YAZI / DÜŞÜNCƏ
Məktub yaz - Aysel Fikrət Tarix : 27 Dekabr 2019, 15:42
Yazar :
Əsas odur sən mənə bir məktub yaz... İndi "ilin - günün bu zamanı kağız markaları hardan taparam” demə. Yollarda min dəfə ünvanını itirən, üstündə çoxlu möhürü olan bir məktub istəyirəm.

Sonunda mənə çatan bir məktub.
Dünya kiçikdir, yaz. Mütləq yaşadığım ünvanlardan məni tapacaqlar. Yox, özün gəlmə. İşindən, gücündən, ev - eşıyindən uzaq düşmə. Bir məktub. Bəzən bir ömür bir məktuba sığır. Göndər o məktubu. Ömrün sənin olsun. 
Demirəm sən Kafkasan. Deyirəm məktub yaz, filosofluq etmə. 
Nə gülürsən?

Qəribə arzudu, başa düşürəm. Heç səndən, nəsə istədiyimi gördünmü? 
Unutdum nə istədiyimi həmişə soyuqluğunda.

Məktubu gizlin yaz, "əzizim” ilə başlamasa da olar. Beş - altı cümlə olsun, mən onu böyüdərəm. Sən həmişə beləsən, bir sözü mənə qıymırsan. Bu dəfə özünü topla  - yaz.

Unudulmaq zəhirmar xəstəlikdir. Heç sağalmıram, soyuqdu mənə. Rəngi bulanıq olur unudulmuş adamların. Vaxtım azdır.
Mənə məktub yaz !

Dünən min dəfə tibb bacısından soruşdum: "mənə məktub gəlməyib ki”? Heç nə başa düşmədi. Elektron adresimi istədi. "Yox” dedim, "Məktub, əsil məktub”. Elə məktub ki, onu açanda sevdiyinin ətri bütün otağı bürüsün, əvvəl qoxusunu çəkəsən canına məktubun, sonra sözlərini.
Xəstə deyiləm, lap sağlamam. Nigaran qalma.

Yalnız sən yaz əzizim, elə keçmiş dövrdə olduğu kimi. Yapışqanını dilinlə isladıb, içinə bir - iki gül ləçəyi qoy məkubun. Sən mənə məktub yaz, heç sabaha qoyma, elə bu gün.

Özündən yaz, görüm necəsən. Xəyalın da yalnız dara düşəndə gəlir. Çoxdandır səndən xəbərim yoxdur.

Axı nə çətinliyi var bunun? Kağız, qələm… Heçmi mənə sözün yoxdur?
Həmişə həqiqət yazılmır məktublarda. Sən nigaran qalma, sən yaz. Heç giley etmə məktubda, lap sağlamsan. Yaş səndən heç nə alıb aparmayıb. Eynəyini taxıb, yazı masanın yanına keç, yaz.

Yaz ki, "Mənim yaz günəşim necəsən? Buralar soyuqdur. Bu il qar çox yağdı. Sənin saçların yəqin indiyə ağarar. Yalnız, gözlərin solmaz. Hələ də məni gözləyirsən”? 




Aysel Fikrət
qadinkimi.com