YAZI / DÜŞÜNCƏ
Müşfiq Şükürov - Həya ilə ehtiras arasında... Tarix : 27 Noyabr 2019, 12:00
Yazar : Qadinkimi.com
Keçən həftə Çexovun "İtgəzdirən qadın" (1898) hekayəsini yenidən oxudum. Yenə fikirlərimi bölüşürəm isti-isti.

Yarımçıq hekayə təsiri bağışladı. Sonluq yoxdur. Tolstoyun "Anna Karenina"sından təsirlənmə görünür. Tolstoyun Çexova təsiri böyük idi. Tolstoy da onun istedadını yüksək qiymətləndirirdi.

Burdakı qadının da adı Annadır. Karenina kimi o da mənən ölü bir məmurun arvadıdır (diri məmura rast gəlmək hər zamanda çətin işdir). Ərinin lakey  xislətindən iyrənən (kişi hamıya baş əyirdi) və sevgi arzulayan qadın xəstəlik adı ilə kurorta gəlib sevgili axtarışına çıxır. Bunu özünə açıq deyəcək qədər cəsarətli deyil. (19-cu  əsr idi, insanlar daha utancaq idilər onda və həyasızlığı cəsarət adına bazarlamırdılar hələ). Amma fikirləri artıq o istiqamətdə idi. Kurortda Dmitri adlı bir bank işçisi ilə rastlaşır. Dima dərin adam deyil, amma yaraşıqlıdır, qadınların diqqətini cəlb edir. Arvadını çoxdan sevmir, iki uşağı var. Uçub getməkdə olan gəncliyinin dadını çıxarmağa çalışır. Son zamanlar həyatına daxil olmuş qadınların sayını itirib. Qadınları sevmir, bu arada. Onları aşağı irq sayır. Amma seksə olan tələbatı onu yeni macəralara doğru itələyir.

Əslində, Anna da səthi qadındır. Amma təbiiliyi var. Həyası var. Çırpınır içindəki həyat eşqi ilə əxlaqi dəyərlər arasında. Dmitri ilk zamanlar onun bu "zəifliyindən" sıxılsa da, sonra alışır. Kurort bitir, macəra da. Aşıqlər öz şəhərlərinə qayıdırlar.

Maraqlı məqamlar bundan sonra başlayır. Dmitri Annanı unuda bilmir. Yaşadığı yüksək cəmiyyətin mənəvi ölülüyü onu həya ilə ehtiras arasında çırpınan Annaya doğru itələyir. Həyatında ən işıqlı hadisənin Anna ilə yaşadığı macəra olduğunu getdikcə daha aydın anlamağa başlayan Dmitri Annanı tapır və onlar hər 2-3 aydan bir oteldə görüşməyə başlayırlar. Dmitri onu boğan saxta həyatdan ikili həyat sürməklə çıxış yolu tapır. Hərçənd Annanı bu qane etməsə də. Daha dərin mülkiyyətçi kimi qadın yarımçıq statusla razılaşa bilmir. Və Çexov hekayəni burda  da bitirir.

Yarımçıqdır. Tolstoyun Annası qatarın altında bitirir həyatını. Burda da Anna bir gün güllələməli idi Dmitrini və özünü də vurmalı idi sonda. Amma Çexov tamamlamaq istəməmiş niyəsə. Ona görə hekayə etüd təsiri bağışlayır. Dahi əlindən çıxmış etüd. Tolstoyun Vronskisi və Annasına çox bənzətdim. İkisi də orta adamlardır. Amma ölü cəmiyyət onlara belə yaramır. Hər şeyin, saxta humanizm, öyünmək, söhrət, var toplamaq üzərində qurulduğu cəmiyyət.

Cəmiyyəti bu aspektdən indi də açmaq maraqlı olardı. Bizim insan da dərin quyuya düşüb. Müasir insanı deyirəm. Sosial şəbəkələrdə poz verən, yeni qadcet almaq, adalarda dincəlmək, 2 milyonluq saat gəzdirmək, hamıdan mömin, hamıdan humanist olmaq  arzusu ilə yaşayan müasir insan. Bilmirəm, yazan varmı. Oxumaq lazım.



Müşfiq Şükürov
qadinkimi.com