YAZI / DÜŞÜNCƏ
Natiqə Quliyeva - Alma döyüşü Tarix : 18 May 2020, 18:04
Yazar : Qadinkimi.com
Buz döyüşü, Kür döyüşü, Lağım döyüşü… Tarixdə belə döyüş adları çox eşitmisiniz. Aleksandr Nevski 1242-ci ildə buz üstündə döyüşdüyü üçün belə adlanıb, buz uğrunda yox. Heç lağım uğrunda da döyüşməyiblər. Qayəsində...

Müharibələr adətən getdiyi ərazilərin adı ilə qəbul edilir. Mənimsə döyüşüm alma uğrunda olacaq. Al qırmızı almalar uğrunda. Nağıllardakı almaların növü, rəngi verilmir. Mənim uğrunda döyüşəcəyim almalarınsa adı "Qızıləhməddir".

"Qızıləhməd" uğrunda qan töküləcək, fəryadlar ərşə dirənəcək. Həm bizdə, həm də düşmən cəbhəsində. 
 
Tarixlə qısa, zamanla uzun illərin əvvəlinə dönüm...

1962-ci ildə atamı İsmayıllı rayonuna qulluğa yolladılar. O illərdən bizə iki qız övladı, bir də atamın burdan alıb apardığı alma tingləri yadigar qaldı. İllər tingləri alma ağacına çevirdi, məhsulu da bitib-tükənməz. Barını-bəhərini yığıb yığışdırmaq olmurdu. Bu ağaclara nə qulluq edən vardı, nə də qayğısına qalan. Bu səbəbdən yanağında qurd yerinin qara xalı gözə batırdı. Pay verməyə xəcalət çəkərdin. Rayon yerində hamının həyətində mer-meyvə bol olduğundan "qonaq ol" desən, sənə rişxənd edərdilər, bəlkə də. Calaq üçün aparanlar da olardı, qonşuların qazları barınardı almalardan. Çiçək burnundan qar yerə düşənə kimi xəzəllərin arasından tapıb yeyərdik. Birimizin burnu da qanamazdi, zökəmin  nə olduğunu da bilməzdik...



Məhsul yetişəndə, darvazamızdan həyətə girəndə almaların ətri bihuş edərdi adamı. Alma ətri... Kaş hər biriniz bu ətri duyaydınız. Duysaydınız indi mənim kimi qələmə sarılıb, içinizi vərəqləri tökərdiniz. İllərdir burnumda qalan xoş qoxu üçün.


 
İyirmi səkkiz ildir o almaların dadını axtarıram. Bazardan aldıqlarım o dadı vermir. Alyanaqlılar üçün müharibə etmək istəyirəm, döyüşmək istəyirəm.

Alma döyüşü... Alma uğrunda döyüş tarixə düşsün deyirəm. O dadı o almaya verən Qarabağ torpağının dadıdır. Dadı damağımdan getməyən o dadı.

İstər buz döyüşü olsun, istər alma, put daşı, çörək ətri, bənövşə qoxusu, valideyn məzarı uğrunda döyüş olsun. Fərqi nə? 

Qayəsi Vətən olsun. Sonu QƏLƏBƏ olsun!!!
 


Natiqə Quliyeva
qadinkimi.com