YAZI / DÜŞÜNCƏ
O qədər səbəb tapmaq olar ki... Tarix : 16 Sentyabr 2020, 10:16

Yayı istirahət fəsli adlandırırlar, koronavirusun da yükünü çəkməklə uzun və gərgin dərs ilini başa vuran təhsil işçilərinin, Hippokrat andına sadiqliyini dünyanın gözəgörünməyən düşmənilə üzbəüz savaşda bir daha təsdiq edən humanist peşə sahibləri olan həkimlərimizin də dincəlmək haqqı var. Amma hər kəs bu haqqı istifadə edə bilmir. O qədər səbəb tapmaq olar ki... - kiminsə övladı imtahan verir, kiməsə maddi tərəfi imkan vermir və s. və i.a. Bu il isə birinci məhdudiyyət karantin sayılır. Ölkə xaricini demirəm, ölkə daxilində səfərə çıxmaq da asan deyil. Adam hərdən unutmaq istəyir hər şeyi, elə mənfur virusu da, yığışıb harasa getmək keçir ürəyindən...

O gün müəllim işləyən gəlinim əl çəkmir ki, heç olmasa bircə günlük də olsa, evdən çıxaq, bir az ev qayğılarından uzaqlaşaq, bir azca fikrimiz durulsun. Qalmışam naçar, insafən düz deyir də, sabah-biri gün məzuniyyəti bitir, qarşıdan hələ də necə olacağına dəqiq qərar verilməyən dərs ili gəlir, adamın başı gündəlik ev-məişət qayğılarından  açılmayıb.  Üstəlik, öz biliyini artırmaq üçün də il boyu kitab-dəftərdən aralanmayıb!.. Ona söz vermişəm, bir gün onundu, seçimi də özü edəcək...

Amma yay özüylə digər qayğılar da gətirir, xalça-palaz yuyulması, yorğan-döşəklərin təzələnməsi,  yenidən salınması, həyət-bacanın yenilənməsi, qış üçün qida ehtiyatlarının yaradılması. Evdə hazırlanan yemək və içkilər qışda anam demiş, "adamın əlinə pişi kimi düşür". Bu barədə qaynanamın isə öz variantı vardı: "Yay gününün yaxantısı qış gününün yavanlığıdı". İkisi də haqlıydı, Yerləri behişt olsun ki, bizə də nəsə bilgi qoyub gediblər. İşləyən adama lap göydən düşmə olur belə hazır yeməklər, deyəcəksiz ki, indi marketlər ağzınacan doludu hazır süfrə nemətlərilə. Doğrudur, amma yenə hər kəs öz əlilə nəsə hazırlamağa borclu bilir özünü,  bu zaman həm öz enerjisi, öz sevgisi, öz düşüncələrini də qatır yeməyin içərisinə, həm də büdcəyə qənaət edir.

Mən də elə düşünürəm, fərqli və dünyaca məşhur milli mətbəxi olan Azərbaycanımızın müxtəlif adlarla istehsal edilən keyfiyyətli hazır süfrə məhsullarından vaxtaşırı alıb, sevə-sevə istifadə edirəm. Amma mən də bu yay öz əllərimlə qışa hazırlıq görmək istədim, bu məqsədlə də bazar gününü gözləməyib elə həftəarası üz tutdum rayonumuzun mərkəzində yerləşən yeganə böyük bazara...

Rayonda bazarın yeri bir neçə dəfə dəyişdirilib, adı da, özü də, xidmət mədəniyyəti də dəyişib. Əvvəllər, sovet quruluşu zamanı "Kolxoz bazarı" adlanan bazar sonralar şərikli mülkiyyətə çevrilib, alınıb, satılıb, adı da dəyişdirilib, yenidən qurulub, torpaq yeri asfalt örtüklə əvəzlənib.  Üstü də bağlanıb, ta istidə, soyuqda, yağışda, qarda insanlar bazara rahat girib gəzə, istədiyini alıb çıxa bilir. Bazar bir sözlə, xeyli inkişaf edərək bu günümüzə daha mədəni, daha geniş və səliqəli halda gəlib çıxıb... Bunula belə bazardan kənarda da alver edənlər var, bu zaman küçədə tünlük yarandığından bunu yığışdırmağa  nə qədər çalışsalar da, hətta hüquq-mühafizə idərəsinin köməyindən istifadə etsələr də nəticəsi olmayıb. İlboyu həm bazarın içi, həm də çölündə müxtəlif markalı maşınlarla kənd təsərrüfatı və bağ-bostan məhsulları gətirilib bir yerdən və çəki  ilə satılır. Bir sözlə, alan da, satan da məmnundu, ta nə deyək...

... Qadın olmaq şərəfdir, amma qadın olmaq həm də qayğı deməkdir, zəhmət deməkdir, səliqə-sahman, gözəllik, rahatlıq deməkdir. Evdə qadın olub-olmaması elə evin kandarına ayaq basanda hiss edilir. Qadın əli hara dəyirsə ora çiçəkləyir, o  yer özü də dinclik tapır, ev adamları da, evin müsafirləri də. Qadın olmayan ev yetimdir, kimsəsizdir, köməksizdir, arxasızdır... Evi qadının nəfəsi isidir, yoxsa heç bir qaz və ya elektrik sobasının hünəri deyil bu!.. "Kişi evin beyni, qadın isə ürəyidir" - bunu Volter deyib, anam isə bu misalların ən mükəmməl və optimal formasını:

- Kişi seldir, qadın göldür!..

Nə qədər doğru ifadə edib bu zəhmətkeş qadın! Sonra da oturub izahını verirdi, deyirdi bala, kişi nə qədər qazana, əgər evdə bu qazancı bir yerə yığan qadın yoxdursa, o evdən ev olmaz. Elə "yaz əkinçi, qış dilənçi" olacaqlar...

Mən bir az çöl qadınam,
Bir az da orman qadın.
Bir az şeir qadınam,
Bir az da roman qadın...
...Tala-tala ələfəm.
Çiçək-çiçək dağam mən.
Sahibini gözləyən,
Soyumuş ocağam mən...

...Qadınam, qadın, Ana...
Hər dərdə sipər qadın.
Bətnimdə böyüyübdü
O Həcər, Nigar qadın...

Leyli mənəm, Şirin mən,
Ocaq qadın, pir qadın.
Tanrının yaratdığı,
Ən gözəl əsər... Qadın!


Mən qənaətciləm, Hz.Məhəmməd buyururdu ki, qənaətə riayət edən yoxsul olmaz! Dahi Füzuli isə:
- Ey Füzuli, mən qənaət mülkünün sultanıyam... - söyləyirdi. Qənaət elə var-dövlət deməkdir və bu barədə çoxlu sayda aforizm və atalar sözləri mövcuddur.

Mətləbdən uzaqlaşmayaq, elə  uzun illər fasilədən sonra öz əllərimlə qış hazırlığı görmək istəyim məni də bazara çəkdi... Yaxın qohumumla getdim ki, alış-verişdə aldanıb eləməyim... Lazım olan tərəvəzləri, bostan məhsullarını alıb evə qayıtdıq, indi üzü axşama məni  gərgin iş gözləyirdi...

...Nəhayətdə əziyyət keçir, yerində zövq qalır, gördüyün işin nəticəsi səni qane edirsə, ruhun bayramıdır. Mən də hazırda cismimdə yorğunluğun ağrısını, ruhumda dincliyimi qoşa yaşayıram. Qışa qarışqa sayağı gedirəm bu il...

Artıq payızın nəfəsi duyulur, gecələr hətta bizim Aranda da havalar xeyli sərinləşib ta... arada yağışlar yağır, bir azdan isə havalar tamam soyuyacaq. Amma  əgər evində hüzur, könlündə sevgi, ruhunda eşq varsa bütün fəsillər yay gələcək sənə!...

 
 

Şahnaz Şahin
 
qadinkimi.com