Marina Tatarskaya
Rusiya
Marina Tatarskaya Sankt-Peterburqda anadan olub. 1986-cı ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. Uzun müddət mətbuat və nəşriyyat işində çalışıb. Bir neçə şeir kitabının müəllifidir. Marina 2017-ci ildə Rusiya Yazıçılar İttifaqının və Rusiya Müəlliflər Cəmiyyətinin üzvüdür. O, həm də Beynəlxalq Yazıçılar Birliyinin üzvüdür və Beynəlxalq Sülh Təşkilatının Prezidenti Gabriel Simondun qərarıyla (Paris-Cenevrə) ona Ümumdünya Səfirlər Cəmiyyətinin "Rusiyadakı səfiri" fəxri titulu verilib. Marina Vladimir Nabokov adına beynəlxalq ədəbi mükafat alıb (2018). Onun ədəbi yaradıcılığı getdikcə daha çox vüsət alır və bu ilin mayında ilk dəfə olaraq "Beynəlxalq Rus Cəmiyyəti"nin dəvəti ilə Marina Avropa ölkələrində yaradıcılıq turlarında olub. Mən onu Beynəlxalq Yazıçılar Birliyi ilə əməkdaşlıq zamanı tanış olmuşam. Onun şəxsiyyəti və yaradıcılığı diqqətimi cəlb etdi və şeirləri ilə maraqlandım. Şeirlərində postmodernist əhval-ruhiyyə ilə yanaşı, romantik, realist, mistik və sentimental çalarlar var. Bütün hallarda deyə bilərəm ki, Marina istedadlı yeni nəsil rus şairidir. Onun bir neçə şeirini dilimizə çevirmişəm. Marinaya ədəbi və ictimai fəaliyyətində uğurlar arzulayır və xüsusi olaraq "QADINKİMİ.AZ" Portalı üçün onun bir şeirini təqdim edirəm.
Kamran Nəzirli
Bu Yer üzündə mənsiz yaşamaq olmaz...
Ölməyə həvəs yoxdu...Nəğmə oxuyur şamlar,
Şiddətli külək kimi ovcumdan buludları
Adətiylə üfürür bu son dekabr ayı.
Ölməyə həvəs yoxdu...Lakin bu qışqırtılar
Götürübdü başına bütün qəbristanlığı.
Xaç şəkilli fotolar...Çarpaz əllər sinədə.
Ölməyə heç həvəs yox...bu cür gözəl səhərdə,
Məxməri bir gecəylə gözlər də örtülübdü,
Ya kəhrəba gündüzlə yuyulub, yumulubdu...
Dibsiz göy qübbəsi də sədəflə ovsunlanıb,
Asiman açıq-mavi rənglərlə sığallanıb -
Ah, onun qucağında Günəş də gülümsəyir...
Ölməyə həvəs yoxdu...Bilsən necə ağırdı
Bu dünyanın ağıllı, hikmət əlamətiylə
Ayrılıb vidalaşmaq!..Madam ki, sən gedirsən
Qayıtmaq qəbul deyil...amma, qayıtsan əgər
Bu yol səninki deyil, bəxti yaza bilməzsən!
Mən isə köçməyəcəm! Qəlbim də döyünəcək
Yerin təşnələndiyi hər yağış damcısında,
Qovaq ağaclarının tiftikli pərğusuyla
Könlüm də şad olacaq, üst-başım öyünəcək,
Çünki bu Yer üzündə mənsiz yaşamaq olmaz...
Tərcümə etdi: Kamran Nəzirli
Qadinkimi.com