SƏNƏT
Məşhur rəssamların çəkdiyi qadınlar kim idi... Tarix : 27 May 2022, 21:40
Yazar : Qadinkimi.com
Məşhur rəssamların əsərlərindəki qadınların real həyatdakı görüntüləri necə idi...

Pablo Pikasso 17 il ərzində öz həyat yoldaşı - rus balerina Olqa Xoxlovanın portretini çəkib. Sevgi hekayəsinin başlanğıcında rəssam Olqanı realist janrda təsvir edir. Lakin sonradan evliliyin dağılması ilə Pikasso getdikcə sürrealizm üslubuna keçməyə başlayır. Buna görə də sonradan çəkilən portretlərdəki qadının məhz o əvvəlki dövrdə çəkilən həmin qadın olduğunu müəyyən etmək dərhal mümkün deyil.

Pikassoda olduğu kimi böyük rəssamların əksəriyyətinin modeli-ilham pərisi ya xanımı, ya da sevgilisi idi. Bu qadınlar əslində necə görünürdülər, kim idilər, nə işlə məşğul olurdular və onların həyatı necə oldu?.. Buyurun, yaxından tanış olaq...

Məşhur rəssamların modelləri əsərlərdə və realda necə görünür? Bəzi hallarda kontrast o qədər çoxdu ki, təsirlənməmək mümkün deyil.


ADEL BLOX-BAUER - QUSTAV KLİMTİN MODELİ 
 


Adel Blox-Bauer sayılıb seçilən bir burjuy ailəsində anadan olub. Atası Vyana Banklar Birliyinin baş direktoru idi. Adel 18 yaşında sənətə dəyər verən və özündən yaşca böyük olan şəkər istehsalçısı Ferdinand Bloch-Bauer ilə evlənir. Qustav Klimtin dörd böyük əsərinə modellik edir. Onlardan ən məşhuru "Adel Blox-Bauer-nin portreti l" idi (sağda). Portret "Qızıl Adel" və ya "Avstriyalı Mona Liza" adları ilə də tanınır.

Portretlə bağlı maraqlı bir hekayə də var: Adelin əri xanımı ilə Klimt arasında sevgi əlaqəsinin olduğundan əmin idi. Rəssamın öz ilham pərisindən soyuması üçün Bloch-Bauer tez-tez həyat yoldaşının portretini sifariş edirdi. Düşünürdü ki, xanımı rəssamın yanında nə qədər çox olsa, o qədər tez yorulub bezər. Rəssam portretin üstündə düz 4 il işləyir, 100-ə yaxın eskiz hazırlayır. Doğrudan da Adellə aralarında əlaqə var idisə bu müddət ərzində bitməsi mümkün idi.

JANNA EBÜTERN - AMADEO MODİLYANİNİN MODELİ 
 


Janna Colarossi Akademiyasında - özəl sənət məktəbində oxuyub. Akademiyanın tələbələri arasında model seçən italyan rəssamı Amedeo Modilyani ilə də elə orda tanış olur. Tezliklə aralarında roman başlayır. Janna Modilyaninin yanına köçür və onun rəsm əsərlərinin əsas mövzusuna çevrilir - rəssam onun 25-ə yaxın portretini çəkir. Cütlüyün elə eyni Janna adlı bir qızı da dünyaya gəlir.

Vərəmli meningitdən əziyyət çəkən Modilyani 1920-ci ilin yanvarında 35 yaşında vəfat edir. O vaxt rəssamın ikinci övladını bətnində daşıyan Janna Ebütern sevgilisinin ölümündən dəhşətli sarsıntı keçirir və bir gün sonra intihar edir. Amedeo və Jannanın qızını rəssamın bacısı böyüdür və tərbiyə edir.

 
BİR ÇOX RUS RƏSSAMI ÜÇÜN GÖRÜNTÜ VERƏN VERA MAMONTOVA
 


Zəngin mesenat Savva Mamontovun qızı  Vera Mamontova Valentin Serovun "Şaftalı ilə qız" rəsminin modeli olub.

Bir dəfə Vera gəzintidən evə qayıdır və öz şəxsi bağlarından bir şaftalı dərib stulda əyləşir. Həmin vaxt yanında valideynləri və onların qonağı rəssam Valentin Serov da olur. Növbəti 2 ay ərzində 12 yaşlı qız sonradan məşhurlaşacaq olan həmin şəkil üçün hər gün saatlarla görüntü verir.

 
Vera Mamontovanın portretini Viktor Vasnetsov (şəkli "Alyonushka" rəsmində görünür), Mixail Vrubel və Nikolay Kuznetsov da çəkir.


FRANSA RƏSSAMLAR BİRLİYİNİN İLK QADIN ÜZVÜ 
OGÜST RENUARIN, ANRİ DE TULUZ-LOTREK VƏ DİGƏRLƏRİNİN MODELİ - SÜZANNA VALADON
 


Subay bir paltaryuyan işçinin qızı, fransız rəssamı Süzanna Valadon Fransa Rəssamlar Birliyinə qəbul edilən ilk qadındı. O, Edqar Degas, Anri de Tuluz-Lotrek və "Rəqs seriyası"nın müəllifi  ("Bujiivalda rəqs" /sağdakı şəkil/ və "Şəhərdə rəqs") Pyer Ogüst Renuar kimi bir çox məşhur rəssamın modeli olub.
 


Tuluz-Lotrek Süzannanı tamamilə fərqli şəkildə görürdü: Bunu sənətkarın fırçasında (yuxarıdakı portret) əks olunan kədərli üz, tutqun, bəlli olmayan baxışlar, sıxılmış dodaqlardan müşahidə etmək mümkündür. Suzannanın özünün çəkdiyi rəsmləri ilk görən, onu rəssamlığa təşviq edən və "Susanne” təxəllüsünü ona verən də elə məhz Tuluz-Lotrek olub. Gerçək adı Marie-Clementine idi. Onu da qeyd edək ki, Valadonun həyatı boyu qazandığı yaradıcı və maddi uğurlar məhz rəssamlıq təhsili sayəsində olub.

OGÜST RENUARIN MODELİ AKTRİSA JANNA SAMARİ
 


Janna Samari - "Komedi Fransez" teatrında oynayan bir fransız aktrisası olub. Ailə həyatı qurana qədər o, Pyer Ogüst Renuarın emalatxanasının yaxınlığında yaşayırdı və tez-tez onun yanına rəsm üçün görüntü verməyə gedirdi. 1877-1878-ci illərdə rəssam Jannanın 4 portretini çəkir. Onların hər biri rəng, kompozisiya və ölçü baxımından digərlərindən xeyli fərqlənirdi. Ən məşhuru isə Moskvadakı Puşkin Muzeyinin kolleksiyasında olan "Aktrisa Janna Samarinin portreti" dir (sağda).

ANRİ DE TULUZ-LOTREKİN MODELİ JANNA AVRİL
 


Janna Avril - Parisin "Mulen Ruj” kabaresində "kankan” rəqqasəsi, rəssam Anri de Tuluz-Lotrekin sevimli modeli və dostu.

Janna 1889-cu ildə "Mulen Ruj"un açılışında çıxış edir və çox məşhurlaşır. Böyük Avropa paytaxtlarındakı dəbi XIX əsrin sonlarında kankana gətirən də elə məhz Avril olub. Beləliklə, rəqqasənin şöhrəti tək Paris kabaresində yox, həm də bütün Fransa və ətrafına yayılır. O, İngiltərəyə, İsveçrəyə, Belçikaya qastrollara gedir.
 
Tuluz-Lotrek Jannanı tək rəqsdə yox, gündəlik həyatda da 15 rəsm, 20 tablo, 2 plakat və litoqrafiyada təsvir edir.


ALFONS MARİYA MUXA VƏ MODELİ AKTRİSA SARA BERNAR
 


Çex rəssamı Alfons Muxa, məşhur fransız dram aktrisası Sara Bernar ilə əməkdaşlığı sayəsində xeyli şöhrət və uğur qazandı. Hər şey Muxanın Bernar və onun "Renesans” teatrı üçün "Jismonda” tamaşasına afişa dizayn etməsi ilə başladı. Afişa sensasiya yaradır və aktrisanın o qədər xoşuna gəlir ki, rəssamla 6 illik eksklüziv müqavilə bağlayır.

Bu müddət ərzində bir sıra tamaşalarla yanaşı Sara Bernarın xatirə günü üçün də plakatlar çəkilir (sağda) – Hansı ki, aktrisanın şərəfinə düzənlənən, musiqili pyesləri və dramatik səhnələri özündə cəmləşdirən bir ziyafət üçün nəzərdə tutulmuşdu. Bu afişada Muxa öz korporativ üslubunun tipik elementlərindən - mozaikalarla hazırlanmış bir fon, mürəkkəb çiçək naxışları, əsas personajın təmtəraqla yığılmış saçları və başının üstündəki bir haloya (nimba) bənzəyən dairədən istifadə edir.

SALVADOR DALİNIN HƏYAT YOLDAŞI, İLHAM PƏRİSİ VƏ MODELİ QALA (ELENA DYAKONOVA)
 


Elena Dyakonova və ya özünü adlandırdığı kimi Qala (fransızca "tətildə") Salvador Dalidən 10 yaş böyük idi. Onlar 1929-cu ildə tanış olurlar, hələ o vaxt fransız şairi Pol Elüarın həyat yoldaşı idi. Elüarı tərk edən Qala ölənə qədər - 53 yaşınadək Dalidən ayrılmır.

O, rəssam üçün həm həyat yoldaşı, həm ilham pərisi, həm də model oldu. Qala ərinin bütün maliyyə işlərini nəzarətə götürür və bu sayədə rəssamın yaradıcılığı maddi gəlir gətirməyə başlayır. Dali isə öz növbəsində onun saysız-hesabsız portretlərini çəkir.

SİLVET DEVID - PABLO PİKASSONUN MODELİ
 


1950-ci illərin ortalarında Pikasso Fransanın cənubunda yaşayır və işləyir. Bir gün emalatxanasının yanındakı studiyanın terrasında dayanan bir sarışın qız onun diqqətini çəkir. Qızın şəklini gizlicə çəkir və bir müddət sonra çəkdiklərini ona göstərir. Rəssamın "Mənim üçün poz verməyə razı olarsan mı”? sualına isə qız səssizcə başını tərpədir. Həmin qızın adı Silvet Devid idi.
 


Pikasso və Silvet Devidin işbirliyi bir sıra əsərlərlə nəticələndi - onları sarışın, pırpız quyruqlu saçlardan asanlıqla tanımaq olar. Ümumilikdə, Pikasso Silvetin 60-dan çox rəsmini çəkir. Portretlərindən birini ona bağışlayır və satışından gələn pulla Silvet Parisdə özünə mənzil ala bilir.

OLQA XOXLOVA - PABLO PİKASSONUN (RƏSMİ NIGAHDA OLAN) HƏYAT YOLDAŞI VƏ MODELI
 


Olqa Xoxlova - rus balerinası, S.Dyaghilevin "Rus baleti”nin aktrisası və Pablo Pikassonun birinci həyat yoldaşı. 
Pikasso onunla pravoslav ayinləriylə evlənir. Xoxlova Pikassonun oğlu Paulonu dünyaya gətirir. Olqa həyatının sonuna qədər - 37 il Pikassonun qanuni həyat yoldaşı olaraq qalsa da, onlar 17 illik ailə həyatından sonra ayrılırlar. Bunun səbəbi isə Pikassonun öz aralarında bağlanmış evlilik sazişində tələb olunan əmlakı yarıya bölməkdən imtina etməsi idi. Çünki müqaviləyə əsasən həmin əmlaka rəssamın çəkdiyi tabloların yarıya bölünməsi şərti də daxil idi.  
 


Ər-arvad arasındakı gərgin münasibətlər tablolarda da öz əksini tapır: Onların sevgi hekayəsinin başlanğıcında Olqanın portretləri realist janrdadır. Evliliklərinin pozulmasından sonra isə Pikasso onu yalnız sürrealizm üslubunda təsvir edir. Buna misal olaraq "Şlyapalı bir qadın (Olga)” rəsmini göstərmək olar.

JAKLİN ROK - PABLO PİKASSONUN İKİNCİ HƏYAT YOLDAŞI VƏ MODELİ
 


Jaklin Rok - Pablo Pikassonun ikinci həyat yoldaşı və ilham pərisi. Rəssam ilk dəfə Roku görəndə onun 26, özününsə 72 yaşı var idi. 6 illik tanışlıqdan sonra evləndilər. Evlilikləri rəssamın öldüyü günə qədər - 11 il davam edir. Pikasso Jaklinin 400-dən çox portretini çəkir: onu digər model və sevgililərindən daha çox çəkib. Jaklin Pikassonun ölümündən çox sarsıntı keçirir və ölümündən 13 il sonra rəssamın əsərlərinin retrospektiv baxışı ərəfəsində özünü güllələyərək intihar edir.

"Qolları çarpazlanmış Jaklin" rəsm əsəri Pikassonun ən məşhur portretlərindən biridir.

LİDİYA DELEKTORSKAYA - HENRİ MATİSSİN MODELİ
 


Lidiya Delektorskaya - Fransız rəssamı Henri Matissin rus tərcüməçi katibəsi.

Onların tanışlığı Lidiyanın Nitşe şəhərində bir avtobus dayanacağında, rəssamın özünə köməkçi axtarmasıyla bağlı elanını oxumasıyla başlayır.
 


22 yaşlı Delektorskaya 63 yaşlı Matissin anasının baxıcısı olur. Sonralar rəssam qızdakı ideal model obrazının fərqinə varır. Lidiya baxıcılıq və  katibəlik vəzifəsini birləşdirərək hər gün 3-4 saat Matissə modellik edir. İldə 2 dəfə Matiss çəkdiyi portretlərindən ona verir ki, gələcəyini təmin edə bilsin. Rəssamın vəfatından sonra Lidiya ona miras qalan həmin əsərləri Ermitaja və Puşkin Müzeyinə bağışlayır.

BELLA ROZENFELD - MARK ŞAQALIN HƏYAT YOLDAŞI VƏ MODELİ
 


Mark Şaqalın yaradıcılığı boyu bütün rəsmlərində yalnız bir qadının - həyat yoldaşı Bella Şaqalın (qızlıq soyadıyla Rozenfeld) obrazı var idi. "Bella yanımda olanda, getmirəm, sanki uçuram" deyirdi rəssam. Təsadüfi deyil ki, o, öz əsərlərində yerin üstündə havaya qalxan sevgililəri təsvir edir. Xanımının obrazını rəssamın yüzlərlə əsərində görmək mümkündür. 1944-cü ildə Bella vəfat edəndə Şaqal bir il işlərinə qayıda bilmir. Ölümündən sonra da xanımını çəkməyə davam edir.

PRERAFAELİTLƏRİN İLHAM PƏRİSİ - CEYN MORRİS
 


1857-ci ildə Ceyn bacısı ilə birlikdə teatra gedir, burada rəssamlardan onun fərqinə varan ilk Dante Gabriel Rossetti və Edward Burne-Jones olur. Ceynin gözəlliyi onları heyran qoyur və onu poza vermək üçün dilə tuturlar. Rəssam Vilyam Morris ilə əvvəl bir model olaraq çalışır. Daha sonra isə onun evlilik təklifini qəbul edərək ailə həyatı qurur.

 
Evlilikdən əvvəl Ceynin təhsili çox zəif olur, nikahdan sonra isə fərdi dərslər almağa başlayır. İtalyan və fransız dillərini öyrənir və pianoçu olur. Müəyyən müddət keçdikdən sonra yüksək ingilis cəmiyyətinə daxil olur. Bernard Şounun "Piqmalion” pyesindən Eliza Doolittle-in prototipinin Ceyn olduğu düşüncəsi var. Sağda  Rozettinin "Mavi İpək don” lu əsərində Jane Morris (1868).

KAMİLLA KLAUDEL - HEYKƏLTƏRAŞ OGÜST RODİNİN SEVGİLİSİ VƏ TƏLƏBƏSİ
 


Kamilla Klaudel qadınların Təsviri Rəssamlıq Akademiyasına daxil ola bilmədiyi bir vaxtda "Kolarossi Akademiyası”nın özəl sənət məktəbində oxuyub. Burada heykəltəraşlıq dərsləri keçən Rodinlə tanış olur. Çox keçmir Kamilla müəllimlər emalatxanasında işləməyə başlayır və onun modeli, şagirdi, sevgilisi, ilham mənbəyi olur. Tənqidçilər Kamilla Klaudelin heykəltəraş kimi istedadını və işlərindəki orijinallığını yüksək qiymətləndirir.

Kamilla ömrünün son 30 ilini dəlilər üçün olan sığınacaqda keçirir. İşlədiyi bütün əsərləri məhv edir və Rodini onun yaradıcılıq planlarını oğurlamaqda ittiham edir.

Bəs siz bu məşhurlardan hansına öz portretinizi çəkdirmək istərdiniz?

 
 
Çevirdi: Günel Dəniz
Qadinkimi.com