1983-cü ilin 4 dekabrında Avstraliyanın Brisben şəhərində xəstəxanaların birində bir oğlan uşağı dünyaya gəlir. O doğulanda həkimlər təşvişə düşürlər. Bu xəbəri valideyninə necə çatdıracaqlarını düşünürlər, çünki balaca körpənin qolları, ayaqları yox idi. Doğuş stolunda olan ana hələ bundan xəbərsizdi. Həkimlər atanı çağırıb hər şeyi deyir və uşağı ona göstərirlər. Şoka düşən ata arvadına nə deyəcəyini düşünürdü. Onun yanına gedir. Gözlərinə baxmağa cəsarət etmədən yalnız bir söz deməyə gücü çatır:
"Bizim oğlumuz çox gözəldir..."
Nik adını qoyduqları bu oğlanı gənc ana dörd ay qucağına ala bilmir, əmizdirməkdən imtina edir. Ancaq uşaq böyüdükcə həyata "dördəlli" sarılırdı. Hətta yeriməyə cəhd edirdi. Sadəcə bir balaca dayaq rolunu oynayan ayağı sayəsində. Sonralar o, bu ayağını əl kimi istifadə edir, hətta hovuzda belə üzə bilirdi. Nikin bu inkişafı ailəsinin onunla bağlı ümidsizliklərini tamamilə unutdururdu. Evdəki bir çox texnikalar, hamamda duş, demək olar ki, hər şey Nikin onlardan rahat istifadə edəcəyi vəziyyətdə quraşdırılmışdı. O, yazmağı bacarır, kompüterdən istifadə edir, ağlı ilə hamını heyrətləndirirdi.
Ancaq məktəbdə hər şey o qədər də asan olmadı. Nik uşaqlarla dil tapmaq, onlara özünü qəbul etdirmək üçün çalışırdı. Təbii ki, bir gün ümidləri tükəndi. Və bu dünyada hamıya yük olduğu qərarına gəldi. Vannada çimərkən suyun altına girib, özünü boğmağa cəhd etdi. Amma son anda fikrindən daşındı. Axı atası, anası, bacısı, qardaşı onu çox sevirdilər. Onlara bu acını yaşatmağa dəyərmi?!
Məhz bundan sonra o, gələcəyi barədə düşünməyə başladı.
Günlərin bir günü Niki universitetlərin birinə tələbələrin qarşısında çıxış üçün dəvət etdilər. Bütün tələbələr onun söhbətlərini heyrət və göz yaşları içində dinlədi.
« Bir vaxtlar mən həyatımı kənardan seyr edib düşünürdüm ki, məndə heç nə alınmayacaq. Və başladım nəyi istəyib, nəyi istəməyəcəyim barədə seçimlər etməyə… İlk olaraq, onu dərk etdim ki, hər şeyə görə minnətdarlıq etməyi bacarmalıyam. Təbii ki, bu, çətin idi. Amma mən həyatı sevirəm. Hər kəs təəccüb edir ki, mən necə bu qədər gülə bilirəm. Sadəcə səbirli olmaq lazımdır ».
Sonda gənc qızlardan biri ağlayaraq, onu qucaqlamaq istədiyini bildirdi. Nik ilk dəfə hansısa bir xanımın onu belə sevgiylə qucaqladığını gördü. Bundan sonra səsi-sorağı yayılan Niki müxtəlif yerlərə çıxış etmək üçün dəvət edirlər. O, insanlara ibrətamiz hekayələr danışır, onları həyatı sevməyə səsləyir, hətta tamaşaçılarını məzəli söhbətləri ilə əyləndirməyi də bacarırdı. Beləcə, Nik professional oratora çevrilir.
Dəvətlərin sayı-hesabı yox idi. Yüzlərlə televiziya kanalına, radiolara müsahibə verir. Dünyanın 40-dan çox ölkəsində böyük tribunlarda çıxışlar edir. Bu, onu həm də maddi baxımdan gücləndirir. O, iki ayaq barmağının köməyi ilə hətta öz həyatından bəhs edən kitab yazır.
Nik hamını sevməyə, aşiq olmağa səsləyirdi. Özü də aşiq olurdu. Amma qarşılıq görməyəcəyini bilirdi.
"Ən çətini isə budur. Mən anladım ki, kişi birinci qadının əlindən tutur. Məhz bundan sonra ürəyinə yol tapır. Mənə isə ürəyin qapısını açmaq üçün əl lazım deyil..."
Deyəsən, vəziyyət Nikin sandığı qədər acınacaqlı deyilmiş. Çünki günlərin bir günü ona aşiq olan qadın tapılır. Bütün fiziki məhdudiyyətlərinə rəğmən Kanae Miaxara Nikə ürəkdən bağlanır. 2010-cu il fevralın 10-da onların möhtəşəm toyu olur. Hətta cütlük haqda film çəkilir.
Evliliklərindən bir il sonra onların oğlu doğulur. Uşağın əllərini və ayaqlarını görən Nik sevindiyindən qışqıra-qışqıra ağlamağa başlayır.
Nik düşünür ki, insanlar iki əsas həyat qaydasını bilməlidirlər.
Birinci: nə vaxt ağrısan, bil ki, səni sevənlər var.
İkinci: "hər şey gözəl olacaq" deyə yaşamaq lazımdır...
Sonda isə... Sahib olduqlarımız var.
Paylaşdı: Tamilla Qulami
qadinkimi.com