İbrahimov İlqar Elçin oğlu 25 iyun 2002-ci ildə Astaranın Təxtənəkəran kəndində dünyaya gəlib. Torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmanca şəhid olan Elçin 2008-2019-cu illərdə Elşən Baxşıyev adına Rinə tam orta kənd məktəbində təhsil alıb. Yaxşı oxumaqla yanaşı bütün ictimai işlərdə fəal iştirak edib.
Yaşına baxmayaraq hörmətili idi, hamının sevimlisi idi İlqar.
2020-ci ilin iyulunda xidmətə çağrılanda ömrünün 19-cu ilinə yenicə qədəm qoymuşdu. Hələ çoxunun gözündə "uşaq” idi.
Məktəbin direktoru Fikrət Kəkəyev : Biz onlara uşaq deyirik. İllər sonra da məzunlarımız bizim üçün uşaq olaraq qalır. Amma bu uşaqların arasında İlqar kimi yaşından tez böyüyənlər də olur düşüncəsinə, davranışına görə. Çox zəki idi. Boy-buxunlu, qamətli idi. O saat diqqət çəkirdi.Yaxşı oxuyurdu. İnanırdıq ki, o bizim fəxrimiz olacaq. Çünki o, adi deyildi. Xalqımız qürurlu xalqdı. Və öz qürurunu qoruyub həmişə. Məhz bu qüruru İlqar kimi oğullar qoruyub. Yurdunu, elini, obasını sevən biri idi.
Oxuduğu müddətdə olduğu kimi hərbi xidmətdə də intizamı ilə seçilib.
27 sentyabrda başlayan Vətən savaşının döyüşçüsü idi. Suqovuşanın, Ağdərənin azadlığında iştirak edib. İlqar. Ağdarənin Tülküdərə kəndi uğrunda döyüşlərdə oktyabrda şəhid olub.
Doğma el-obasında onun adlnı daşıyan abidə kompleksini və bulağı vətən müharibəsi qazisi tabor komandiri Əli Səttarovla döyüş yoldaşları birlikdə açdı. İlqar bulağı axır indi vətənin bir guşəsində. İlqar, Şahnur, Fədail, Elçin, Baba adlı bulaqlar axacaq bu yurdda həmişə. Yanğımıza məlhəm olacaq. Doğma yurdun hər qarışına bərəkət gətirəcək, gül-çiçək bitirəcək.
Döyüş dostları "məhz İlqar kimi oğullara görə bu günhamımız qürurluyuq” – dedi.
Astara rayon Təhsil Şöbəsinin müdiri Rəşad müəllimin dediyi kimi "İlqarlar bizi boynubükük yaşamaqdan xilas etdi”.
Zəfər tariximizi yazanlardan oldu İlqar İbrahimov.
Nə desək onların elədiklərinin yanında çox cılız görünür.
"Vətən uğrunda”,” Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub 703 saylı hərbi hissənin əsgəri İlqar Elçin oğlu İbrahimov.
"Uşaqlıqdan hərbi geyim istəyirdi məndən, almışdım. Çox vətənpərvər idi. Deyirdi ki, gedib Qarabağın açarını gətirəcəm. Bax, ata, Mübariz də İbrahimovdu, mən də İbrahimovam. Onun kimi olmalıyam. Çox zəhmətkeş idi. Bütün işlərdə köməkçim olub. Hətta xəstəlik kağızı almaq, ya necəsə saxlamağı düşündüm. Özünə deyəndə çox həyəcanlandı, narahat oldu. "Mən fərari kimi yaşaya bilmərəm” dedi. "Elə-belə sözdü dedim” deyə onu sakitləşdirdim. İyulun 10-da çağırış oldu. Onu çağırmadılar. Tez-tez hərbi komissarlığa zəng edirdi, gedirdi ki, niyə məni çağırmadınız. Elə bil hiss eləmişdi müharibə olacaq. Hər gün gözləyirdi çağırışı, tələsirdi əsgər getməyə. Şəhidliyə tələsirmiş oğlum...” – atası Elçin yeganə oğlunu belə xatırladı.
Döyüş yoldaşı tabor komantiri Əli Səttarov : Gənc idi.. Amma gəncliyimizin vüqarının təmsilçisi oldu. Çox intizamlı, məsuliyyətli idi. Əsgərin şəhidliyini görmək də bir ayrı əzabdı komandir üçün. Gənc idi çox. Ən çətin döyüş tapşırıqlarını yerinə yetirirdi. Üçüncü tapşırığı yerinə yetirərkən şəhid oldu. Hərbi xidmət boyu özünü vüqarlı, cəsur biri kimi göstərdi taborda.
Kəndin ağsaqqalı İkinci Qarabağ savaşının baş giziri döyüş maşın komandiri , 24 il vətənə xidmət edən Zülfü Ağayevin atası Ağali Ağayev elə kövrək danışdı: Torpaq başqa bir şeydi. Torpaq sevgisi bir başqadı. Anadı torpaq deyirik, Anadan ötədi. Çünki hamımıza o qucaq açır.Hamımızı o qəbul edir.
Analarımızı da. Onu qorumaq hərbirimizin borcudur. Mənim də oğlum bu döyüşdə şəhid oldu. Bu gün oğlumla fəxr edirəm. Adam torpaq üçün şəhid olar elə.
Mübariz İbrahimovla eyni soyadı daşımağı ilə fəxr edən, Pəncəli Teymurovu idealı sayan İlqar onlar kimi olmaq arzusuyla yaşayırdı.
25 iyun 2021- ci ildə 19 yaşına İlqar bulağı açdılar doğma kəndində. O bulaqdan elə bil Mübariz, Polad, Pəncəli olmaq arzusu axır.
Bir yeniyetmə bulaqdan su içdi. Sonra ovucları ilə ətrafa su səpdi. Aydınlıq, nur səpildi vətən torpağına İlqar bulağından.
qadinkimi.com
Kamalə Abiyeva
qadinkimi.com