdən də, bu gün dediklərinizdən də!
O TV çıxarıb sizi bu böyük qadınlardan üzr istətməlidir! Əgər bir qram nəyinizsə varsa, çıxın, üzr istəyin! 

 
 
Yazdı: İradə İsak
qadinkimi.com