KİŞİ KİMİ
Nihad Əhmədov Tarix : 07 Sentyabr 2021, 01:52


 

Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi dairəsinə daxil olan kəndlərdən biridir. İkinci savaşda 5 şəhidi var bu kiçik kəndin.

2000-ci ildə bu kənddə dünyaya göz açan Nihad Fuad oğlu Əhmədov 2020-ci il oktyabrın 10-da şəhid olub. İndi doğma kəndində uyuyur.

"Mən Azərbaycan əsgəri olub, ermənilərin tankını vuraram!” arzusu ilə böyüyən Nihad Fuad oğlu Əhmədov arzusuna çatıb....

Mübariz İbrahimovun adı dilindən düşməyən, onun şəkillərini toplayan, Pəncəli Teymurovun qəhrəmanlıqlarını öyrənməkdən yorulmayan Nihad himnimizə, bayrağa, vətənə sevgiylə böyüyüb.

Doqquzillik təhsilini Alaşa kənd məktəbində alıb. Sonra Birinci Vətən müharibəsinin şəhidi Elman Ağayev adına Səncərədi tam orta məktəbdə tam orta təhsil alıb, çalışqan, yaxşı oxuyan şagird kimi seçilənlərdən olub Nihad.

2017-ci ildə Orta təhsilini başa vurub, Bakı Rabitə və Nəqliyyat kollecinə daxil olur. Birinci kursu müvəffəqiyyətlə bitirib, 2018-ci ildə Həqiqi hərbi xidmətə gedir. Həqiqi hərbi xidmətdən sonra hərbiçi olmağa qərar verir. Həqiqi hərbi xidmətdən qayıtdıqdan bir-neçə ay sonra müddətdən artıq hərbi xidmət üçün sənədlərini hərbi komissarlığa təqdim edir.

 

 


"Uşaqlıqda "mən əsgər olaram, döyüşərəm, erməniləri qıraram” deyirdi tez-tez. Özünə oyuncaq silah düzəldər, silahla gəzərdi, "erməniləri öldürəcəm” sözü bu idi. Bir başqaydı vətən sevgisi. Böyüdükcə, hadisələri öyrəndikcə "Qarabağa gedəcəm” deyirdi. Ona görə də kollecdə oxumağına baxmayaraq təhsilinə davam etmədi.İyul hadisələrindən sonra heç qayıtmağı düşünmədi. Biz bilmirdik, hərbidə olanlar yəqin müharibə olacağını bilirmiş. "Ata, torpağımızı azad etməliyik, indi hamı əsgər olmalıdı” dedi. İsrar etmədim, haqlıydı. Şəhid olmaq istəyirdi özü. Döyüşdən əvvəl məzuniyyətə gəlmişdi. Namaz qılırdı, tez-tez məscidə gedirdi. "Mən bayrağa bürünüb dönəcəm bir də bu kəndə” deyib kənd axunduna getmədən - atası Fuad Əhmədovun səsindəki ağrıda oğlunun mərdliyindən, müharibə olacağını bilərək hərbidə qalmaq arzusunun böyüklüyündən yaşadığı qüruru da duydum.

5 ay xidmətdən sonra müharibə başlayır. Hərbi xidmət boyu məsuliyyəti, silahlara yiyələnmə, onlardan istifadə etmə qabiliyyəti ilə seçilir. Nihad ən sərrast qranatamyot, iri çaplı pulemyot atıcısı kimi həmlə taborunda döyüşə qatılır fəxrlə.

Hazırda Laçında hərbi xidmətdə olan Əli Şahmarov: Dost idik. Əsgər dostluğu fərqlidi məncə. Burda həm də bir-birimizə sirdaş, yoldaş, qardaş, ata oluruq elə bil. Müddətdən artıq hərbi xidmətimiz bir yerdə keçib. Bütün günü birlikdə olurduq. Çox bacarıqlıydı. Sərrast atıcıydı. Sərrast atıcıları izləyir elə bil düşmən. Döyüşdəydik, 10 metr məsafə ayırırdı bizi. Məhz Nihad olan yerə mərmi düşüdü. Onun şəhid olduğunu gördüm gözlərimlə. Elə bil mərmi başımı dağıdıb... Müharibə başlamadan yarım saat əvvəl şəkil çəkdirmişdik. Elə vüqarla dayanmışdı, elə xoşbəxt idi savaşda olacağına. Bir də oktyabrın 2-də şəkil çəkdirdik. Birlikdə son şəklimiz...Şəhidlik ona qismət oldu.

Döyüş yoldaşı Teymurun sözlərinə görə Nihad ikinci qrupda olub, ancaq birinci qrupa keçmirilməsini istəyib. İlk hücuma keçənlərlə birlikdə olmağı arzulayıb.”Vətən üçün şəhid olmaq müqəddəs iş idi onun üçün. ”- deyir Teymur.

 

 Ana, ölsəm bağışlaAna, ölsəm bağışla


Anası Elnarə xanımın xatirələrindən: Hərbi xidmətə hazırlaşırdı. Bilirdi ki, narahatam, həyəcan keçirirəm. Tez-tez "Azərbaycan əsgəri” mahnısını oxuyurdu. Əsgərliyi Tərtərdə keçib. Orda xidmətdə olanda sevinə-sevinə zəng elədi ki, Mübariz İbrahimovun postundayam. Döyüş başlamadan öncə məzuniyyət vermişdilər. Əşyalarına baxmazdıq. Gedəndən sonra bir qeyd dəftərçəsi tapdı atası: ”Ana şəhid olsam , ağlama, bağışla” yazmışdı. Mənə göstərdi. Çox pis oldum, o vərəqi çırdım. Özü hiss eləmişdi. Əslində şəhid olmağı gözə almışdı”.

Hər gün ailə üzvləri ilə əlaqə saxlayan Nihad döyüşlərin ağırlığından anasına söz açmazdı. Subiyə nənənin əziz nəvəsi daha çox nənəylə bölüşərdi: Nənə burda qırğın gedir. Nənə heç bilmirsən, nələr edirəm, nənə. O çaqqallar elə qaçır ki... Mənimlə fəxr edəcəksən. Narahat olanda "Mən ölən oğlan deyiləm, gələndə hamısını danışacam”- deyirdi. Balam şəhid oldu. Bu yolu seçdi. -Səsindəki kövrəklik kövrəldir, sevgi heyrət doğurur: Təki Vətən sağ olsun. Prezidentimiz İlham Əliyev sağ olsun. Allah Ali Baş Komandanı qorusun. – deyir

Taliş kəndinin, Kəlbəcərin kəndlərinin, Suqovuşanın, Murovdağın azad olunmasında ilk həmlə taborunun ən sərrast atıcısı kimi igidcə döyüşüb hələ nənə nəfəsindən doymayan Nihad Əhmədov. Murov yüksəkliyi uğrunda döyüşlərdə şəhid olub.

Əhmədovlar ailəsində iki oğul böyüyüb. Ailə başçısı, Şəhid atası Fuad Əhmədov 2015-ci ildən nevroz xəstəliyindən əziyyət çəkir. Elə ciddi müalicə almaq imkanı da yoxdur. Ona görə də Nihad atasının işləməsinə razı olmurdu. Tikintisi yarım qalan evlərini də özü tikdirmək istəyirdi. "Ata, sən işləmə, artıq işləyirəm, tikdirəcəm evi də” deyirmiş atasına.

İgidimizin qardaşı Birinci Qarabağ savaşının iştirakçısı Milli Qəhrəman Riyad Əhmədovun adını qürurla daşıyır. Naxçıvanda keçən hərbi xidmətdən bir-neçə aydır qayıdıb. Hələki özünə iş axtarır. "Yaşat” fondu, dövlət yardım etsə də Ailə üzvlərinin heç biri işləmir. Atanın hərbi xidmətdən qayıdan oğlunu işə düzəltmək üçün etdiyi müraciətlər nəticəsizdi.

İlk günlər ailəyə baş çəkən, başsağlığı verən, "Nihad hamımızın oğlu, hamımızın fəxridir” deyən məsul şəxslər olub. "Çox söz verdilər,amma vaxt keçdi hamısı unuduldu, Kamalə xanım”-dedi ata. FHN-nə də müraciət edib. Amma müsbət cavab yoxdu.

Astara rayon İH bu şəhid ailəsinə niyə heç bir yardım göstərmir görəsən?

20 yaşını müharibədən 20 gün əvvəl hərbi xidmətdə döyüş dostları ilə birlikdə qeyd edən Nihadsa həmin gün 20 yaşdan nigaran olan anasına zəng edib "Ana, narahat olma, doğum günümü burda çox gözəl qeyd edirik”-deyib.

Bu il sentyabrın 7-də 21 yaşını qeyd edəcək doğma kəndi. "Ruhun şad olsun” deyəcəklər. Görəsən, Nihadın ruhu şad olacaqmı?

 

 

 

 

Kamalə Abiyeva
 
qadinkimi.az