SEVGİ, KİŞİ KİMİ
O zirvədən Azərbaycana, Qarabağa baxaraq sonsuzadək gülümsəyəcək-Nail Orucov Tarix : 08 Yanvar 2021, 21:25


"Vətən daşı” olmur hamı. Ola bilmir. Ya olmaq istəmir? Bilmirəm.
Amma bilirəm ki, o, uşaqlıqdan Vətən daşı olmağı arzulayır.

"Hərbi xidmətdə olarkən gördüyüm ən dürüst, əsgərə öz balası kimi dəyər verən, əsgərlər arasında fərq qoymayan, əsgərin haqqına bir damcı girməyən, bir əsgəri ac olsa dünyanı dağıdan, əsgəri şəhid olanda balası kimi qan ağlayan komandirim cənab polkovnik – leytenantım. Ən uca –Şəhidlik zirvəsindəsən” - əsgər Bayramov

"Rahat yat, qanın yerdə qalmayıb. Gözəl insan, qayğıkeş komandir. Haqqın ödənməz sənin” - Fərid Yaqubov.

"Polkovnik – leytenant komandirim deyildi təkcə, qardaşım idi, əvəzsiz idi. Ömrüm boyu bu şəxsiyyətə borcluyam” – Abdulla İmanlı.

"Səninlə qürur duyuruq, fəxrimizsən, cənab plkovnik” – Anar Muradov.

1978-ci il iyunun 11 – də Astaranın Məcitməhəllə kəndində Orucovlar ailəsində ailənin altıncı övladı Nail Orucov əsgərlərin yaddaşında belə qalıb.

1985 – ci ildə Qapıçməhəllə kənd məktəbinə gedib.

1988 –ci il hadisələri başlayanda 10 yaşı vardı. Amma Vətənin kədərini anlayırdı, azadlıq çarpışmasını duya-duya böyüyürdü. Qarabağ hadisələrinin şahidi kimi böyüyürdü. Vətənə gərək olmaq, uşaqlıq yaddaşının daşıdığı Qarabağ acısından qurtulmaq arzusu da böyüyürdü.

Hərbiçi olmağa qərar verir.

Rahatlıq tapmayan arzusu onu C. Naxçıvanski adına Hərbi liseyə apardı. Atası Rafael kişi cılız bədənli oğlunun hərbiçi olmasına etiraz etmək istəsə də, onun vətən sevdalı böyük ürəyinə etiraz edə bilmədi. 1992-ci ildən C. Naxçivanski adına Hərbi liseydə təhsil alır. 1995-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olur, 1999-cu ildə "Motoatıcı tağım komandiri" kimi "Leytenant" hərbi rütbəsi ilə Azərbaycan Silahlı qüvvələrinin sıralarında hərbi xidmətə başlayır. Həmin ildən müxtəlif hərbi hissələrdə motoatıcı tağım komandiri, motoatıcı bölük komandiri, Motoatıcı taborun Qərargah rəisi, Tabor komandiri və Hərbi hissə Komandirinin Maddi-texniki Təminat üzrə müavini vəzifələrində işləyir. 31.12.2016-ci ildə ehtiyata buraxılır. Dəfələrlə Fəxri Fərman, "Qüsursuz xidmətinə görə” və "Fərqlənməyə görə” medalları ilə təltif edilir. Elə Vətənə qüsursuz xidmətdə fərqlənmək üçün yaşayır Nail Orucov.

"Gözəl insan, gözəl komandir, səriştəli hərbçi özümü şanslı hesab edirəm ki, sizinlə bir yerdə xidmət etmişəm. Həkimlərə xüsusi diqqəti vardı. Hamı üçün narahat olurdu. Siz hər zaman yaşayacaqsınız bu millət üçün”. – Ümid Mahmudsoy, həkim.

"İgid, qorxmaz, döyüşkən kişilik simvolu idi. O elə insan, elə komandir idi ki, bir də elə birini görmərik”- baş leytenant Şahmarov

İllərdi var olmağımızı əzən günlərin ağırlığı var həsrətlə gözlədiyimiz günərdə. Bizi bu ağırlıqdan qurtarıb getdilər onun kimi.
Polkovnik – leytenant Nail Orucov kimi.
Tabor komandiri daim əsgərləri ilə çiyin-çiyinə idi.

Təkcə Vətən üçün deyil, hər əsgəri üçün canını fəda etməyə hazır idi. Elə də oldu. Əsgərini xilas etdi, özü Şəhid oldu...

"İşinin peşəkarı şərəfli zabit idi. Çiyin-çiyinə xidmət etmişik. Çox vətənpərvər idi. Heyf”... - Emin Allahverdiyev

Ehtiyatda olarkən 01.11.2018-ci ildən Astara Telekommunikasiya Qovşağına ƏM və TT üzrə mühəndis vəzifəsində çalışıb. TKQ-də işlədiyi müddətdə də özünü bacarıqlı işçi kimi göstərib, məsuliyyəti ilə seçilib və kollektivin rəğbətini qazanıb.

Yaxınları, dostları, doğmaları deyir ki, o ehtiyata buraxılanda da narahat idi. Hər mükafat alanda da "Heç olmasa bir kəndi, bir qarış torpağımızı işğaldan azad edə bilsəydim” deyirdi.

Qardaşı Naib bəy deyir ki, o hərbi xidmətə başlayan gündən Vətən savaşını gözləyirdi. Hər gün, hər an döyüşə hazır idi. Həmişə gözlərində bir günahkarlıq vardı.

Həyat yoldaşı Nigar xanımla əlaqə saxladım. Kövrəldi: Gördüyüm gündən o mənim qəhrəmanımdı. Ürəyimi fəth edib. Bu gün isə Nail Azərbaycan xalqının ürəyindədi. Çox ağırdı. Əsil dost, yoldaş, ailəbaşçısını itirmək ağırdır. Amma bilirəm ki, mən ağlayıb-sızlamamalıyam. O təkcə Vətənə qüsursuz xidmət etməyib ki. O, qüsursuz övlad, dost, qardaş, ata olub. O, qüsursuz həyat yoldaşı idi. Həyatımın yoldaşı. Onun adına, cəsarətinə, igidliyinə layiq böyütməliyəm oğlanlarını. Nailin arzularını yerinə yetirməliyəm.
Nail Orucovun 3 oğlu böyüyür: Ruslan, Əlihəsən və İbrahim. Astara şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alırlar.

 

 

Şəhid Polkovnik Orucov Nail Rəfail oğlunun dəfni ASTARA / Məçidməhəllə 

 


Oğlu Əlihəsən deyir ki, son dəfə danışanda atam dedi artıq böyümüsüz. Bayrağımızı, Vətəni sevməlisiz. Bir də dedi: "Qapımızdan bayraq asın”.

"Atan mərd, şərəfli zabit olub.Savadlı, tələbkar idi. Postları birlikdə yoxlamağa gedərdik. Zarafatcıl idi. Bizə ruh verirdi. Torpaqlarımızı azad etmək idi amalı. Heyf ki, qələbə gününü görmədi. Qarabağ indi azaddı, rahat yata bilərsən” - Emin Abdullayev bunu oğlu Ruslana yazıb.
Savaşa gedəcəyini bilirdi. Axşam xanımını, oğlanlarını bir yerə yığıb söhbətləşdi. "Mütləq oxuyun. Ən güclü silahınız, dostunuz elminiz olmalıdır. Əgər qayıtmasam, diplomlarınızı məzarıma gətirin. Bir – birinizə dayaq olun. Vətəni sevin!” – Ruslan son söhbətlərindən danışır.

Əsgərlərinin yuxusuna gəlir polkovnik-leytenant Nail Orucov. Onlardan birinin səs yazısını dinlədim. Tələsik: Yaxşıyam, ana. Komandirimə quran oxutdurun, yuxuma gəlib, bizim üçün çox narahat olurdu. Yenə narahatdı”.

Həmişə "ardımca” deyib, öndə olub. Döyüş yoldaşları "3 övladınız var, özünüzü qoruyun” deyirmiş tez-tez. Osa "Mənim burda 350 oğlum var, onları qorumalıyam” – deyərdi.

"Atanızla fəxr edin. Atanız qəhrəmanlıqla şərəfli döyüş yolu keçdi”. – Rauf Abdullayev.

Qardaşı qızı Zəhra əmisinə yazdığı şeirdə deyir:
Ucaldın Şəhidlik zirvəsinədək,
Axır ki, arzuna çatdın Nailim.
Əbədi, əvəzsiz bir xatirə tək,
Ürəklərdə məskən saldın, Nailim.

 

 

 


Qubadlı uğrunda gedən döyüşlərdə Şəhid oldu. Canavar ləqəbli Surət deyir ki, "postu verməyin” oldu son sözü. "Son gülləmizə kimi döyüşməliyik”- dedim. Onun son tapşırığına da əməl etdilər. Oğuz Arpaslan döyüş xatirələrindən: "O, artıq Şəhid olmuşdu, əli alnında idi, qan üzünə axırdı. Lakin o yenə də gülümsəyirdi. Sanki şəhidlik zirvəsinə yüksəlməyi çoxdan gözləyirmiş. Arzusu çin olmuşdu. Qubadlı zirvəsini Polkovnik Orucov Zirvəsi adlandırdıq, sadiq əsgərləri olaraq.

Bilirik ki, sənin ruhun O zirvədən Azərbaycana, Qarabağa baxaraq sonsuzadək gülümsəyəcək”.
Şəhid polkovnik-leytenant "Azərbaycan Bayrağı” ordeni, "Vətən” uğrunda”,”Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

İlk dəfə eşidəndə qulağımda donub qaldı elə bil. Özünü də, səsini də unuda bilmirəm. Eşidirəm hər yerdə...- Emil.

Emil haqlıdır. Onun səsini eşidəcəyik hər yerdə. Onların səsini eşidəcəyik. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır və nida!”-səsinə hay verən səslərini eşidəcəyik hər yerdə.Onların təbəssümü nur olub Azərbaycanımıza səpiləcək hər an.

 

 

 

 

 

 

Kamalə Abiyeva

 

 

qadinkimi.com