YAZI / DÜŞÜNCƏ
Möhtəşəm gün - Kamalə Abiyeva Tarix : 08 May 2020, 15:53
Yazar : Kamalə Abiyeva

Bizim nəsil üçün 9 May çox önəmli gün idi. Bəlkə buna görə may ayını sevirəm. Çünki 9 may – Qələbə günü var. Bu il həmin Qələbədən 75 il keçir. O Qələbənin böyüklüyünü anlayan hər kəs üçün bu bayramdır. 9 may - Qələbə bayramıdı - Qələbənin bayram günüdü. Böyük Vətən Müharibəsini mən də görməmişəm, onu haqda filmlər izləmişəm, kitablar oxumuşam. Müharibəyə nifrət edirəm əslində - insanların bir – birini öldürməsini başa düşmürəm. Müharibəni insanın özünə - insanlığa xəyanət olduğunu düşünürəm. Amma düşmənin varsa, müharibə olacaq. İndi də müharibə şəraitindəyik elə bil, amma bu bioloji silahla müharibədir. Amma hamımızı bir arzu birləşdirir: Qələbə!İlahi, necə gözəl səslənir: Qələbə! Qələbənin bayram günü.

 İllərdi ağlaya-ağlaya, hay-küy sala-sala, ümidlə gözlədiyimiz həsrət qaldığımız QƏLƏBƏ. Tariximizə yazılan hər ağır, ağrılı, utancverici günü yaşadıqca, qeyd elədikcə bu həsrət böyüyür, əzab verir... Amma bu utancın, əzabın içində düşünürsən ki, bəlkə Şuşanın işğal gününün 9 maydan - Qələbə bayramından bir gün öncə olması təsadüf deyil? Bəlkə içimizdəki, gözümüzdəki ümid, inam işığını "sönməyə qoymayın” deyir. Bəlkə "Güc birlikdədi” deyir. ”Tarixin ən dəhşətli savaşında da qalib gəlmək olar” deyir. Təki qələbə əzminiz olsun. Təki "Ancaq QƏLƏBƏ üçün”yaşamaq amacınız olsun! İnamınız olsun! Təki olsun! Təki Azərbaycanımızı bir gün sapasağlam - AZƏRBAYCAN boyda görək! Təki bütün bu qaranlıqları bircə günün işığında itirək! Ən möhtəşəm bir günü -

 QƏLƏBƏnin bayram gününü yaşayaq, ömrümüzə - vətənin ömrünə yazaq. Və bir – birimizə,AZƏRBAYCANA "Bayramın mübarək” deyək.

 

 

Uşaqlıqdan çox sevərdim doqquz mayı,

Sevinc ilə gözləyərdim mən bu günü, mən bu ayı.

9 mayda hər bir tərəf gül-çiçəyə bürünərdi,

9 mayda hamı xoşbəxt görünərdi.

9 mayda təzə paltar geyinərdim, bəzənərdim,düzənərdim,

böyüklərlə birgə mən də sevinərdim.

Uşaq idim, doqquzu may mənim üçün

sadəcə bir bayram idi, bir də adı ”qələbə”ydi.

İllər ötdü...anladım mən, anladım ki,

Qələbənin bayram günü - zəfər günü,

Min əzabdan, min ağrıdan doğulan gün

Kədər dolu ürəklərin sevinc dolu göz yaşında

boğulan gün necə, necə möhtəşəmdi,

Çünkiadı "QƏLƏBƏ”di.

Qələbənin bayram günü, sevinc ilə gözləyirəm mən bu günü.

Zəfər günü! Möhtəşəmdi həqiqətin, möhtəşəmdi səadətin.

Nə olaydı, bu möhtəşəm həqiqəti,

Bu möhtəşəm səadəti ana yurdum yaşayaydı,

Bu torpaqda qələbənin bayram günü kaş olaydı.

23...26... faciəli fevral günü, 8-i may, 30 aprel...Daha neçə işğal günü...

Bu günləri sevmirəm mən."Məğlub”,”İşğal”,”Faciə”di,

Fərqi nədi bu günlərin adı nədi.

Nə olaydı bu günləri yad etməyə dözməyəydik,

dözümdən üz döndərəydik.

"məğlub,işğal” sözlərini döyə-döyə, söyə-söyə

Çatmaq üçün qələbəyə biz dözümün özünü də

Məğlub edib mat qoyaydıq. Öldürəydik,öləydik biz.

Bu günləri yaddaşlardan siləydik biz.

Bu günlərə qələbənin gözləriylə güləydik biz.

Şəhidlərin məzarından doğum-ölüm tarixini pozaydıq kaş.

əvəzində tək bircə gün- qələbənin tarixini yazaydıq kaş.

Qələbənin bayram günü-Zəfər günü,

Yətən üçün,torpaq üçün ölənlərin bayramısan,

şad günüsən-Şəhidlərin ad günüsən.

Nə böyükdü həqiqətin,nə gözəldi səadətin!

Necə,necə möhtəşəmsən!

Bacarsaydım sənə heykəl qoyardım mən.

Sonra hər gün qürur ilə önündəcə diz çökərdim,

baş əyərdim, əyildikcə ucalardım! Ucaldıqca öyünərdim.

Hamı ilə birgə mən də sevinərdim.

Qələbənin bayram günü! Uşaqlıqdan çox sevirəm mən bu günü.

Həqiqəti müqəddəsdi! Səadəti müqəddəsdi!

Çünki adı "Qələbə”di.

Deməyin ki,ömrümüzdə bayram çoxdu,

Qələbənin bayramının tayı yoxdu.

Nə qədər bayram eləsək,hansı günə bayram desək

puçdu, vallah,

qələbənin bayram günü yoxsa əgər ömrümüzdə

bu bayramlar heçdi, vallah.

Qələbənin bayram günü-Zəfər günüm,

nə gözəldi həqiqətin, nə gözəldi səadətin.

Nə olaydı bu həqiqət,bu səadət torpağımda yaşayaydı.

Çadırlarda ana olan gəlinlərim övladına deməyə bir söz tapaydı.

"məğlub”,”işğal, faciə”di - fərqi nədi hansı ayın neçəsidi,

bu günlərin adı nədi? Bu günləri unudaydı.

Çadırlarda ayaq açan körpələrim

bu günlərdən heç xəbər də tutmayaydı.

Nə olaydı bu körpələr Qələbənin bayram günü

bəzənəydi,düzənəydi,hamı xoşbəxt görünəydi.

Odlar yurdum, ulu torpaq, od-alova dönəcəyik,qisasını alacayıq.

Lap tarixin özünü də mat qoyaraq bu günləri yaddaşından siləcəyik.

Ana yurdum, ulu torpaq bir gün sən də

rahat- rahat nəfəs alıb öyünərsən,sevinərsən,Sənin ilə birgə mən də sevinərəm.

 


 

Hamınıza qələbə sevinci yaşamaq arzusuyla

KAMALƏ ABİYEVA

qadinkimi.com