YAZI / DÜŞÜNCƏ
Önyarğıyla yanaşmaq təhlil etməkdən asandı Tarix : 29 Noyabr 2022, 14:39
Yazar : Qadinkimi.com

Bir gün müdrikdən soruşurlar:


"Dünyada ən çox kimi sevirsiniz?"


"Dərzimi sevirəm" deyə düşünmədən cavab verir.


Sualı soruşanlar çaşıb qalırlar:


"Ay ustad, elə şey olarmı? Dünyada sevəcək o qədər çox insan var ikən, niyə məhz dərzi?"


Müdrik bu suala çox ibrətamiz bir cavab verir:


"Dostlarım, bəli mən dərzimi sevirəm. Çünki onun yanına hər getdiyimdə, mənim ölçümü yenidən götürür. Amma başqa insanlar elə deyil. Bir dəfə mənim haqqımda qərar verər və ölənə qədər də məni həmişə eyni gözlə görərlər".


Təəssüf ki, biz də bəzən çevrəmizdə olan insanlar haqqında belə dəyişməz düşüncələrdə ola bilirik. Dinləmədən, düşünmədən, tanımadan, sadəcə bir anlıq düşüncə sıçrayışları və ya bənzətmələrlə qarşımızdakı insanı mühakimə edib, haqqında qərar çıxararıq. Bəlkə də ən asanı bu olduğuna görə belə edir, çətini seçmirik. Çünki bir insan və ya hadisə haqqında düşünmək, o insanı tanımağa çalışmaq, onun təcrübələrini anlamaq dünyanın ən çətin və ən çox vaxt aparan işlərindən biridir. Halbuki insanlar eyni qalmır hər gün hər dəqiqə nələrsə öyrənir, nələrdənsə dərs alır, inkişaf edir, dəyişir, dönüşür. Yunan filosofu Heraklitin də dediyi kimi;  "Dəyişməyən tək şey dəyişimin özüdür.” O səbəbdən insanlar haqqında qərar verməzdən öncə önyarğılarımızı bir kənara qoymağımızda fayda var. 


Unutmayaq ki, Uca Yaradan belə insanı həyatının son anına qədər mühakimə etməz.

Qısacası hekayəmizdən də anlaşıldığı kimi önyarğıdan uzaq yaşamaq önəmlidir. Eynşteyn boş yerə "önyarğını parçalamaq atomu parçalamaqdan çətindi” deməyib. Atomlardan ibarət bir düzəndə belə təkrar-təkrar yaradıldığımız, hər şeyin yeniləndiyi bu dünyada insanlar haqqında "yarğılarımızı dondurmaq” çox da münasib görünmür.


Nəticədə Allah insanı "xəta, tövbə edə bilər” "yanlışdan dönə, fikrini dəyişə bilər” fitrətdə yaradıb. Bir insan haqqında fikir və hissiyatımızı kor-koranə dondurmaq özümüzə, ona və haqqa qarşı ədalətsizlik olar.


Yəni, hekayəmizdəki "dərzi” kimi hər dəfə sıfırdan ölçü almaq gərək. Çünki imtahan davam edir, dolayısıyla "enişlər-yoxuşlar” da davam edir. Heç kimi "önyarğılarımıza” həbs etməyə, qəlibə salmağa, etiketləməyə, damğa vurmağa haqqımız yoxdur. Ədalət bizdən bunu gözləyir. 

 


Hazırladı: Günel Deniz

qadınkimi.com