YAZI / DÜŞÜNCƏ
Aysel Əlizadə - Nərmin balanın hüquqları ətrafında birləşək Tarix : 02 Dekabr 2022, 11:31

Ehtimal yeri qoymadan adamı gözübağlı müdafiə edənlərə sual verirəm: Yekə kişilərin qız uşaqlarını oğurlaması faktı azdırmı dünyada?


Sübutsuz-sənədsiz ölkənin ədəbiyyatında, mədəniyyətində, mətbuatında, televiziyasında 25 illik əməyi olan insana rahatca şər ata bilərsən, amma rəsmi sənədlərdə bu qədər fakt ola-ola adamın cinayət etdiyinə inana bilməzsən. 


Harada görmüsüz zərərçəkmiş tərəf qala-qala təqsirləndirilən tərəfə bu qədər meydan verilsin?!


Sual verirəm, ananın xələtində uşağın lifi nə gəzirdi? Həyasızlıq etməklə deyil, ortada suallar, rəsmi ittihamlar var. 


Adamın adı bir uşağın qətlində hallanır, özü də elə-belə qətldə yox, vəhşicəsinə, amansızca bir cinayətdə. Uşağın başına zərbə vurub öldürəndə qan sıçramasın deyə 13 qat parça bağlamaqda suçlanır, həmin parçanın eynisi bacısının evindən çıxır, evindən viaqra tipli dərman tapılır, deyirlər, "o yaşlı atamızındı”; anasının xələtindən uşağın geyim lifləri çıxır, tapılan saç tükü uşağın tüküylə oxşar olur, qan ləkəsi uşağın qan qrupuyla eynidi- ittiham aktında var; peşəkar ekspertlər günlərlə yanına həbsxanaya gedib səhərdən axşama kimi danışdırıb rəy verirlər, saatlarla meyit üzərində ekspertiza aparılır. Saysız-hesabsız fakt aşkarlanır. Amma biz ağzımızı açıb fikir deyə bilmərik. 


Bir anlıq o uşağın keçirdiyi hissləri təsəvvür edin - cinayətin masştabını. Bu boyda cinayəti sübut etmək olmur - mənə işgəncə veriblər, ona görə qətl ssenarisi qurub danışmışam, deyir. Amma biz bir kəlmə danışanda sifarişli, agent oluruq.


Amerikada Beynəlxalq Cəsarətli Qadınlar ödülü alan vəkil mənə ironiyayla yazır ki, belə canınız yanır ailəsinə vəkil tutun. Amerikada ödül almaqla olmurmuş bu işlər. Anlayıram, ödəniş yoxdur, kömək etmir. Heç olmasa, edənlərə ən kiçik dəstək təklif etmək olar, "nə hüquqi məsləhət lazım olsa edərəm” demək olar. Bu nə ironiyadı? Həmcinsini, bir yazıçını uşağın ictimai müdafiəsini etdiyi üçün ələ salmaq, günahkar çıxarmaq cəhdinin adı nədi? 


Görəsən, Amerikada bu hərəkətə necə baxardılar?


İki ildən çoxdu məhkəmə gedir. Vəkil ödənişini çatdırmaq üçün gərək buna maddi imkanın ola. Biz yalnız uşağın haqqını qorumaq istəyənlərlə birləşib bunu edə bilərik.


Qarşı tərəf əlində olan hər şeyini satıb məhkəmələrə, ictimailəşdirməyə yatırıb. Maşallah olsun, kafeləri, dükanları, torpaqları, evləri hər şeyləri olub. Arxalarında Tovuz klanı dayandığını deyənlər var. 


Mənim də gücüm nəyə çatır onu edirəm, başqa nə etməliyəm? Zəhmət qoyuram, əsəb, vaxt itirirəm, ittiham aktını gedib Tovuzdan uşağın ailəsindən alıb oxumuşam, bir-bir şahidlərlə danışmışam, ailəsi ilə görüşmüşəm, məhkəməsində olmuşam, yazmışam, canlı yayın etmişəm, gücüm çatan maddi dəstək vermişəm. Daha nə olsun, adam başqa necə can yandırır? 


Bütün bunların qarşılığında necə bir kimlik olmalısan ki, mənə "boş-boş yazırsan” deyəsən. 


İctimai vəkillik statusunu ləğv ediblər gözəlim ölkəmdə. Əslində, ictimai vəkillik sivil ölkələrdə praktikada görünmüş çox normal mövqedi. 


Adamların təfəkkürünə görə mövqeyin onlarla üst-üstə düşmürsə səhvdi. Bəlkə siz haqlı deyilsiz? Bəlkə mən haqlıyam? 


Bu ölkədə indiyəcən hansısa ədalətsizliyə susduğumu görən varsa, desin. 


Uşağın ailəsini danışdırdığım, saxlanılan adamın suçlu olduğuna inandığım üçün özlərində məni təsəvvürlərində belə dəqiq cıza bilmədikləri bir planda suçlamaq haqqı görürlər. Soruşsan, səncə həqiqət necədi, dəqiq, sistemli, məntiqə uyğun bir cavab verə bilməzlər. Mücərrəd-mücərrəd şeylər danışırlar. 


Bunu da şəxsimi şəxsən tanıyanlar susaraq izləyir. Haqlı olduğumu bilənlər belə…


Ən azı "biz bu qadını tanıyırıq, onun ən yaxşı yerlərdə oturmaq şanslarından imtina etdiyini, azad fikrini heç nəyə qurban vermədiyini anlamağa böyük ağıl lazım deyil” söyləyə bilərdilər. Amma susurlar…


O zaman bizim heç nəyə mənəvi qarantımız qalmır. Sabah yenə belə bir hadisə olsa, adam çıxıb "işgəncə verdikləri üçün boynuma götürdüm” desə, cəmiyyət ona inanacaq. Və biz heç vaxt hüquqi, ağıllı məmləkətə çevrilə bilməyəcəyik. 


Hüquq sistemimizdə böyük problemlərin varlığı, həbs edilən hər kəsin suçsuz olması anlamına gəlmir. Bu yanaşmayla, gərək bütün cinayətkarları buraxsınlar. 


Məncə, biz çox dözdük bu adamlara. O qədər meydan verdik, susduq ki, ağızlarına gələni danışdılar. Bir cəmiyyətin bəlkə də özü bilmədən, bu qədər haqsızlıq etməsinə imkan yaratmaq bizi qorxulu yerlərə aparır. Təhlükəni təsəvvürünüzdə canlandırın. 


Bütün professional mediaçı dostları, ictimai xadimləri, məsuliyyətli, vicdanlı vətəndaşları Nərmin balaya sahib çıxmağa, onun hüquqları ətrafında birlik sərgiləməyə çağırıram. Danışın, heç olmasa, ittiham əsasında bu uşağa edilənləri dilə gətirin, birtərəfli mövqeyə imkan verməyin.


Selin qarşısında dayanmaq olmur. Yalnız! Dağ olsan mümkündür.



Aysel Aydın Əlizadə

qadinkimi.com