İki ildi Nərmin işini izləyirəm. Mənə görə ölkəmdə baş verən ən dəhşətli cinayət hadisəsidi.
Daha bir dəhşət odur ki, ölkədə nə baş verirsə qadın suçlanır. Ər öldürür, deyirlər görən nə edib? Bir ailənin uşağı oğurlanır, 44 gün əzabla saxlanır, öldürülür, yandırılır, ananı suçlayırlar.
Bu ailə ilk gündən uşağını axtarır. Günahkar ailə niyə polisə getsin, verilişə çıxsın, PA-ya üz tutsun, hamıya yalvarsın, qurumların qabağında qalsın, mediaya danışsın, prezidentin nəzarətə götürməsinə kimi bütün ölkəni ayağa qaldırsın ki, uşağımızı tapın? Uşağını satan ailə belə etmir.
Gah dedilər orqan mafiyası aparıb. Orqan mafiyası kəndə gəlib uşaq oğurlayıb, sonra da onu öldürüb gətirib bu boyda hay-həşirin içində kəndə atıb və yandırıb. Söhbət mafiyadan gedirsə, uşağı ilim-ilim itirərdi. Niyə gətirib öz əli ilə iz saxlasın ki?
Gah 10 yaşlı uşağa şər atıb hamilə idi dedilər. Həkimlər təsdiqləyər ki, belə hadisə çox-çox nadir olur, mümkün deyil. Yekə-yekə kişilər ölmüş uşağa böhtan atır və el-aləm bunu sakitcə izləyir. Ekspertizada isə belə rəy çıxmayıb.
Gah dedilər ilik köçürməsi üçün ailə uşağı satıb. İlik köçürməsi sivil tibbi bir prosedurdu. Cinayət deyil, qaçaqçılıq deyil, onu belə gizlin, qorxulu ssenari quraraq etməyə nə gərək? Heç bir klinika 18 yaşınacan uşağı donor kimi qəbul etmir. Və heç kim ilik köçürməsindən ölmür. Donora təhlükə yoxdur. Parasını alır, yaxşılığını edir, gəlir evinə.
Günlərlə mühasirədə olan, içində axtarışlar aparılan, bütün ölkənin diqqətində olan bir kəndə kim risk edib kənardan meyit gətirib atar? 44 gündü uşaq yoxdu və bütün kənd bunu bilir, hamı gözdə-qulaqdadı, kəndə axtarış itləri belə gətirilib. Ora hansı "ağıllı” kənardan girər?
Məntiq hara itib, nə olub bizə? Ədalətinə inandığım adamlar belə bütün şübhəni o yazıq ailənin üzərinə çəkməyə çalışır. Niyə belə edirsiz? Nə baş verir? Kim sizi aldadır?
Məhkəmə prosesi niyə uzanır deyirlər. Bu, olduqca böyük cinayətdi, hətta daha iki il çəkə bilər. Burda böyük ehtimal ki, şahidlər də var, axır-əvvəl üzə çıxacaqlar buna əminəm. Bu cür ağır, adamın ağlını donduran cinayətdən danışanda çox ehtiyatlı olmaq gərəkdi. Söhbət 10 yaşlı qızcığaza edilənlərdən gedir. Özünü insan sayan insan kimi hiss edən hər kəs bu mövzuda həssas olar. Bu cinayəti ört-basdır etmək, bilib danmaq, görüb susmaq vicdan işi deyil və daha təhlükəlidi.
Ağlı başında olan insan belə bir cinayəti gizlətməz, susmaz.
Hər şey bir tərəfə, ittiham edilən adam suçsuz çıxsa belə, bu cür faciə yaşamış bir ailəyə qarşı nifrət qusmaq, böhtan atmaq, onların avam, kasıb, arxasız, özünə bir vəkil belə tuta bilməyən ailə olduğunu, özlərini bəzən ifadə edə bilmədiklərini nəzərə almadan hər sözlərinin başına kəndir keçirib təhqir yağdırmaq, günahlandırmaq, bu cür bir vəhşət üzərində oyun qurmaq, ödəniş alıb çəkiliş edərək onları cinayətə şərik kimi göstərməyə çalışmaq, fürsət bilib kimlərisə bu hadisənin üzərindən vurmaq ən böyük qansızlıqdı. Bir uşağa yaşadılan dözülməz əzabdan, onun işgəncəylə öldürülməsindən söhbət gedir. Kim bu hadisədən hər hansısa bir mənfəət güdürsə, bilərək yalan danışırsa, qarşısına çıxacaq, həyat bumeranqdı.
Aysel Aydın Alizada
qadinkimi.com