Gec-gec üzünü gördüyüm bir dostum var, nə vaxt görüşsək, dərdimin dili açılır, başlayıram məni narahat edən şeylərdən danışmağa. Məsələn, deyirəm ki, yaşamaq şərtləri çox çətindir, nə qədər böyük əzm və inadla çalışsan da, istədiklərinin heç onda birinə də nail ola bilmirsən. Dostum ona zillənmiş sönük gözlərimə baxır və əminliklə hər şeyin yaxşı olacağını deyir. Yaman qəribə adamdır, heç zaman təbdən düşməz, inamını itirməz, özünə qapanmaz, ətraf aləmlə ünsiyyətini kəsməz. Halını xəbər halanda həmişə "Əlayam!” deyir. Həyatına rəhbərlik edən qüvvə ondan ancaq və ancaq şən, enerjili olmağı tələb edir.
Fövqəladə dərəcədə təsəlli verməyi var, istənilən söhbəti şən və xoş mövzuya yönləndirməyi əla bacarır. Onun danışıq tonundan və yumşaq davranışından təsirlənməmək qeyri-mümkündür.
Bir dəfə ondan necə bu qədər nikbin ola bilməyinin səbəbini soruşdum. Dostum iftixarla:
- Hər səhər oyandıqda özümə deyirəm ki, bu gün sənin iki seçimin var: əhvalın ya yaxşı olacaq, ya da pis. Mən həmişə əhvalımın yaxşı olmağını seçirəm. Ürküdücü duyğulara təslim olmaq niyyətindən uzağam. – dedi.
Ardınca bəlağətli tərzdə əlavə etdi:
- Pis bir şey baş verəndə, yəni həyatım kədərə, hüznə bələnəndə yenə də mənim iki seçimim var: təslim olmaq və ya olanlardan dərs çıxarmaq. Mən ikinci seçimə üstünlük verirəm. Biri mənə öz həyatından şikayətləndiyi zaman da mənim iki seçimim var: ya ona haqq qazandırmaq, ya da ona həyatın müsbət tərəflərini göstərmək. Mən qayğıların, çatışmazlıqların həyatı daha cəlbedici etdiyini bildirirəm.
"Bu, ola bilməz, hər şey bu qədərmi sadədir?” – deyib etiraz edirəm. "Bəli, hər şey bu qədər sadədir” – dostum qətiyyətlə cavab verir. "Həyat seçimlər üzərində qurulub. Ən çətin vəziyyətində belə sənin bir neçə seçimin olur. İnsanların davranışlarından necə təsirlənəcəyi səndən asılıdır. Beləliklə, həyatını necə yaşayacağını özün seçirsən.” – axırıncı cümləni xüsusi vurğuyla dedi.
Bir yay günü dostumun başına çox xoşagəlməz bir hadisə gəldi. Ağır qəzaya düşdü, sümükləri sındı, yüzlərlə şüşə qırıntısı bədəninə pərçimləndi. Çətin əməliyyat keçirdi. Sağalıb ayağa qalxanda ondan halını soruşdum. Öz iti nəzərlərini üzümdən yayındırmadan "Əlayam!” dedi. Hadisə anında nələr hiss etdiyini xəbər aldım. Dostumun cavabı belə oldu:
- İki seçimim vardı: yaşamaq və ya ölmək. Yaşamağı seçdim. Məni təcili yardım maşınının xərəyinə uzatdıqlarında tibb bacısı həyəcanla bir şeyə ehtiyacım olub-olmadığını soruşdu. Xırıldayıb "Yaşamağa ehtiyacım var” dedim. Bütün gücümü toplayıb "Şüşəyə qarşı allergiyam var, tez bir şəkildə şüşələri bədənimdən çıxarın!” – deyə bağırdım. Hamı güldü. 6 saatlıq əməliyyatdan sağ çıxdım. Mən yaşamağı seçdim.