YAZI / DÜŞÜNCƏ
NEQATİVLİK – PİS ƏHVAL yoluxucudur... Tarix : 26 Noyabr 2019, 13:30
Yazar : Qadinkimi.com
HƏYATA GÜLÜMSƏYİN!

NEQATİVLİK – PİS ƏHVAL yoluxucudur:

Kiminsə pis əhvalı asanlıqla başqalarına təsir edir.Ona yoluxmayın.
Psixoloji durum keçicidir. Uzunmüddətli ünsiyyətdə olduğunuz adamın əhvalı sizə daha çox ötürüləcək. Məsələ ondadır ki, insan beynində "güzgü” neyronlar var. Onlar ünsiyyətdə olduğumuz adamın duyğularına qarşılıq verir, yəni bu duyğuları əks etdirir, özümüzü onun yerində hiss etmək kimi hal yaradır. Bu bir tərəfdən yaxşıdır, insanın əhvalı yaxşıdırsa, bizə müsbət təsir edəcək, amma insanların əhvalı həmişə yaxşı olmur və biz xoşagəlməz duyğuları da qəbul edirik.

NEQATİV - NEQATİV YARADIR

Bunu həmişə özümüzə etiraf etməsək də, yəni fərqinə vara bilməsək də başqasının mənfi əhvalı bizə pis təsir edir. İndiana Dövlət Universitetinin psixoloqları tərəfindən aparılan araşdırmalar digər insanların fikirlərinin əhvalımıza və davranışlarımıza təsir etdiyini müəyyən edib. Üstəlik, psixoloqlar mənfi fikirlərin pozitivlərdən daha güclü təsiri olduğunu aşkar ediblər.
Təcrübə zamanı iştirakçıların bəzilərindən  müxtəlif qida məhsulları haqda fikir bildirmək xahiş olunub. Fikirlər müxtəlif olub. Sonra iştirakçılar həm müsbət, həm də mənfi fikirlərini başqaları ilə bölüşüblər. Alimlər mənfi rəylərin başqalarının məhsula münasibətinə daha çox təsir etdiyini müəyyən edib: öncədən olan mənfi fikir bir az da güclənib, yaxşı rəylər pisləşib. 

KƏDƏR VİRUS KİMİDİR

Harvard universitetinin psixoloqları emosional əhval və qarşılıqlı münasibətləri araşdırıblar. Hər hansı uğursuz, kədərli hadisəni danışarkən emosiyalarımızın başqalarına necə təsir etdiyini öyrəniblər. Müəyyən olunub ki, kədər xəstəlik virusu kimi yayıla bilir, yəni təsiri güclüdür. Sevincin təsiri isə azdır. Məsələn, kiminsə sevinci sevincimizi 11% artırırsa, kədər iki dəfə çox təsir edir.
Psixoloqlar mənfi hissləri yolxucu xəstəliyə bənzədirlər.
 


PİS ƏHVAL - RUHİYYƏ  DƏ  KEÇİCİDİR

Biz pis əhvalı və aqressivliyi tez hiss edirik. İnsan beyni bu cür əhvala özünəməxsus şəkildə reaksiya verir. Belə adamların hərəkətləri bizə kobud və yersiz görünür, bu da bizim əhvalımızı pozur. Bunu Florida ştatının psixoloqları araşdırıb. Eksperiment üçün  seçilən insanlardan biri ilə kobud  davranırlar, o da ünsiyyətə girdiyi başqa biri ilə aqressiv davranır. Pis əhvalın, aqressivliyin təsiri güclüdür və bu bir həftə davam edə bilir.

MÜSBƏT – ŞƏN İNSANLARIN  ƏHATƏSİNDƏ  OLMAĞA ÇALIŞIN

İstəsək də, istəməsək də əhatəsində olduğumuz adamların əhvalı bizə təsir edir. Ona görə pis əhvallı, neqativ ötürən adamlarla ünsiyyətdən uzaq olmağa çalışın, özünüzü yaxşılara kökləyin. Əgər doğmanız, dostunuz qanıqaradırsa, ona öz xoş əhvalınız, münasibətinizlə daha çox yardımçı ola bilərsiz.

Həyatımızın bir parçası olan insanlar var ki, biz onların pis əhvalına, kədərinə laqeyd qala bilmirik. İstənilən halda bu əhvalı çox da yaxın buraxmayın, çünki sizdə də neqativ duyğular yaranacaq və siz ona "ah – vay”la kömək edə, yaxşı nəsə ötürə bilməyəcəksiz. Adam yalnız neqativ duyğular ötürürsə, ünsiyyətə can atmayın.  Sadəcə inanın ki, həyatda gözəl, sevincli hadisələr də çoxdur. 

HƏYATA GÜLÜMSƏYİN Kİ, O DA SİZƏ GÜLÜMSƏSİN...

Çevirdi: Kamalə Abiyeva
qadinkimi.com