İranda 22 yaşlı Mahsa Amininin rejim qüvvələri tərəfindən öldürülməsindən sonra başlayan etirazlar bütün dünyaya yayılıb. Türkiyəli gənc müğənni Melek Mosso da iranlı qadınlara dəstək olmaq üçün Harbiye Açıq Hava Teatrının səhnəsində saçını kəsib.
Səhnədə saçlarını kəsdi
Karyerasının ilk Harbiye konsertini verən Mosso "Bu gecə bütün qadınlar adından mahnı oxuyuram” deyərək konsertə start verib. Daha sonra "iranlı bacılarımın yanındayam” deyərək səhnədə saçlarını kəsib. Onun bu addımı izləyicilər tərəfindən dəqiqələrcə alqışlanıb. Konsert zamanı müğənni səhnəyə iranlı müğənni Aras İdolu və Selami Şahini dəvət edib. Selami Şahinlə "Nə faydası var” mahnısını, Aras İdolla isə "Gəl desəm də gəlmə” mahnısını ifa edib. Mossonun görüntüləri sosial mediada sürətlə yayılıb.
Nə baş verib?
22 yaşlı Mahsa Amini sentyabrın 13-də saçının bir hissəsinin görünməsi bəhanəsiylə məcburi hicab qanunlarını tətbiq edən "əxlaq polisi" adlanan İrşad patrulları tərəfindən saxlanılıb. Polis idarəsində olarkən döyülərək komaya salındığı ehtimal edilən Amini sentyabrın 16-da dünyasını dəyişib. Amininin ölümü ilə başlayan və bütün ölkəyə yayılan etirazlar davam edir. Baş örtüyünü yandıran, saçını kəsən qadınlar şəriət rejiminin devrilməsini tələb edir.
Türkiyədən və dünyanın hər yerindən gələn qadınlar da saçlarını kəsərək aksiyalara dəstək verirlər.
Xatırladaq ki, İranda Mahsa Amininin ölümündən sonra başlayan protestlərdə etiraz simvoluna çevrilən 20 yaşlı Hadis Nəcəfinin də 6 güllə ilə öldürüldüyü xəbəri yayılıb. Günlərdir milyonlarla insan küçələrdəki mitinqlərə qatılır, minlərlə qadın baş örtüyünü yandırıb saçlarını kəsir. Bu etiraz forması digər ölkələrə də yayılıb.
qadinkimi.com