Nərminin qətli-faciəsi barədə (2-ci yazı)
"Nərminin qatili kim ola bilər?" ötən
araşdırma yazımızda azyaşlı Nərmin Quliyevanın qatilinin ümumi portretinin
konturlarını açıb göstərdik. Nəzəri tərəfdən kimə uyğun gələr, ya gəlməz
orasını bilmirəm lakin, keçirilmiş
çoxsaylı ekspertizaları analiz edərək bu dəfə Nərminin oğurlanmasından meyitinin aşkar edilməsi, yəni 21
noyabr 2019 tarixdən 06 yanvar 2020 tarixədək olan dövrdə 47 gün müddətində
keçirtdiyi əzablı həyatı təhlil edək. Yenə təsəvvür edərək ki, qatil hələ
tapılmayıb.
10 yaşlı Nərmin, ya aldadılaraq, ya öz xoşu ilə, ya
da zor tətbiq edilməklə oğurlanıb qapalı yerdə saxlanılıb. Bunu onun qəflətən
yoxa çıxması və 47 gün gizlin, pis şəraitdə saxlanması göstərir.
Nərmin halsızlaşıb, huşsuz
komatoz vəziyyətinə düşənədək ağzı (yəqin ki, qışqırıb səs salmasın deyə dəsmal
ilə) bağlı halda oksigen çatışmazlığı halında və həmçinin uzun
müddət hərəkətsiz, yatağa bağlı vəziyyətdə saxlanılıb. Bunu həm meyitin təşrih
müayinəsi zamanı ağ ciyərlərində aşkar edilən atelektaz (ağ ciyər
alveolalarının quru, sıradan çıxması) həm də pnevmoniya əlamətləri göstərir.
Nərmin uzun müddət soyuq şəraitdə, ən əvvəl az
qidalı, sonradansa tam qidasız saxlanmışdır. Bunu meyitin müayinəsi zamanı ağ
ciyərlərdə ocaqlı pnevmoniya, ürək əzələlərinin iltihabı, qara ciyər və
miokardda çox zəif lipofussionoz və nutritivsizliyin (qida qəbulu olmadan) əlamətlərinin olması və mədə
bağırsaqlar, sidik kisəsinin boş olması göstərir.
Daxili müayinə zamanı aydın olur ki, Nərminin
daxili üzvləri uşaq yaşına uyğun, tam yetişməmiş kiçikdir. Anatomik parametrlər
üzrə də düzgün yerləşir və hamısı yerində olmaqla zədəsizdir. Bunlarsa onu tam
göstərir ki, "Orqan mafiyası"nın uşağı oğurlayaraq, onun orqanlarını
kəsib götürməsi yanlış şaiyədir. Ümumiyyətlə, orqan götürülmə və köçürülmə
xüsusi bir əməliyyatdır öz klinika və çıxarılmış orqanı saxlama şəraitini (ən
azı kənd deyil, şəhər mühitində) tələb edir. Bunu edən imkanlı mafiya gətirib,
uşağı geriyə kəndə atıb yandırmaz. Digər tərəfdən də, uşaqlarda daxili orqanlar
yeni fəaliyyətə başladığı üçün uşaq orqanına ehtiyac nadir halda olur. Köçürülən
orqansa böyüklərdən fərqli olaraq yaşa uyğun düz gəlməlidir. Bu versiya
yanlışdır.
Nərminin meyitinin müayinəsi, daxili cinsiyyət
üzvlərinin kiçik yaşa uyğun olaraq, tam inkişaf etməməsini, uşaqlığın boş olmasını,
məhkəmə - bioloji laborator müayinədə, cinsi əlaqə kimi əlamətlərin olmamasını
müəyyən edib. Bu isə, Nərminin "hamilə olması" versiyasını da inkar
edir.
Nərminin başında: təpə, ənsə, gicgah və alına keçən
nahiyyələrdə, başın dərisində kənarları qeyri-düz və əzik olan, 4-5 ədəd
yaralar olub. Bu yaralar kənarı til ola bilən massiv küt alətlə (daş, ya ağac tərkibli
alət, ya baltanın küpü, "kuvalda" və s.) törədilib. Zərbələr kəllə
sümüklərini, baş beyin toxumalarını və orada həyati vacib sinir sistemi mərkəzlərini
zədələyib ki, bu da beynin mədəciklərinə qansızma törədərək uşağın ölümünü
qaçılmaz edib. İddia edilən kəsici və deşici yaralar olmaylb, olsa yaraların kənarları
düz xətti olmalı idi. Və həm də, deşici yaralar "otvyorka", qayçı ilə,
kəsici-deşici yara bıçaqla yetirilir, bu alətlərlə isə kəllə sümüklərini keçib
daxili massiv əzintilər, zədələr törədilə bilməz.
Nərminin meyitindəki yanıqlar əsasən, aşağı ətrafı
və gövdənin aşağı hissəsini əhatə edib. Bu da onu göstərir ki, qatil tezalışan
yanacağı əsasən cəsədin aşağı hissəsinə töküb, oradan da alışdırıb və yanma
aşağıdan-yuxarı doğru gedib. Və müayinədə meyitin nəfəs yollarında bronxlarda
his, yanıq hissəcikləri tapılmayıb. Bu da onu göstərir ki, yanma zamanı Nərmin
nəfəs almayıb, hisi içəri çəkməyib. Yəni, artıq ölmüş imiş. Və ekspertlərin
ümumi müayinəsi göstərir ki, Nərmin meyit aşkar olunandan 1 ya 2 gün əvvəl, qətlə
yetirilib, sonra yandırılıb.
Oğurlanaraq, 47 gün əzablı şəraitdə saxlanılıb
öldürülüb yandırılan meyit Nərmin Quliyevaya məxsusdur. Bunu təyin edilmiş məhkəmə
tibbi genetik ekspertizanın 28 fevral 2020-ci il tarixli rəyindən müəyyən etmək
olur. Testə uğradılan meyit (NN) ilə İsmayılova Aynurə Rahib qızı və (MN) həm,
Quliyev Şərif Qəşəm oğlunun (NF) arasında, bütün STR lokuslarda uyğunluq yəni
arada qohumluq, övlad-valideyn əlaqələri var.
Əldə etdiyim, məhkəmədə açıqlanmış istintaq
materiallarından bu, bəzilərinə əsasən, hələlik hansı nəticələrə gəlmək olar? Nərmin
Quliyeva:
▪ Aldadılaraq oğurlanıb, uzaq olmayan yerdə qapalı
mühitdə uşağa zor tətbiqi ilə saxlanılıb.
▪ Uzun müddət ağzı bağlı, nəfəs çatışmayan, hərəkətsiz
və yatağa bağlı bir halda saxlanılıb.
▪ Uzun müddət soyuq şəraitdə, qismən üstü örtülərək
az qidalı, sonradan qidasız saxlanılıb, yəni son 15 gün artıq qida qəbul edə
bilməyib.
▪ Daxili orqanları azyaşlıya uyğun ölçülü, tam
yerində və düzgün yerləşib, solğun, zədəsizdir. Orqan çıxarılıb satılma iddiası
əsassız görünür.
▪ Daxili cinsiyyət üzvləri azyaşlılara uyğundur,
uşaqlıq boşdur, hamiləlik keçirmə iddiası əsassızdır.
▪ Başında bir neçə küt alət (daş, ağac, balta küpü
və ya dəsmala bükülmüş dəmirin) yarası var. Hansı ki, kəllə sümüklərini
sındırıb, beyinin toxumalarını əzib, beyindaxili güclü qansızma verərək ölüm
yaradıb. Kəsici, deşici yara deyil. Ölüm halı meyit tapılandan 2 gün əvvəl baş
verib.
▪ Yanması ölümdən sonra, nəfəssiz baş verib, bədənin
aşağı hissəsindən başlayıb, yandırılıb. Ola bilsin ki, bununla manyak-qatil
qızın xarici cinsiyyət orqanları nahiyyəsi ətrafında törətdiyi mexaniki nişanə
xəsarətlərin itirilməsinə çalışıb.
▪ Meyitin mənsub olduğu Nərmindir. Quliyev Şərifin
və İsmayılova Aynurənin övladıdır. Bunu məhkəmə tibbi-genetik ekspertiza təsdiq
edib.
Bu cinayətin ən dəhşətli, amansız tərəfi körpə qız uşağının qətlindən, yandırılmasından əvvəl baş verənlərdi, onun soyuq, nəfəssiz, qidasız, natəmiz, psixoloji qorxu-stress şəraitində həyatının son çöküş halına - ölüm ayağınadək 47 gün saxlanılıb, əzab verilməsidir. Qatil onu ilk gün öldürsə, bu zülmü yaşamazdı. 10 yaşlı
qız uşağı üzərində bu müdhiş faciə, iztirabı törədən kimdirsə, çox amansız, qəddar
insani hisslərsiz, aqressiv manyak, psixopatdır. Və ola bilməz ki, bu şəxs
yaşadığı bu illərdə öz ifrat, psixoloji aqressiyasını bəzi hallar, anlarda göstərməsin.
Yaxın qohum-ətrafı da görməsin, bu faciəni törətməyə qadir olduğunu bilməsin.
Nərmin faciəsi barədə ixtisaslı fikirlərim hələlik
bu qədər. Gedişata baxıb, əlavə fikir bildirərəm.
P.S.: Qeyd
edim ki, ixtisasca həm də ekspert olaraq (vaxtilə ekspertiza rəylərini yoxlama
imkanı olan şəxs kimi) bu ekspertiza rəylərinin obyektiv və qanun ilə verildiyi
qənaətindəyəm. Ən azı ona görə ki, ekspertiza rəylərində elə məqamlar var ki,
istintaqın mövqeyini təmin etmir və ittiham tərəfinə uyğunsuz, qane etməyən
hallar vardır.
Və onu da əlavə edim ki, bunlar keçirilmiş
ekspertizaların yalnız Nərminin sağlığı, orqanizmi, həyatına və taleyinə aid
olan faktları əhatə edən hissəsidir. Cinayətdə konkret təqsirli bilinən şəxs ilə əlaqəli bir çox ekspertizalar isə ayrıdır. Hələlik məhkəmə getdiyinə görə
onlara toxunmadım.
Sonda bir daha qeyd edirəm ki, mən əldə olunan sənədlərə (məhkəmədə açıqlanan faktlara) əsasən, öz ixtisaslı qənaətimi bildirirəm.
Və kənardan kimi isə günahlandırıb, ittiham etməyim yanlış olar. İstintaqın,
faktların içində olsaydım, kim olur olsun, fərq etmədən bunu açıq deyərdim.
Meyitin mənsubluğu, yəni Nərminə aid olması barədə ekspertiza rəyi
İlqar Altay (Xüsusi olaraq Qadinkimi.com üçün) yazdı
Qadinkimi.com