SƏNƏT
Mən sənətə biznesmen kimi yanaşa bilmirəm - Mehriban Zeynalova Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

   

Qadinkimi.com xalçaçı - rəssam Mehriban Zeynalova ilə müsahibəni təqdim edir.

 

                                                                                                                                                                  Mehriban xanım,  əvvəl qeyd edim ki, məkanınız çox qeyri - adidi. Çox art studiyada olmuşam. Amma burada tam başqa abu hava var. Bəlkə sahibi qadındır ona görə?

    - Bilmirəm, bunu çox adam qeyd edir. Mən peşəkar tətbiqi sənət təhsili almışam. Çox fəxr edirəm ki, Lətif Kərimov kimi ustadım olub. Bu barədə özümü çox şanslı sayıram. Kübra Əliyeva mənə dərs deyib sənətşünaslıqdan. Həmişə deyirdi, işsiz dayanmayın, həmişə işləyin, heç nə olmasa belə əlinizdə nə varsa, onu işləyin. Bir xüsusiyyətim var, heç vaxt eskiz hazırlamıram. Necə deyərlər, bədahətən işləməyi sevirəm. Mən Kübra xanım deyən kimi, əlimdə nə olurdusa, onunla işləyirdim. İlk dəfə çanta toxudum. İlk əl işim idi. Sonra bu çantanı məndən alıb Fransaya apardılar.

    

Mehriban xanım, bir az geriyə qayıdaq. Rəssamlığa olan həvəsinizin yarandığı vaxta.

    - Bir hadisə danışacam. Məktəb vaxtı hərdən rəsmlə məşğul olsam da, biologiya fakultəsinə hazırlaşırdım. Bir gün evdə oturmuşduq, atam da işdən təzəcə gəlmişdi, istirahət edirdi. Bu vaxt qapı döyüldü, gedib baxdım və gəlib atama dedim ki, qapıda olan adamları tanımadım. Atam qapını açmağa gedəndə o adamlar artıq qayıtmaq istəyirdilər. Atam qapını açdı və onlar geri qayıdıb içəri keçdilər. Atamın tanışları idi. Çoxdan görüşmürdülər. Təsadüfən həmin gün atamı görməyə gəlməyi qərara alıblar. Bir az oturub söhbət etdilər. Sonra bir qayda olaraq məndən soruşdu ki, məktəbi bitirib sənədlərini hara verəcəksən. Dedim ki, biofaka. Məndən soruşdu ki, şəkil çəkə bilirsən, dedim, hə. Gedib şəkilləri gətirdim, çox bəyəndi. Dedi nə yaxşı rəssamlığa getmirsən, dedim, biologiyaya getmək istəyirəm. Çıxıb getdilər. Elə bil o bir kəlmə söz üçün gəlmişdilər. Bilmirəm, qismətdi, təsadüfdü, hər nədisə, mənim bütün həyatımı dəyişdi. Mən anamgilə dedim ki, rəssamlığa verəcəm sənədlərimi. Eləcə, o bir kəlmə ilə bütün fikrim, həyatım dəyişdi. Amma hər nə idisə təsadüf deyildi.

Ailənizdə yaradıcı kimsə var?

    - Yox, mən birinci oldum, amma sonradan çoxları sənətlə məşğul oldular. Qızım Nigar da rəssamdı. Gözünü açıb bu sənəti görüb. Düzdü, yoldaşım İdris Zeynalov bəstəkardı. Konservatoriyada dərs deyir. Amma uşaqlar musiqini seçmədilər. 

Burada sizin yağlı boya ilə də işləriniz var.

    - Mən xalça da toxuyuram. Batika ilə qobelenlə də məşğulam. Yağlı boya ilə əsərlər işləyirəm. Mənim emalatxanamda olsanız görərsiniz ki, hər sənət növü var orada. Rəssamlığın hər növünü sevirəm və həvəslə işləyirəm.

Mehriban xanım, çox xoşdur ki, belə bir art studiyanın rəhbəri qadındı. Buranı yaratmaq fikri necə yarandı?

    - Bu, mənim çoxdankı arzumdu. Əslində,  Praqada açmaq istəyirdim bu art studiyanı. Tam hazırlaşmışdım da, Praqaya aid çoxlu əsərlər də işləmişdim. İşlərimi çox bəyənmişdilər. Səfirlikdə də mənə dəstək oldular. Düşünürdüm ki, oğlum orada oxuyar, mən də işləyərəm orada. Oğlum burada qəbul oldu deyə artıq uşaqları qoyub gedə bilmədim. Arzumu burada reallaşdırdım.

Bəlkə elə yaxşı oldu öz vətənimizdə açdınız. Bizdə Azərbaycanda qadın art studiya rəhbəri çoxdu?

    - Var, amma rəssam deyillər. Biznesmen kimi işləyirlər. Amma mən özüm xalça toxuyuram, ipləri belə özüm boyayıram, satışı ilə məşğulam. Yağlı boya ilə rəsmlər çəkirəm. Bilirsiniz, mən 26 ildi ailəliyəm. Bütün ailənin işini də özüm görmüşəm hər zaman, yaradıcılığımdan  ayrı qala bilməmişəm. Hər zaman çalışmışam çatdırım. Bir dəfə mənə çox sərfəli bir təklif oldu. Dedim bəs uşaqlar necə olsun, dedilər, onlara xüsusi dayə tutarıq. Razılaşa bilmədim. Onlardan hər dəqiqə xəbərdar olmalıyam. Bu səbəbdən də o işi qəbul edə bilmədim. Çox çətindir bütün bunların hamısının öhdəsindən gəlmək. Amma çalışmışam.

Ona görə qadın rəssam az olur?

    - Bəli, qadının məsuliyyəti çox olduğundan hər qadının sevdiyi və bacardığı işlə məşğul olmaq imkanı yoxdu. Bu həqiqətdir. Mən çox istəyirdim belə bir studiyam olsun. 10-15 günə burada çox dəyişiklik edəcəyik. İstəyirik qonaqlar gəlib burada rahat əyləşə bilsinlər, söhbət etsinlər.

Demək, istədiyimiz vaxt gəlib bu gözəllikdən zövq ala bilərik?

    - Əlbəttə, mənim istədiyim də odur ki, dostlar, sənət adamları vaxtlarını belə bir sakit, sənət dolu məkanda keçirə bilsinlər. Söhbət etsinlər, fikir mübadiləsi etsinlər. Buranı özlərinə doğma məkan bilsinlər. Düşünürəm ki, istədiyimi həyata keçirə biləcəm. Bilirsiniz, mən bu işimdən zövq alıram. Sifariş üçün işləmirəm. Yoldaşım bəstəkardı. Hərdən deyir, niyə bu və ya digər işi edirsən, onu səndən alan yoxdur axı. Deyirəm, biz fərqliyik, mən ruhum üçün işləyirəm, alan olmasa belə. Amma sən bir bəstəkar olaraq işinə biznes kimi yanaşırsan. Yəni sifariş olmasa, o, heç vaxt işləməz. Mən Lətif Kərimovdan xalçaçılıq sənətini öyrənmişəm. Bu, çiynimdə çox böyük yük kimidir. Onun sənətini yaşatmalıyam. Yoldaşım hər zaman "xalçaçılığı at, rəssamlıqla məşğul ol" deyir. Amma bu sənət üzərimdə bir missiyadı elə bil. Mən yaşatmalıyam xalçaçılıq sənətini.

Bizdə xalçaçılığa aid nə var ?

    - Əfsuslar olsun ki, heç nə yoxdur. Mütləq kiçik də olsa, xalçaçılıq məktəbi açmağı düşünürəm, mən bunu mütləq etməliyəm və edəcəm. Rahat ola blmərəm. Bizim xalçalar dünyada məşhur olub və bundan sonra da olmalıdır. Heç bir maddi maraq güdmədən bunu etmək lazımdır. Elə bir hissim var ki, xalçaçılıq məktəbini açmaq borcumdu.

Mehriban xanım danışdıqca qürur duyurdum. Azərbaycanımızın belə istedadlı xanımları var. Görsəniz necə ürək yanğısı ilə ustadı, böyük xalçaçı rəssam Lətif Kərimovdan, ona olan mənəvi borcundan danışırdı. Ruhu zəngin, dəyərli rəssam Mehriban Zeynalova. Onun studiyasında çox qəribə xoş bir aura var idi. Bunu vurğulayanda belə açıqladı:

    - Bilirsiniz, çox vaxt bu cür studiyaları sadəcə biznes xətrinə açırlar. Amma burada bizim öz işlərimizdi. Bax, gördüyünüz bu qobelenlər, bu batiklər, bu yağlı boya ilə işlənmiş rəsm əsərlərində bizim əlimizin energetikası var. Bu xalça gödəkçəni toxuyanda barmaqlarımın qanı axırdı. O qədər qəliz işdi ki, bütün ruhumu vermişəm ona. Hər zaman sənətə dəyər verən insanları burada görməyə çox şadıq.

Mehriban xanım, ümid edirik ki, tezliklə arzusunda olduğunuz xalçaçılıq məktəbini açarsınız. Azərbaycanın sənət nümunələrini dünyaya çıxardarsınız. Özümüzə sözüm odur ki, danışılası, göstəriləsi sənətkarımız çoxdu. "Nədən yazaq, nəyə baxaq" deməyək.

    

Hazırladı: Flora Hüseynova