YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
O, məni öpür, mən isə ürəyimdə düşünürəm ki, bu ilk dəfə deyil ki... Tarix : 05 Yanvar 2021, 03:59
Söhbət böyük rus yazıçısı Tolstoydan gedir. O, toyu ərəfəsində gələcək həyat yoldaşını uzun illər boyu qələmə aldığı gündəliklərlə tanış olmağa məcbur etmişdi...

Lev Tolstoy az qala bütün dünyanın sevdiyi, qiymətləndirdiyi böyük söz və fikir adamıdır. Onun əsərlərində rus adamının psixologiyası, dünyagörüşü sözün imkan verdiyi bütün rəng və qatlarla təsvir edilib.

Lev Tolstoy həm də bir ailəcanlı adam kimi tanınır. O, arvadı Sofiya Andreyevna Bers-Tolstayaya daim sadiq olmuş, onunla birgə 48 il ömür sürmüşdür.

Bu ailə səadəti və etibarı böyük yazıçı ailə həyatı qurandan sonra baş verib. Məsələ burasındadır ki, subay Tolstoyun həyatı coşqun, odlu-alovlu macəralarla zəngin olmuşdur. Məlumdur ki, Lev Nikolayeviç uzun illər gündəliklər yazıb. Həmin qeydlərdə yazıçının həyatının bir çox maraqlı anları əks olunub. Gündəliklərdə ədib öz intim duyğuları, sevdiyi qadınlar, hətta aldatdığı xanımlar haqda da çəkinmədən söhbət açır. Gənc Tolstoyun vurulduğu, görüşdüyü qadınlar arasında evli-ailəli xanımlar da olub, subay qızlar da.

Tolstoy həyatında yaxınlıq etdiyi ilk qadın barədə gündəliyində belə yazırdı: "Qardaşlarım məni ilk dəfə "ümumxanaya” apardılar, bu, mənim ilk əlaqəm idi və mən bundan sonra həmin qadının çarpayısı yanında dayanaraq ağladım”.

Gənc Tolstoy ailə həyatı qurana qədər bir çox sevgi macəraları yaşayır və öz "təəssüratlarını” ərinmədən gündəliklərdə səliqə ilə qeyd edir. Qrafın ən çox əyləndiyi "xanımlar”, təbii ki, öz malikanəsindəki qulluqçular, xidmətçilər, əkinçi-biçinçi qadınlar idi. Onlardan birinə - Aksinya adlı ailəli qulluqçu xanıma isə Lev Nikolayeviç qəlbən vurulmuşdu. Tolstoyun bu qadınla bağlı fikirləri ilə tanış olarkən nədənsə digər bir dahi rus yazıçısı- Nobel mükafatı laureatı Mixail Şoloxovun "Sakit Don” romanının eyniadlı qəhrəmanı Aksinyanı xatırladım: Qriqori Melexovu başdan çıxaran odlu-alovlu və evli-ailəli Aksinyanı. Gənc qrafın sevgisi Yasnaya Polyanada çoxlarına məlum idi.

Bütün bunlar öz yerində.

Qraf Tolstoy ailə qurmaq qərarına gələrkən artıq 34 yaşı vardı. O, əvvəlcə Sofiya Andreyevnanın böyük bacısı Lizaya vurulmuşdu. Tolstoy gündəliklərində yazırdı: "Liza Bers məni cəlb edir. Amma bu, baş tutmayacaq... Hissiyyat yoxdur”.

Sofiya Andreyevna ilə tanışlıq onun həyatında yeni mərhələ olur. Gənc qraf qıza, necə deyərlər, bir könüldən min könülə vurulur. Gündəlikdəki qeydlərdə oxuyuruq: "Mən vurulmuşam. Heç ağlıma gəlməzdi ki, belə sevmək olar”. O zaman Sofiyanın on yeddi yaşı vardı.

Amma... Tostoy qıza ürəyini açmağa tərəddüd edirdi. Yox, məsələ təkcə qrafın cəsarətli olub-olmamağında deyildi. Məsələ burasında idi ki, Lev Nikolayeviç çox vicdanlı bir adam kimi gələcək arvadını özünün "keçmiş həyatı” ilə tanış etmək istəyirdi. Tolstoy belə hesab edirdi ki, indiyəcən bada verdiyi ömür bəlkə də bağışlana bilinməyəcək pozğunluqlarla doludur və o, bu barədə mütləq əvvəlcədən Sofiyaya məlumat verməlidir. Bax buna görə o, iki od arasında qalmışdı. Qraf gündəlik qeydlərində yazırdı: "Sabah onunla görüşüb ya bütün həqiqəti deyəcəm, ya da başıma güllə sıxacam”.
 
 
 
 
 
 


Tolstoy öz keçmişi haqda gələcək zövcəsinə şifahi yox, "yazılı” məlumat verməyi qərara aldı. O, bunun üçün sevgilisinə illərdən bəri yazdığı gündəliklərlə tanış olmağı təklif etdi. Gənc xanımın gündəlik oxumağa marağı və həvəsi yox idi. Tolstoy şərt qoydu: əgər mənimlə, daha doğrusu mənim yazdıqlarımla tanış olmasan, bu izdivac baş tutmayacaq. Yazıq Sofiya Andreyevna zorən də olsa gələcək ərinin qeydlərini oxumağa başlayır və oxuduqca dəhşətə gəlir. Aman Allah, Lyova nə qədər pozğun adam imiş. Tolstoy hətta vurulduğu ailəli qadın qulluqçu Aksinya ilə əlaqələrini bütün "detalları” ilə qələmə almışdı... Amma artıq gec idi. Sofiya qrafla ailə qurmağa söz vermişdi. Bir həftədən sonra onların toyu oldu. Sofiya Andreyevna yazırdı: "Onun keçmişi o qədər dəhşətli idi ki, mən onunla heç vaxt barışmayacağımı zənn edirdim. O, məni öpür, mən isə ürəyimdə düşünürəm ki, bu ilk dəfə deyil ki...”

Amma ailə qurandan sonra qraf Tolstoy bütün keçmiş "səhvlərindən” xilas oldu. O, indi Rusiyanın ən nümunəvi ailələrindən birinin başçısı hesab edilirdi. Sofiya Andreyevna ilə Lev Nikolayeviçin bu izdivacdan on üç uşağı dünyaya gəldi ki, onlardan da beşi körpə ikən həlak oldu. Tolstoyların sonuncu uşağı doğulanda dahi yazıçının 60, onun arvadının isə 44 yaşı vardı.

Əksər qohumları, dostları və həmkarları ər-arvad Tolstoyların bir-birinə sədaqətinə, diqqətinə qibtə edirdilər. Həqiqətən, onlar bir- birini çox gözəl tamamlayırdı. Bütün bunlara baxmayaraq, dahi söz ustası ölümündən on gün əvvəl arvadından inciyib evdən getmişdi.

Yeri gəlmişkən, bir nüansı da qeyd etmək yerinə düşərdi. Tolstoyun gənclik illərində sevdiyi Aksinya ömrünün sonunacan onların evində qulluqçu oldu. Tez-tez həmin qadınla üz- üzə gələn Sofiya Tolstoyun, indinin özündə belə, daxilən nələr çəkdiyini anlamaq çətin deyildir. Dahi Tolstoyun özü demişkən, "bütün xoşbəxt ailələr bir-birinə bənzəyir...” Əlbəttə, bu məşhur ifadənin ardı hər kəsə məlumdur.
 
 
 
 
 


Firuz Mustafa
 
qadinkimi.com