BİŞ-DÜŞ, HƏR ŞEY / HEÇ NƏ
Mətbəxdəki mikrodalğalı köməkçiniz Tarix : 05 Dekabr 2022, 11:00

Mikrodalğalı sobalar rahatlığına və içərisində bişirdiyimiz xörəklərin ləzzətli olmasına görə hər zaman istifadə etdiyimiz sobaları geridə qoyub. Bu sobalar müxtəlif həcmlərdə olur. Əgər mətbəxiniz çox darısqaldırsa, kiçik litrajlı sobaya üstünlük verməlisiniz. Böyük ailə və geniş mətbəx üçün isə 40 litr həcmə malik soba seçə bilərsiniz. Belə həcmli sobada bişirdiyiniz xörəklərlə böyük bir qonaqlığı yola verə bilərsiniz. 

 

Son zamanlar istehsal olunub satışa buraxılan sobalarda əsas iş rejiminə qril və konvektor da əlavə edilmişdir. Qril qızmış spiral, konvektor isə isti hava axını prinsipi ilə işləyir. Bir-biri ilə əlaqəli işləyən bu iki rejimlə çox gözəl nəticələr əldə etmək mümkündür. Məsələn, "mikrodalğa və qril” rejimi toyuğu mikrodalğaların köməyi ilə tez bişirə, qrilin köməyi ilə isə əla qızarda bilir. "Qril-konvektor” rejimi isə ləzzətli piroq bişirir. 


Temperaturdan və hazırlanma müddətindən asılı olaraq hər bir yemək növü üçün optimal proqram seçimi nəzərdə tutulmuşdur. Əlbəttə, bu, çox rahatdır. Əgər "balıq” düyməsini bassanız, avtomatik olaraq həm qril, həm mikrodalğa həm də konvektor rejimlərini işə salırsınız. Nəticədə balıq tez bişir, həm ətirli, həm də ləzzətli olur. 


Mikrodalğalı sobalar müxtəlif gücə malikdirlər. Seçdiyiniz soba nə qədər güclü olsa, o qədər baha olur. Belə texnika bişirilmə müddətini müəyyən edən saat və başqa elektronika ilə təchiz edilir. 


Bütün bu qiymətli əlavələri olan mikrodalğalı soba nə qədər baha olsa da, ona xərclənən pula dəyər. Yadda saxlayın ki, bu soba yalnız xörəyin tez bişirilməsi üçün yox, ərzaq məhsullarının donunun açılması və soyumuş xörəyin qızdırılması üçün də nəzərdə tutulub. 




qadinkimi.com