Adından da göründüyü kimi, ümumi otaq mənzildə ən böyük otaq olmalıdı. Çünki ailənin bütün üzvləri gününün çoxunu bu otaqda keçirir, bəzən hətta yeməyi də burada yeyirlər.
Bu otaqda avadanlığın qoyulmasına böyük əhəmiyyət verilir. Müasir mənzildə bir əsas qanun gözlənilməlidir: mebel nə qədər az olsa bir o qədər yaxşıdır. Mebellə doldurulmuş otaq darıxdırıcı təsir bağışlayır.
Orada nəinki istirahət etmək, hətta bir yerdən başqa yerə keçmək də olmur. Belə otaqda təmizlik yaratmağın nə qədər çətin olduğunu hələ demirik.
Ümumi otaqda yemək stolu ortaya yox divarın yanına qoyulsa yaxşıdı, belə olduqda otaq həm geniş görünər, həm də heç kimə mane olmaz. Stolun ətrafında söykənəcəyi alçaq olan stullar qoyulmalıdı, çünki, söykənəcəyi hündür olan stullar otağı vizual olaraq kiçildir.
Ümumiyyətlə, otaqda avadanlığın qoyulması üçün müxtlif üsullar var. Lakin bir cəhətə fikir verilməlidir ki, iş yeri otağın dərinliyində, yemək stolu isə mətbəxə yaxın divarın yanında olmalıdı.
Hər birimizin yorğun iş saatlarından sonra gəlib dincəldiyi məkanlardan biri də televizor önüdü. Bu səbəbdən müasir mənzildə televizor böyük rol oynayır, ona görə onu elə qoymaq lazımdı ki, otağın bir neçə yerindən görünsün və oturanlara çox da yaxın olmasın.
Televizora qaranlıqda və aydın gün işığında baxmaq olmaz. Gecə baxarkən otaqda balaca lampa yandırmalı, gündüz isə pərdələr çəkilməlidi.
Şəkillər, incəsənət nümunələri, güldanlar praktik əhəmiyyət daşımasa da, mənzil haqqında ümumi təəssürat yaratmağa kömək edir. Bunların otaqda çox olması pis təsir bağışlayır, adamda biganəlik hissi yaradır və qiymətli şey görünmür.
Ona görə də qiymətli şeyləriniz çoxdusa, onların hamısını, birdən qoymayın, hər dəfə yır-yığış edərkən dəyişin, beləliklə, siz mənzilinizdə yenilik gətirmiş olarsız.