YAZI / DÜŞÜNCƏ
Möhtəşəm gün - KAMALƏ ABİYEVA Tarix : 09 May 2019, 22:37
Yazar : Qadinkimi.com
May ayını çox sevirəm. Bəlkə Yasəmən ətirlidi ona görə? Bəlkə ona görə ki, ilk günü uşaqlıqdan yaddaşımda qalan 1 may bayramı – Dünya zəhmətkeşlərinin birlik günüdür. Bu bayramı – bu günü çox sevirəm. Sovetlər dönəmində, yəni SSRİ – də bu bayramı hamı sevərdi. SSRİ dağılandan sonra, 1992- ci ildən totalitar rejimin bayram günlərindən biri kimi rəsmən ləğv olunub. Əslində bu günün SSRİ ilə heç bir əlaqəsi yox. Sadəcə sosializmin əsası sosial ədalət olduğundan sosialist dövlətdə sevinclə qeyd edirdilər. Əslində 1 mayın tarixi 19-cu əsrin 50- ci illərindən Avstraliyada başlayan zəhmetkeşlərin "8 saatlıq iş günü” uğruna mübarizəsiylə bağlıdır. Zəhmətkeşlər özlərini bir gün işdən azad etməyi qərara alıb, ilk dəfə 1856 – cı il aprelin 21 – də yürüş - bayram edirlər. Bu tezliklə Avstriyanı aşıb başqa ölkələrə də yayılır. 1886 – cı ilin 1 mayında dünyanın bir çox sənaye mərkəzlərinin zəhmətkeşləri "8 saatlıq iş günü” uğruna möhtəşəm yürüş keçirir. Nəhayət, 1989 – cu ilin iyulunda Parisdə II internosianalın 1- ci konqresində 1 Mayın dünya zəhmətkeşlərinin birlik, mübarizə günü kimi keçirilməsi qərara alınır. Və 100 ildən artıqdıqdır ki, 1 may zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi  dünyanın 100 – dən artıq ölkəsində ictimai bayram , 70-ə yaxın ölkədə isə rəsmi bayramdır.  Vikepediyada  Beynəlxalq Əmək bayramı kimi qeyd olunur. Bizdə yəqin sosial ədalətə ehtiyac yoxdur, əmək də bayram deyil. 8 saatlıq iş gününə də ehtiyac duyulmur. Amma o illərin gəncliyi  bu bayramı həsrətli, kədərli sevinclə xatırlayır. Bizim nəsil üçün 9 May da çox önəmli gün idi. Bəlkə buna görə may ayını sevirəm. Çünki 9 may – Qələbə günü var. 9 may - Qələbə bayramıdı - Qələbənin bayram günüdü. İlahi, necə gözəl səslənir: Qələbənin bayram günü. İllərdi ağlaya-ağlaya, hay-küy sala-sala, ümidlə gözlədiyimiz həsrət qaldığımız QƏLƏBƏ. Tariximizə yazılan hər ağır, ağrılı, utancverici günü yaşadıqca, qeyd elədikcə bu həsrət böyüyür, əzab verir... Amma bu utancın, əzabın içində düşünürsən ki, bəlkə Şuşanın işğal gününün 9 maydan-Qələbə bayramından bir gün öncə olması  təsadüf deyil? Bəlkə içimizdəki, gözümüzdəki ümid, inam işığını "sönməyə qoymayın” deyir. Bəlkə "Güc birlikdədi” deyir. ”Tarixin ən dəhşətli savaşında da qalib gəlmək  olar” deyir. Təki qələbə əzminiz olsun. Təki "Ancaq QƏLƏBƏ üçün”yaşamaq amacınız olsun! İnamınız olsun! Təki olsun! Təki  Azərbaycanımızı bir gün sapasağlam - AZƏRBAYCAN boyda görək! Təki bütün bu qaranlıq işğal günlərini bircə günün işığında itirək! Ən möhtəşəm bir günü - QƏLƏBƏnin bayram gününü yaşayaq, ömrümüzə - vətənin ömrünə yazaq.  
Və bir – birimizə,  AZƏRBAYCANA "Bayramın mübarək” deyək.

Uşaqlıqdan çox sevərdim doqquz mayı,
Sevinc ilə gözləyərdim mən bu günü, mən bu ayı.
9 mayda hər bir tərəf gül-çiçəyə bürünərdi,
9 mayda hamı  xoşbəxt görünərdi.
9 mayda təzə paltar geyinərdim, bəzənərdim,düzənərdim,
böyüklərlə birgə mən də sevinərdim.
Uşaq idim, doqquzu may mənim üçün
sadəcə bir bayram idi, bir də adı”qələbə”ydi.
İllər ötdü...anladım mən, anladım ki,
Qələbənin bayram günü - zəfər günü,
Min əzabdan, min ağrıdan doğulan gün
Kədər dolu ürəklərin sevinc dolu göz yaşında 
boğulan gün necə, necə möhtəşəmdi,
Çünki  adı "QƏLƏBƏ”di.
Qələbənin bayram günü, sevinc ilə gözləyirəm mən bu günü.
Zəfər günü! Möhtəşəmdi həqiqətin, möhtəşəmdi səadətin.
Nə olaydı, bu möhtəşəm həqiqəti,
Bu möhtəşəm səadəti ana yurdum yaşayaydı,
Bu torpaqda qələbənin bayram günü kaş olaydı.
23...26... faciəli fevral günü, 8-i may, 30 aprel...Daha neçə işğal günü...
Bu günləri sevmirəm mən."Məğlub”,”İşğal”,”Faciə”di,
Fərqi nədi bu günlərin adı nədi.
Nə olaydı bu günləri yad etməyə dözməyəydik,
dözümdən üz döndərəydik.
"məğlub,işğal” sözlərini döyə-döyə, söyə-söyə
Çatmaq üçün qələbəyə biz dözümün özünü də
Məğlub edib mat qoyaydıq. Öldürəydik,öləydik biz.
Bu günləri yaddaşlardan siləydik biz.
Bu günlərə qələbənin gözləriylə güləydik biz.
Şəhidlərin məzarından doğum-ölüm tarixini pozaydıq kaş.
əvəzində tək bircə gün- qələbənin tarixini yazaydıq kaş.
Qələbənin bayram günü-Zəfər günü,
Vətən üçün, torpaq üçün ölənlərin bayramısan,
şad günüsən-Şəhidlərin ad günüsən.
Nə böyükdü həqiqətin,nə gözəldi səadətin!
Necə,necə möhtəşəmsən!
Bacarsaydım sənə heykəl qoyardım mən.
Sonra hər gün qürur ilə önündəcə diz çökərdim,
baş əyərdim, əyildikcə ucalardım! Ucaldıqca öyünərdim.
Hamı ilə birgə mən də sevinərdim. 
Qələbənin bayram günü! Uşaqlıqdan çox sevirəm mən bu günü.
Həqiqəti müqəddəsdi! Səadəti müqəddəsdi!
Çünki adı "Qələbə”di.
Deməyin ki,ömrümüzdə bayram çoxdu,
Qələbənin bayramının tayı yoxdu.
Nə qədər bayram eləsək,hansı günə bayram desək 
puçdu, vallah,
qələbənin bayram günü yoxsa əgər ömrümüzdə
bu bayramlar heçdi, vallah.
Qələbənin bayram günü-Zəfər günüm,
nə gözəldi həqiqətin, nə gözəldi səadətin.
Nə olaydı bu həqiqət,bu səadət torpağımda yaşayaydı.
Çadırlarda ana olan gəlinlərim övladına deməyə bir söz tapaydı.
"məğlub”,”işğal,faciə”di fərqi nədi hansı ayın neçəsidi,
bu günlərin adı nədi?Bu günləri unudaydı.
Çadırlarda ayaq açan körpələrim 
bu günlərdən heç xəbər də tutmayaydı. 
Nə olaydı bu körpələr Qələbənin bayram günü
bəzənəydi,düzənəydi,hamı xoşbəxt görünəydi.
Odlar yurdum,ulu torpaq,od-alova dönəcəyik,qisasını alacayıq.
Lap tarixin özünü də mat qoyaraq bu günləri yaddaşından siləcəyik.
Ana yurdum ,ulu torpaq bir gün sən də
rahat-rahat nəfəs alıb öyünərsən, sevinərsən,Sənin ilə birgə mən də sevinərəm.
Hamınıza qələbə sevinci yaşamaq arzusuyla KAMALƏ ABİYEVA.


Qadinkimi.com