QADIN / KİŞİ
Mən onu "Azad qadın" heykəlinə bənzədirdim Tarix : 27 Avqust 2020, 09:55
Tələbə vaxtı Şıxəli Qurbanov küçəsində Dillər Universitetinin yaxınlığında kirayədə qalırdım. Hər gün dərsə getmək üçün Azadlıq prospektiylə üzüaşağı -"28 May" metrosuna düşmək lazım gəlirdi. Metroya çatmamış, daha dəqiq desəm, yolun sağ tərəfində, Azadlıq prospekti 57 a-də bir qadın corab, dəsmal və bu kimi şeylər satırdı. O qədər dəsmal, corab almışdım ki ondan... Tələbəlik illərində geydiyim ucuz şalvarlarımın boş cibini o qadının satdığı dəsmallar doldurardı, o illərə bağlı bütün xatirlərimin ayağında o qadının satdığı corablar var...

Onunla bağlı hər şey yadımdadı: ifadələri hansısa naməlum əzabın soyuğundan donmuş simasından tutmuş, yorğun baxışlarına, yaylı-qışlı göyərmiş əllərinə, boz-qara rəngli paltarlarına və örpəyinə kimi. Bircə səsi yadımda deyil. O danışırdı, anlaşılırdı, fikrini bildirirdi, amma yadımda deyil bunu necə edirdi. Səslə, sözlə edirdisə, nədən yadımda qalmayıb?
Mən onu niyəsə "Azad qadın" heykəlinə bənzədirdim. Hərdən mənə elə gəlirdi ki, gerçəkdən, "Azad qadın" heykəlidi, qopub yerindən gəlib kişi corabları satmağa.
Heç vaxt bir yerdə durmazdı, həmişə var-gəl edərdi. Bir yerdə qərar tuta bilməyən bu adam illərlə öz yerinə sadiq qaldı. Üç-dörd il öncəyə qədər ara-sıra görürdüm. Nə yazıq, son illər görmürəm. Bilmirəm, sağdı, ya...
İndi hər o yerdən keçəndə qeyri-ixtiyari əllərim ciblərimə gedir. Elə bilirəm dəsmalım yoxdu, corablarım yırtılıb və mən dəsmal, corab almalıyam. Divarlarını nəm tutmuş dəbdəbəli saray kimi az qalır ciblərim əllərimin başına uçsun. Hansı fəslin olmasından asılı olmayaraq, ayaqlarım, sanki buz tutmuş kösövlərin üstüylə yeriyir. Barmaqlarımın ucundan ürəyimə doğru bir ağrı ucalır. Ayırd edə bilmirəm ki, bu ağrı soyuqdan, ya oddan qaynaqlanır.
Məncə, şəhərlər evlərin və binaların sökülməsiylə dəyişilmir. Xatirələr təkcə divarlar arasında uçulub , yoxa çıxmırlar. Məncə, şəhərlər həm də "xatirə adamların" ölməsiylə, yoxa çıxmasıyla, məhv olmasıyla dəyişir, yadlaşır, özgələşir və kədərli olurlar...

Mən onu niyəsə "Azad qadın" heykəlinə bənzədirdim. 
 

 
 
 
Taleh Mansur
 
 
qadınkimi.com