Üzümü təbiətə tutub yaşayacam daha:
Səndən incidiyimi yağışa deyəcəm,
səni darıxmağımı küləyə, ağaca, ota.
Bakıya ilk qar yağanda deyəcəm
səni nə qədər sevdiyimi.
Gedib dayanacam sahildə,
daş atacam Xəzərə.
Bir təhər başımı qatacam elə.
Başa düşməsən, gedib Dneprə deyəcəm,
balıqlara su verəcəm.
Ən çox elə susuzluqdan ölür balıqlar...
Sən yağışın nəyisən axı?
Səni göyərçinlərdən soruşacam.
Deyəcəm: O mənim ən qanlı müharibəm idi,
məğlub oldum, əsir düşdüm ömürə.
Səni qağayılardan soruşacam.
Deyəcəm: O mənim ən uzağım idi,
gedib çata bilmədim, bir də gördüm ötüb keçmişəm.
İndi mən oturub ağlanası kədərli bir keçmişəm.
Sən küləyin nəyisən axı?
Şəhriyar del Gerani
qadinkimi.com