Herman Broxun dünyaca məşhur "Vergilinin ölümü” romanı ana dilimizdə "Alatoran yayınlarında" çapdan çıxıb. Qadinkimi yazar Qismət Rüstəmovun bu roman haqda təəssürat yazısını təqdim edir.
***
Bir də görürsən küçədə maşınların siqnal verməsi, açıq qalmış televizorda eşitdiyin hansısa sözün, səsin ritmi, pəncərənizin qabağından addımlayan məktəblinin qırmızı şarfı, işə balaca qablarda yemək aparan adamlar səni səbəbini bilmədiyin bir duyğunun diqtəsi altında hərəkətə gətirir. Həmin anda, elə bil, öncələri yarıyuxulu vəziyyətdə, boz-bulanıq bir pərdənin arxasında olan şüurun birdən öz şəffaf örtüyünü yırtıb aydınlığa çıxır. O anlarda qəfildən sənə elə gəlir ki, hər şeyi bütün varlığınla dərk edirsən, nüvəsinəcən duyursan; onda, o sevinc hissinin, o aydın şüurun içində, həm də izaholumaz bir iztirab boy göstərir.
Küləklərin, yağışın tətildən qayıtdığı oktyabr gecəsində bu cür qəribə, izaholunmaz bir hiss məni oxu planımdan kənara çıxartdı. Ürəyimin döyüntüsünə akkord tutan addımlarım hələ də məntiqini anlamadığım bir gücün təsirilə məni kitabxanamın tən ortasındakı rəfə, ordakı, o rəfdəki firuzə rəngli qalın kitaba doğru apardı. Bu yazı gözüsulu oktyabr gecəsində rahatlığımı pozan həmin izaholunmaz hissin və o firuzə üzlü kitabın mütaliəsindən sonra yazılıb.
***
Modernist romanın şedevrlərindən sayılan Herman Broxun "Vergilinin ölümü” romanını türk dilinə əfsanəvi tərçüməçi Əhməd Camal çevirib. Romanın giriş sözündə Əhməd Camal yazır ki, bu əsəri çevirməyə ömrünün təxminən 40 ilini sərf edib. Əhməd Camal problemli ailədə böyüyüb. Xırda tərcümə kontorlarında sənəd-sünəd çevirərək dolanmağa çalışdığı gənclik illərində, bir gün özünə söz verir ki, mütləq bütün bu darıxdırıcı, insanı əzən, sıxan cəmiyyətin içində özü üçün bir ada – alternativ bir dünya yaradacaq, bədii ədəbiyyat tərcümə edəcək.
Və həmin gündən alman dilindən bir-birindən gözəl əsərlər çevirməyə başlayır, adı yaşarkən ölməzlər arasında düşür. Amma özü yazır ki, mən özümə yalnız "Vergilinin ölümü” romanını çevirəndən sonra tərcüməçi dedim. Ömrünün 40 ilini bir romanın tərcüməsinə həsr edən və yalnız həmin əsərin tərcüməsinə son nöqtə qoyandan sonra rahatlıq tapan bu böyük adam, başqa bir essesində oxucularla Tomas Hurndall adlı bir ingilis fotoqrafın sözlərini bölüşür: "Bu həyatdan nə istəyirəm? Sizi nəyin xoşbəxt etməsi yetərli deyil. İnstinktlərimizi doyuran şeylər, təkcə içimizdəki heyvanı razı salır. Mən özümlə qürur duymaq istəyirəm, yəni daha çoxunu istəyirəm. Ölüm anında özümə baxmaq və etmədiklərimdən ötrü ağlamaq yox, gülümsəmək istəyirəm.”
Gənc ingilis fotoqrafı Tomas Hurndall 2003-cü il aprelin 11-də "Beynəlxalq həmrəylik hərəkatı”nın tədbirlərindən birinə qatılmaq üçün Qəzza şəhərinə getmişdi. Qəfildən İsrail əsgərləri onların olduğu ərazini atəşə tutur və yaxınlıqda üç fələstinli uşaq atəş xəttinin ortasında qalır. Tomas uşaqlardan birini təhlükəsiz bölgəyə gətirir, qalan iki uşağı da xilas etmək üçün geri qayıdanda snayper gülləsi ilə başından vurulur. Gənc fotoqraf başına dəyən güllədən komaya düşür, hadisədən 9 ay sonra isə Londonda dünyasını dəyişir. Tomas Hurndall dünyadan köçəndə 21 yaşındaydı.
***
"Titanik” filminin sonlarında, "batmaz” deyilən əzəmətli gəmi okeanın dərinliklərinə qərq olmağa başlayanda, hərə bir yana qaçışıb canını qurtarmağa çalışarkən, zadəganlardan biri amiranə ədayla deyir: mən gəmini tərk etməyəcəm, aristokrat kimi öləcəm. Hər dəfə həmin səhnə rastıma çıxanda düşünürəm ki, mənasını sona qədər dərk etmədiyimiz bu ömrü, simvollaşdırdığımız, dəyər adı verdiyimiz minlərlə qəribə anlayış uğruna fəda etməyə dəyərmi? Və əgər məşhur misalda deyildiyi kimi "oyun bitəndə, şah da, piyada da eyni qutunun içinə qoyulursa”, onda qəhrəmanlığa iddia etməyin, bütövlükdə isə yaşamağın, nəyəsə can atmağın anlamı varmı? Troya savaşına getsə öldürüləcəyini, amma əsrlər boyu adının dildən-dilə gəzəcəyini öyrənən Axilles, düşünmədən savaşa getməkdə düzmü etmişdi? Bilmirəm.
Alber Kamyü məşhur "Sizif haqqında mif” essesində yazır: "Vacib bir elmi həqiqətə çatmış Qaliley, çatdığı həqiqət həyatını təhlükəyə atan kimi fikrindən döndü. Belə baxanda, yaxşı da elədi. Uğrunda yandırılıb ölməyə dəyməzdi həmin həqiqət. Dünyamı günəşin çevrəsində fırlanır, yoxsa günəşmi dünyanın çevrəsində, heç bir önəmi yoxdur bunun. Kəsəsi, dəyərsiz problemdir. Bununla belə, "həyat yaşamağa dəyməz” qənaətinə gəldikləri üçün ölümü seçən çoxlu insanlar görürəm. Paradoksal şəkildə, yaşamağa stimul olan (yaşamaq səbəbi deyilən şey, həm çox gözəl bir ölmək nədənidir) düşüncələrin, ya da xəyalların uğrunda ölümə gedən insanlar da görürəm. Beləcə, düşünürəm ki, ən aktual sual həyatın bir mənasının olub-olmamasıdır.”
***
Kurosavanın "Yaşamaq” filminin qəhrəmanı Vatanabe biləndə ki, mədəsində xərçəng var və 6 ay ömrü qalıb, bircə anın içində dünyaya, həyata, öz işinə münasibəti dəyişir. O qərara gəlir ki, neçə vaxtdır işlədiyi idarədə süründürməçilik ucbatından uzanıb həll edilməyən çirkli su gölməçəsinin qurudulması və onun yerində uşaqlar üçün park salınması məsələsini mütləq həll etməlidir. Bütün ömrünü cari işlərlə keçirən və qəfildən qaçılmaz aqibətlə - ölümlə üzbəüz qalan Vatanabe qərara gəlir ki, həyatının son aylarında da olsa, bir xeyirxah iş görsün. Onun üçün qəfildən həyatın mənası aydınlaşır: öz işini vicdanla yerinə yetirmək, bacardığı qədər başqalarına yardım etmək.
Bu yerdə yadıma məşhur "Nitşse ağlayanda” kitabının müəllifi İrvin Yalomun çox maraqlı bir fikri düşür. O yazır: "Həyatın mənası nədir” və "Mənim həyatımın mənası nədir?” sualları ayrı-ayrı şeylərdir. Birincisi kosmik, ikincisi isə dünyəvi mənalara işarə edir.” Kosmik məna bizdən kənarda olan, metafizik, dini xarakterlidir. Dünyəvi məna isə həyatımızdakı konkret məqsədləri, hədəfləri ifadə edir.
Lüdviq Vitgenşteyn məşhur "Traktat” əsərində yazır ki, bir şeyin mənası həmişə o şeydən kənardadır. Bu eynilə, bir rəsmin təsvir etdiyi şeydən kənarda olması kimidi. Əgər rəsm təsvir etdiyi şeyə daxil olsa, artıq o həmin şeyin rəsmi yox, birbaşa özü olar. Bu konteksdən çıxış edən Vitgenşteyn deyir ki, həyatımızı mənası olan bir işarə kimi götürsək, onda həmin məna həyatımızdan kənarda olmalıdır. Vitgenşteynin bu fikrini sonralar çox tənqid ediblər.
Qayıdaq Yaloma; o özünün "Ekzistensial psixoterapiya” kitabında düşündürücü və tükürpərdici fikirlər yazır: "Pre-industrial əkinçilik dönəmində də insanların həyati problemləri var idi, amma bugünkü anlamsızlıq dərdi sanki o vaxtlar yox idi. Anlam o vaxtlar bir çox formada əldə edilirdi. Birincisi, dini dünya görüşü insanlara o qədər geniş cavablar təklif edirdi ki, anlam problemi sönükləşirdi. Bundan başqa, ilk çağlarda insanlar yemək və sığınacaq kimi təməl sağqalma ehtiyaclarını ödəmək işiylə o qədər məşğuluydular ki, anlamın gərəkliliyini araşdırmağa həvəsləri qalmırdı... Amma bugün şəhərləşmiş, sənayeləşmiş dindən-kənar dünyanın vətəndaşı din təməlli kosmik məna sistemi olmadan dünya ilə üzləşməlidir. Narahatlıq yaradan suallar vermək üçün vaxtımız var, çox vaxtımız var”.
***
İkinci Dünya müharibəsində Osvensim düşərgələrindən sağ çıxmış az saylı adamlar biri də Viktor Frankldır. Viktor Frankl müharibədən sonra "Loqoterapiya” adlandırdığı metodu inkişaf etdirdi və məşhurlaşdı. Yunan dilində mənası "anlam” olan "loqos” sözündən yaratdığı, təxminən, "məna terapiyası” kimi tərcümə edə biləcəyimiz bu metod sonralar "Üçüncü Viyana məktəbi” kimi şöhrət tapdı.
Viktor Frankl "İnsanın məna axtarışı” kitabında həmin çətin günləri xatırlayıb yazır: "Şəxsi bir təcrübəm yadıma düşür. Ağrıdan gözlərim yaşarmış, düşərgədən iş yerinə gedən qrupla birgə bir neçə kilometr axsaya-axsaya addımlamışdım. Sərt rüzgar, soyuq iliyimizə işləyirdi. Zavallı həyatımızın sonsuz balaca problemlərini düşünməyə qapılıb qalmışdım. Bu gecə yeməkdə nə olacaqdı? İki həftə əvvəl mükafat olaraq son siqaretimi bir boşqab şorbaya dəyişdirməliydim, ya yox? Hər gün, hər saat məni bu cür önəmsiz şeyləri düşünməyə zorlayan bu işlərdən iyrənirdim. Düşüncələrimi başqa bir yerə fokuslandırmağa çalışdım. Birdən-birə özümü işıqlı, isti bir sinifdə, kürsüdə gördüm. Qarşımda böyük dinləyici kütləsi vardı. Əsir düşərgələrinin psixologiyası haqqında mühazirə oxuyurdum! Bu yolla birtəhər həmin ankı ağrılarımın üstünə çıxmağı bacardım və ətrafımda baş verənləri sanki artıq keçmişdə qalmış şeylər kimi müşahidə etməyə başladım. Həm özüm, həm də problemlərim çevrilib oldular mənim psixologiya sahəsindəki araşdırmamım predmeti”.
***
Nədir həyatın mənası? Ailəyə, dövlətə sədaqətmi, gələcək nəsilləri düşünməkmi, xeyirxahlıqmı, yaradıcılıq həzzimi, hedonist vərdişlərmi, başqalarının xoşbəxtliyi üçün öz mənafeyindən keçməkmi – altruizmmi, öz potensialını reallaşdırmaq üçün məqsədyönlü, planlı işləməkmi, vəzifəyə can atmaqmı, karyera uğruna dişinlə-dırnağınla çarpışmaqmı, başqalarına öz üstünlüyü isbat etmək üçün dəridən-qabıqdan çıxmaqmı, o dünya üçün bu dünyada özünü nələrdənsə məhrum etməkmi?
Bunların hamısı, ya heç biri?..
Herman Broxun "Vergilinin ölümü” romanının baş qəhrəmanı Roma şairi qoca Vergili ömrünün son 18 saatında (roman bu 18 saatdan bəhs edir) bu cür suallar ətrafında düşünür və bu suallar ona hədsiz əzab verir. Bütün ömrü boyu imperatorları, döyüşləri, qəhrəmanları, gözəlliyi vəsf etmiş, ədalətsizliyi tənqid etmiş şair səyahət etdiyi gəminin göyərtəsində əylənən varlılara, aşağılarda avar çəkən kölələrə baxıb düşünür: mənim yazdıqlarımın kimə nə xeyri oldu axı?
Qismət Rüstəmov
qadinkimi.com