DƏB VƏ BAXIM, QADIN / KİŞİ
“NEFERTİTİ” BRENDİNİ yaradan ŞƏHLA BABAYEVA İLƏ Tarix : 31 Avqust 2021, 15:10

Şəhla elə dünyaya gəldiyi özəl günlə fərqləndi. 31 dekabr… Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni ilin astanasında hələ heç nəyinə bələd olmadığı dünyaya gəlişi ailəyə üçüncü bayramı yaşatdı. Sabirabad rayonunda doğulan bu qızın uşaqlığı güvənli, qayğı ilə əhatə olunmuş keçdi, orta məktəbi bitirib 2 nömrəli Bakı Tibb Texnikumunun əczaçılıq fakültəsinə qəbul olundu. Ailədən mənimsədiyi işgüzarlığı, öz imicini yaratmaq meyli, daima axtarışlarda olması nəticəsiz qalmadı. Birinci kursdan əmək fəaliyyətinə apteklər şəbəkəsindən  başladı…

   Musahibimiz Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycanda Əl işləri və gəlin aksesuarlarından ibarət "Nefertiti” brendinin qurucusu Şəhla Babayevadır.

-Şəhla xanım, necə oldu ki, bu işə başlamağa qərar verdiniz? İlk hazırladığınız nə oldu və bundan nə qədər gəlir əldə etdiniz? Ümumiyyətlə, sizi bu işin ən çox maddi, yoxsa mənəvi tərəfi maraqlandırır?

-Orta məktəb illərindən xüsusi bacarığım olduğunu kəşf etmişəm. Mənim çoxlu gəlinciklərim vardı. Hamısına da ad qoymuşdum. İlk dəfə onlar üçün paltar tikmişəm. Ən çox da gəlin paltarı tikir, ona uyğun fata düzəldirdim. Sonra mənimlə bərabər arzularım, ideyalarım da böyüdü. Evdə köhnə hesab edilən bəzək əşyası və suvenirləri götürüb görkəmini dəyişirdim. Bir dəfə sosial şəbəkələrin birində bir gəlin şəkli gördüm, saçına vurduğu aksesuar marağma səbəb oldu. Beləcə indiki işimin bünövrəsi qoyuldu… İlk əl işim gəlin üçün bel kəməri olub, qazancım isə 8 manat… İş insanı məmnun etməlidi, işləyərkən daxili rahatlıq hiss etməlisən. Mən bu işimlə xoşbəxtəm, həm də bir növ qazanc yerimdi.

-Belə işlərlə məşğul olanlar çoxdur, amma hamı uğur qazana bilmir. Sizcə bunun səbəbi nədir?

–İnsanda özgüvən aşağıdırsa, heç bir işdə uğur qazana bilməz. Ruh yüksəkliyi, inam, yeni ideyalar, zamanın nəbzini tutmaq vacibdir. Hər sahədə olduğu kimi burada da peşəkarlar da var, həvəskarlar da. Hər birinə uğur arzulayıram.

-Bu iş həm də səbir tələb edən bir işdir, bir aksesuar üstündə günlərlə işləmək lazım olur bəzən. Bəs sizin səbriniz çatırmı?

-Doğrudur. Dediyim kimi sevdiyin işdisə, səbrin də kömək olacaq. Bəzən vaxtı unuduram, eyni vəziyyətdə oturduğumun, gözümü saatlarla xırda muncuqlara zillədiyimin fərqində olmuram. İşi bitirəndə bütün ağrılarım bitir, yorğunluğumu unuduram. Bir də əl işlərimi xanımların xoş gününün şahidi olduğu üçün sevirəm…

-Siz ən çox hansı aksesuarlarla işləməyi xoşlayırsınız və yaşadığınız şəhərdə rəqiblərinizmı deyim, ya həmkarlarınız, çoxdurmu? Hazır işlərə orada tələbat necədir?

-Bütün işlərim mənə əzizdir, amma sifarişçinin istəyini nəzərə alıram, zövqlər çox müxtəlifdir, dəbdəbəli taclardan tutmuş zərif baş bəzəklərinə qədər sifarişlər olur. Türkiyədə daha çox həmkarlarım var, orada paxıllıq edənlər demək olar ki, yox dərəcəsindədi. Hamı uğurunu paylaşır, bir-birinə bildiyini öyrədir. Təlabata gəlincə, əsasən sadə aksesuarlara üstünlük verirlər, çox diqqət  çəkən bəzək əşyalarını sevmirlər…

-Son zamanlar gəlinlik paltarlarının təqdim olunmasında model kimi də görünürsüz. Üstəlik qardaş ölkədə film çəkilişlərinə də qatılırsız, hansı daha maraqlıdır sizin üçün və bu üç işi necə çatdırırsınız?

-Hələ az dediniz, (gülür), işim çoxdur əslində, qadınsansa məşğuliyyətin bitməz… Ev işləri, oğlumun dərsləri vaxt tələb edir. Məni modellik, modelyerlik həmişə maraqlandırıb. Tibb sənətini valideynlərimin istəyilə seçmişəm. Bəli, zəhmətim, göstərdiyim çaba nəticəsini verir, çox şükür. Film çəkilişlərinə istəyim Türkiyədə reallaşdı, burada istəsəm də bəzi əngəllərlə üzləşdim. Modelliyə gəlincə isə, əslində dediyiniz kimi də deyil, Bakıya gəldiyim zaman bir qadın gözəllik salonunda  olarkən gəlin obrazı üçün üz cizgilərim diqqət çəkdi və mən də gələn təklifi dəyərləndirdim…

-Bilirik ki, uşaqları da unutmursuz, xüsusən qız uşaqları üçün saç üçün maraqlı bəzək əşyaları düzəldirsiniz. Nə zamansa əl işlərinizin satışı üçün xüsusi bir məkan açmağı düşünmüsünüzmü?

 


– Qızlar özü elə gözəldilər ki, onlara  hər şey yaraşır. Əsasən qolbağ və saç aksesuarları düzəldirəm onlar üçün… Məkan məsələsinə gəlincə, bəli, düşünürdüm, amma indiki vəziyyətdə bir sıra çətinliklər var ki, onlar aradan qaldırılmalıdı.

– Deyirlər uzaqdan baxana döyüş asan gələr, buna inanırsınızmı? Tezliklə İstanbula geri dönəcəksiniz, bu zaman işə hardan, nədən başlamaq fikrindəsiniz?

-Atalar nə deyibsə, düz deyib. Qardaş ölkə olsa da doğmalarından uzaqda olmaq üzür adamı. Amma başladığım işləri yarım buraxmaq olmaz, inşallah qoyub gəldiyim yerdən davam edəcəyəm işimə:


Sizə uğurlar arzulayır, səsiniz daha ucalardan gəlsin deyirik. Həyat sevginiz bol, əlləriniz var olsun, fantazlyalarınız isə tükənməsin.
 
 
 
Söhbətləşdi: Zaur Ustac, Yazarlar