Maya Angelou 1928-ci il aprelin 4-də ABŞ-ın Missuri əyalətində, St. Luis şəhərində anadan olub. Əsl adı Marqarit Annie Consondur. Ona "Maya” adına qoyan qardaşı ilə birlikdə nənəsinin yanında, irqçiliyin möhkəm olduğu Arkansasda böyüyüb. ABŞ-ın travmay sürücüsü olan ilk zənci qadınıdır. Çox gənc yaşında dünyaya gətirdiyi oğlu ilə həyatını qazanmaq üçün gecə klublarında rəqqasəlik, müğənnilik, xadiməlik edib. Ssenarilər, pyeslər, maraqla oxunan yemək kitabları yazıb, rejissorluq edib, albom çıxardıb. Yeddi cildlik avtobioqrafiya yazıb. Ömrünü irqi ayrı-seçkiliklə və qadın haqlarının tanınması ilə keçən mübarizələrə sərf edib. Bu prosesin içində çap etdirdiyi şeir kitabları ilə bir yandan öz xalqının tarixini, aktual problemləri ifadə edən, digər tərəfdən isə öz ehtiraslı zənci qadın fərdiyyətinin arzularını, çıxılmazlıqlarını, ziddiyyətlərini sadə, melodik və modern şəkildə ifadə edən şair kimi tanınıb. Amerika xalqının sevgisini qazanan Angelou 2014-cü il mayın 28-də dünyadan köçüb.
	
 
	
Qayıtdılar evlərinə
	
 
	
Qayıtdılar evlərinə, arvadlarının yanına,
	
dedilər ki, bircə dəfə də həyatlarında
	
mənim kimisini tanımayıblar.
	
Amma… qayıtdılar evlərinə.
	
 
	
Evin nə təmizdir – dedilər mənə,
	
heç bir sözüm heç kimi incitmirmiş,
	
sən demə auram da sehrliymiş.
	
Amma… qayıtdılar evlərinə.
	
 
	
Bütün kişilər məni tərifə boğardı,
	
gözəl imiş gülüşüm, ağlım, ombalarım,
	
fəqət bir gecə keçirdilər mənimlə, üç, ya da iki…
	
Amma…
	
 
	
Keçən vaxt
	
 
	
Sənin dərin şəfəqə bənzəyir,
	
Mənimki gecənin qaranlığına.
	
 
	
Biri başlanğıcını ifadə edir,
	
labüd bir finalın;
	
o biri sona çatmasını,
	
konkret bir başlanğıcın.
	
 
	
Zavallı qız
	
 
	
Başqa bir sevdiyin var,
	
bilirəm bunu;
	
səni dəlicəsinə sevən biri
	
eynilə mənim kimi.
	
Sözlərin elə bil ləl-cəvahirdi,
	
diqqətlə dinləyir hər sözünü,
	
anladığını düşünür səni…
	
Zavallı qız
	
Eynilə mənim kimi.
	
 
	
Başqa bir qəlbi də qırırsan,
	
bilirəm bunu,
	
edə biləcəyim heç nə yoxdur.
	
Əgər danışsam ona bildiklərimi
	
Səhv başa düşəcək, qovacaq məni…
	
Zavallı qız
	
Eynilə mənim kimi.
	
 
	
Onu da tərk edəcəksən,
	
bilirəm bunu,
	
o heç vaxt bilməyəcək
	
onu niyə tərk etdiyini,
	
Ağlayacaq, bilmək istəyəcək
	
nəyin düz getmədiyini.
	
Bu nəğməni oxuyacaq o da axırda
	
Zavallı qız
	
Eynilə mənim kimi.
	
 
	
Gəl və sevgilim ol 
	
 
	
Yollar azman maşınlarla doludur
	
Məchul bir yerə gedirlər sürətlə.
	
İnsanlar alışan hər şeyi tüstülədirlər,
	
Kimisi həyatını dolayır bir qədəhin başına
	
və sən hansı tərəfə dönəcəyini bilmədən
	
oturub gözləyirsən.
	
Mənsə bilirəm.
	
Gəl və sevgilim ol.
	
 
	
Bəzi kahinlər deyir ki, sabah qiyamət qopacaq,
	
Başqalarına görə hələ bir-iki həftəmiz var.
	
Qəzetlər fəlakət xəbərləriylə doludur,
	
və sən hansı tərəfə gedəcəyini bilmədən
	
oturub gözləyirsən.
	
Mənsə bilirəm.
	
Gəl və sevgilim ol.
 
	
Nağıl
	
 
	
Həmişə qorxardı kişilərdən,
	
gecənin gətirdiyi
	
günahlardan və keflərdən.
	
Nə vaxt bir çarpayı görsə,
	
şaqqıltıyla bağlanardı
	
fikrindəki kilidlər.
	
 
	
Qaşlarını çatdı
	
və baxışlarıyla tıxadı
	
açar deşiyini.
	
Çarpazlama bir zəncir
	
asdı qapıdan
	
və şüurunu qapatdı.
	
 
	
Sümükləri tapıldı
	
təxminən otuz il sonra
	
avto-dayanacaq
	
tikmək üçün
	
evi uçurulanda.
	
 
	
Ekspertizanın rəyi belə oldu:
	
ölüm səbəbi şiddətli insansızlıq.
	
 
	
Tərcümə: Qismət
Mənbə: simsim.az