300, 200, hətta 100 il əvvəl sərhədlərin olması (siyasi, iqtisadi, dini, mədəni və s.) normal və bəlkə də zəruri hal idi. Bu gün onlar nəinki arxaik görünür, hətta sivilizasiyanın gələcəyə doğru hərəkətinə əngəl törədən buxovlara çevrilib.
İnsan sivilizasiyası parçalanma səbəbindən bəşər tarixində misli-bərabəri olmayan dərin siyasi, iqtisadi, sosial və mənəvi böhran mərhələsinə qədəm qoyub. Milli iqtisadiyyat üzərindən quruluşu bazar iqtisadiyyatı və ona məxsus istehsal münasibətləri qlobal miqyasda məhsuldar qüvvələrin, elm və texnologiyaların inkişafını ləngitməyə başlayıb. Milli liberalizm və demokratik institutlar çat verməkdə, pandemiyalar və ekoloji problemlər, nizamsız miqrasiya və terrorizim, lokal, regional və hətta qlobal miqyasda konfiliklər və digər problemlər şiddətlənməkdədir. Milli sərhədlər daxilində qapanmaqla bu problemləri həll etmək mümkün deyil. Hegemon dövlətlərin əlində alətə çevrilmiş BMT bu problemlərin ağırlığına tab gətirmir və onları həll etmək iqtidarında deyil. Daha səmərəli və işlək Beynəlxalq institutların yaradılması tələb olunur.
Bəşəriyyətin Birliyi insan cəmiyyətinin təkamülündə yeni sosial mərhələdir. İnsan cəmiyyəti yaranan gündən yönümü ona doğrudur. Qədimlərdə insanlar ailə qrupları halında yaşayıb, sonradan qəbilə-tayfa birlikləri, şəhər - dövlətlər və xalqlar, XIX əsrdə millətlər və suveren dövlətlər yaranmağa başlayıb və XX əsrdə bu proses bitib. Növbəti mərhələ Bəşəri Birlikdir.
Bəşəriyyətin birliyi öncə palanetdə yaşayan insanların mənəvi birliyidir. Hər yerdə insanlar "Dünya bir vətən və bütün insanların onun vətəndaşı” ideyasını qəbul edib, siyasi, iqtisadi, dini, irqi, milli xurafatlardan və təəssübkeşliklərdən imtina etməsə, hərbi büdcələr və ordular ləğv edilməsi o necə ortaya çıxa bilər? Millətlər, dinlər, irqlər özlərində iradə tapıb onlardan imtina etməlidirlər.
Əbdül-Bəha yazır:
İnsan aləminin ən böyük ehtiyacı birlik və əməkdaşlıqdır. Bəşər ailəsinin bütün üzvləri, istər millətlər olsun və ya hökumətlər.. onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Deməli, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur.
Şövqi Əfəndinin 1931-ci ildə yazdığı "Millətlərə çağırış kitabında deylir:
Əgər keçmişdə könüllərdə bəslənilən ideallar, zaman-zaman müqəddəs sayılan təsisatlar, bəzi sosial fərziyyələr və dini qanunlar bu gün Bəşəriyyətin böyük hissəsinin rifahının yaxşılaşmasına təsir göstərmirsə, əgər onlar daim inkişafda olan Bəşəriyyətin mənafeyinə xidmət etmirsə, onları süpürüb dövrünü başa vurmuş və unudulmuş təlimlər zibilxanasına atmaq lazımdır. Nə üçün ümumi dəyişkənlik və dağılma qanununa tabe olan dünyada onlar ümumi qanundan kənarda qalmalıdır?
Axı, hüquqi standartlar, iqtisadi və siyası nəzəriyyələr yalnız Bəşəriyyətin bütövlükdə maraqlarını gözləməkdən ötrü təsis edilmişdir, ona görə də ayrı-ayrı qanun və ya doktrinaların qorunması naminə Bəşəriyyət əzab çəkməməlidir.
Dünyada hər şey böyümə və dəyişmə qanununa tabedir. Milli təsisatlar və strukturlar bir zamanlar zəruri idi. Lakin bu gün həmin təsisatları və strukturları saxlamaq naminə bəşəriyyətin maraqlarını qurban vermək haqqımız yoxdur. Dünya birliyi insan cəmiyyətinin bütün səviyyələrində üzvi dəyişikliklər tələb edir. Dövlətlər arasında münasibətləri tənzimləyən, müharibələrin qarşısını alan və planetin təbii resurslarını bütün insanların marağına uyğun şəkildə sərf edən, sərəncamında qanunverici, icraedici və məhkəmə təsisatları olan Dünya Federativ Sisteminin yaradılması tələb olunur.
Dünya Federativ Sisteminin yaradılması bütün sosial sistemin yenidən qurulması deməkdir. O, iqtisadi və siyasi inteqrasiyanın daha yüksək səviyyəsinin əldə edilməsini tələb edir. Dəyişikliklər təkcə milli dövlət strukturlarına, iqtisadi və texnoloji sistemlərə deyil, ictimai münasibətlərin xarakterinə də toxunmalıdır. Bu dəyişikliklər radikal xarakter daşıdığından, onu sosial inqilab da adlandıra bilərik. Bu dəyişikliklərin yaratdığı inkişaf perspektivləri olduqca böyük olacaq.
Dünya Federativ Sistemi təbii resurlardan səmərəli istifadəni və maddi nemətlərin ədalətlə paylanmasını tənzimləməli, biosferin qorumasını və bərpasını nəzarətdə saxlamalıdır. Yeni sistem resursların mənasız israfçılığına son qoyacaq; o, həmçinin zənginliklə yoxsulluq arasındakı uçurumu, xalqların kasıb və varlı xalqlara bölünməsini ləğv edə biləcəkdir. Hər bir xalq ümumdünya birliyində öz layiqli yerini tutacaq. Ən əsası isə planetimizdə müharibələri kökü kəsiləcək, ordular ləğv olacaq və Böyük Sülh bərqərar olacaq.
Lakin Bəşəriyyətin birliyə doğru dönməz inkişafının aşkar əlamətlərinə baxmayaraq, bu proses bir qrup insanların istəyi əleyhinə baş verməkdədir. Dünyanın siyasi, dini, iqtisadi liderləri xalqların həqiqi birliyinə deyil, Bəşəriyyətin parçalanması səbəbindən yaranmış qlobal böhranın yumşaldılmasına çalışırlar. Dünya və vətən haqqında anlayışları genişləndirmək və Bəşəriyyətin birliyini tanımaq haqqında çağırışlar həm ictimaiyyətin bir hissəsi, həm də "uzaqgörən siyasətçilər” tərəfindən laqeydliklə qarşılanır. Filiosof Karl Popper - "Dünya liderlərinin xəyanətinə baxmayaraq, özünün hələ körpəlik dövrünü yaşayan Sivilizasiyamız böyüməkdə davam edir”- sözlərini deyərkən, görünür, həmin liderləri nəzərdə tuturmuş.
İnsan qruplarının müxtəlifliyi, mədəniyyətlər və dinlər arasındakı fərqlər bir çoxları üçün keçilməz səddə bənzəyir. Bəşəriyyətin Birliyində məqsəd insanların qəlbindəki sağlam düşüncəli vətənpərvərlik alovlarını söndürmək deyil. Dünyanın bütün insanlarına məhəbbət insanın öz vətəninə olan məhəbbəti istisna etmir. Lakin qatı millətçilik, irqçilik, dinçilik və onunlarla bağlı olan önyarğılar insanlığa məhəbbətə yol verməlidir. Bəhaullah buyurur: "Fəxr etməsin o kəs ki, öz ölkəsini sevir, qoy fəxr etsin ki, insan nəslini sevir.”
Bu prinsiplə həmçinin dünya xalqlarının dil, ənənə, estetik xüsusiyyətlər və adətləri ləğv edilmir. Əksinə, onun əsas məqsədlərdən biri maddi dəyərlərə söykənən indiki insan cəmiyyətinin törətdiyi hədsiz mərkəzləşmənin, yeknəsəkliyin nəticələrini aradan qaldırmaqdır.
Bəşəri Birliyin Yerdə qurulması insanlığın tarixində yeni mərhələ olacaq. Bu cəmiyyətdə bütün bəlaların, xəstəlik və səfalətin, zülm və haqsızlığın sonu çatacaq. Hər yerdə firavanlıq və azadlıq bərqərar olacaq. İnsanların birgə səyi və əməyi ilə qurulucaq bu
cəmiyyətin elmi-texnoloji, intelektual-mədəni və mənəvi səviyyəsi indikindən qat-qat yüksək olacaq. Əbdül-Bəha buyurur:
Dartışmalar, mübahisə və qətllər sülh, doğruluq və barışla əvəz olunacaq; sevgi və dostluq yaranacaq. Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq... İxtilaf və mübahisələr millətlərin və ölkələrin ümumi tribunalı qarşısında mütləq ədalətlə son həllini tapacaq və baş qaldıran çətinliklər həll olunacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək, yer üzü bir ölkə olacaq və bəşəriyyət tək icmaya çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Səmavi məhəbbətin işığı nur saçacaq, düşmənçilik və nifrətin zülməti yer üzündən qovulacaq. Ümumdünya sülhü öz çadırını yer kürəsinin düz ortasında quracaq... Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və ədavət aparan millətlər – hansı ki, qurd və quzuya, bəbir və çəpişə, aslana və buzova bənzəyirlər – bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə, varlıqların sirlərinin gerçəkliyi haqda biliklə və Allahın biliyilə dolacaq.
İndi gələn düşünək biz hansı dünyada yaşamaq istəyirik: konflik və bəlalar içində boğulan parşalanmış dünyada, yoxsa firavanlıq, azadlıq və əmin-amanlığın hökm sürdüyü sərhədsiz və hərbisiz Bir Ümumi Vətəndə.
Azər Cəfərov
Bakı Dövlət Universitetinin dosenti, Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru