YAZI / DÜŞÜNCƏ
Xatirə Rəhimbəyli yazır - Lövhə Tarix : 17 Aprel 2020, 18:55
Yazar : Qadinkimi.com
Baksovetdən  Filormaniya bağına gedən yolu payızın qızılı yarpaqları isitməyə çalışır. Səkidə asılmış qəzetlərin arxası, sağlamlıq şöbəsinin gözünün qarşısı ilə gedən bir çüt məsud gəncin könlündə bahardı.

Qarşıdan mavi uşaq arabasında baxdıqlarını yox,duyduqlarını görüb şirin-şirin gülümsəyən bir körpə ilə bir ana keçir.Bu məsud gənclərdən biri- qız şirincə bir duyğunun təsiriylə utanmış gözlərini zorla bu mənzərədən ayırır.Oğlansa naməlum bir sevinclə:
- Oy,nə göyçək qızdır,-deyir.
Qız onu utandırmış hissi gizlətmək üçün bəhanə tapdığına sevinmiş:
- Görmürsən oğlandı?-deyə etiraz edir
- Nə bilirsən oğlandı?-deyə gənc təəccüblənir- qıza oxşayır axı..
Qız inadla :
- Görmürsən əşyalarının hamısı mavidir?- deyir.
Oğlan maraqla :
- Qız olsa,hansı rəngdə geyindirərdilər ki?- deyə soruşur.
Qız həvəslə izah edir:
- Adətən ağ və çəhrayı rəngdə..
Oğlan təsirli bir səslə:
- Bəs biz hansı rəngdə paltarlar alacağıq?- deyə soruşur...

İsti bir yay günü. Zalım bir həsrətdən tıncıxmış, qaralmış bir nəfəs Baksovetdən üzüaşağı Filarmoniya bağına dartınır. Səkidə asılmış qəzetlərin arxası, təzə kofenin qarşısı, ulu ALLAHın altında qeybdən gələn bir səs hıçqırır:
- Qara! Sən hər şeyi mənə qara rəngdə bağışladın! Ümidlərimin uçulmuş göy qurşağında rənglər dəyərini itirdi. Ağlar ələndi saçıma, sarılar çökdü gözlərimə,qaralar yağdı ömrümə! Qəhvəyi bir kətil, boz bir kəndir, narıncı bir ölüm dayanıb sənsizliyin sonunda.

...Baksovetdən Filarmoniya bağına enən qara yolu qışın ağ qarı gizlətməyə çalışır. Gözlərinin bulağında donmuş xatirə göynəyən bir hüzn əyri-üyrü izləriylə ağappaq qara qəmli bir bayatı yaza - yaza üzüaşağı gedir. Əlindəki qərənfillər cırnamış uşaq kimi üzünü qara plaşın ətəklərinə sürtür. Yorulmuş, ağıllanmış bir ürək sevimli körpəsinin cəsədini torpağa tapşırır, ədasıyla əlində titrəşən qərənfillərdən ikisini zorla özündən ayırıb qarın üstünə qoyur.Özü də öz hərəkətindən heyrətlənmiş, müəllifinin görmək istədiyi görünmək əzabına düçar heykəlsayağı dayanır. Sevgisinin ad gününə səpələnən qar saçlarına qonanda sevinir - öz həmrənglərinin qaranlıqla vuruşuna yarıyacaqmış kimi. Üz - gözünə səpilənlər düşdükləri şoranlığın istisinə duruş gətirə bilmir, üzüaşağı yuvarlanır. Özünü onun qulaqlarına çırpan perik bir marağın şaşqın səsi də əzab cəngəlliklərində azmış xəyalına yol göstərə bilmir:
- Burda kim ölüb,ay bala?
Qeyri-ixtiyari:
- Körpəm ölüb, ay xala,- deyir
- Nədən öldü, ay bala?
- Öldürdülər, ay xala, haqsız bir hicranın qurbanı oldu; gözlərimin önündəcə, ürəyimin başındaca keçindi...
Qadın təəccüblə:
- Biyy, - deyir...

Xoşbəxt günlərində damla - damla canına, qanına hopmuş xatirələri gözlərindən axan selləmə yağış belə ürəyindən çıxara bilmirdi. Hər addımda ruhuna qonan səadət kəpənəklərinin hicranın əlində puç olmuş nəşlərini qarış - qarış süründüyü görüş yerlərinə səpib qurtara bilmirdi.
Tanış skamyanın yanında dayandı. Əlindəki qərənfillərdən ikisini ayırıb skamyaya qoydu. Yenə həmin o zəif səs cingildədi qulaqlarında:
- Burda kim ölüb, ay bala?
- Eşqim ölüb, ay xala...
- Bıyy...

Bu yersiz maraqdan sıyrılıb qaçdı. Əlindəki qərənfilləri xatirində gecə - gündüz əzizlənən genişliyə atdı. Bayaqkı maraq indi də acı bir istehza kimi cingildədi qulaqlarında: 
- Burda kim ölüb, ay bala?
- Gözləri yaşarmış bir təbəssüm dodaqlarında kədərli bir mənzərə cıza - cıza dinləyicisiz bir səsə çevrildi:
- Ölməmişəm hələ, ay xala, öləcəyəm...
Bayaqkı qadın onun hərəkətlərinə göz qoya -qoya yaxınlıqdakı skamyada əyləşdi:
- A qızım, sən ALLAH, zəhlətökənlik olmasın, bir bəri dur. .De görüm, bu yazıqlar niyə ölüblər axı?
- Yazıq niyə olurlar, ay xala? Yazıq ölənlər deyil, ölməliykən ölməyi bacarmayanlardır. Sevilmək niyə yazıqlıq olsun ki?..
- Nə sevgi,a qızım, cavansan hələ...Aldatma özünü.Olur də,cavanlıqdı...Çıx get birinə, ailəyə, uşağa başın qarışacaq, ömrün necə gəlib - keçdiyindən xəbərin belə olmayacaq, bir də ayılacaqsan ki,unutmusan hər şeyi..Leyli-Məcnun dövranı deyil taa, Eh, Leyli var indi? Leyli olan dözməz, ölər gedərdi.Yaşaya bilmisənsə, Leylilikdən keçib taa, Leyli deyilsən taaa.


Eşitmədi daha heç nə. İldırım sürəti ilə keçdi beynindən :"Leyli və ölüm", "Leyli və ölüm", "Leyli və ölüm"... Çox düşünmüşdü bu haqda.
Çox dayanmışdı o əziz xəyalla üz - üzə. Könlündəki Leyli istəyiylə ayrılığın acığına ölümün müqəddəs qoynuna yüyürürkən bir hiss kəsib qarşısını bağırırdı: "Dəyərmi?! Axı, Leyli üçün yeganə bir istək vardı-  azad sevgi, insanlığına sayğı. Məcnun üçün də bu tələb hakim idi.Hər iki ürəyin qarşılıqlı sevgi duyğusu bütün hiss və duyğuların fövqündəydi"!


Onun da qəlbində ölümün mübarəkliyinə sevinən çılğın bir istək vardı. Fəqət ölümün mübarəkliyi ilə üz - üzə dururkən qəfil qeybdən bir səs özünü qaranəfəs yetirirdi: "Niyə? Vəfasız bir aşiq üçün çox deyilmi bu fədakarlıq? Və sən təkcə özününkü deyilsən axı"... Yüz dəfələrlə təkrar olunurdu bu oyun, yüz dəfələrlə hicranın qartal caynaqları Promotey istəyinin ciyərini söküb - tökürdü və qəfil vəfasızlığa qarşı qəlbində göynəyən bir məğrurluq həyat gətirirdi ona, əzablı bir həyat, yenidən ölümə yalvarırdı, yenidən dirilirdi. Zalım bir həqiqət ağlını qollarına zəncir, ayaqlarına buxov etmişdi. Leylini atası incitmişdi, Leyli ölümüylə atasından intiqam aldı. Leylini anası başa düşmək istəməmişdi. Leyli ölümüylə anasını cəzalandırdı. Əslini atası aldatmışdı, Bütün əzablarımın şəriki anam, xatirinə yaşamaq nə qədər acı olsa da, "ölümüm ümidlərinə qurban!"- nəticəsinə gəlmişdi həmişə.
Onu bu xəyaldan gördüklərinin adından başqa heç nə görə bilməyən maraq ayırdı :
- Düzünü de, ay bala, sən kimsən belə? Heç sənin kimisini görmədim...
Qəmli bir gülüş suda boğulan saman çöpünə əl atar ümidiylə dodaqlarının kənarından yapışdı:
- Nə bilim kiməm, ay xala. Bəlkə mən də "kolların kosuyam, çöllərin daşıyam"? Hər kiməmsə sığışmıram gördüyün bu aləmə. Nağıllardaydım, xeyli vaxtdır düşmüşəm sehrli xalçadan. Eşqimin göylərini duman aldı, uça bilmədim yenidən.Varlıqdan yoxluğa yüyürdüm, ilğımıymış böyük eşqimin kiçik prototipi. Burada birisi vardı, ona pay gətirmişdim - sevgi payı. Götürmək istəmədi, çünki sevgidən ölmək istəmədi. Sevgidən ölmək istəmədi, çünki göylərdən qorxdu. Göylərdən qorxdu, çünki göyləri görməyib... Göydə ALLAH var, göydəkilərin hamısının ALLAHı var. Yerdəkilərin çoxu ALLAHsızlardı. Onlardan kim ALLAHı görə bilir, yerdə qalmaq istəmir daha. Sizi qeybdən çağıran səsə lənət oxumayın...

Evdən çıxanda mütləq Qız qalasına çıxacağını qərarlaşdırmışdı. "A qızım, a bala" sözlərinin cığal qollarını zorla boynundan qoparıb sonuncu dəfə ağ qarın üzərində iki damla qana bənzəyən qərənfillərə baxdı və hansısa bir möcüzənin başverəcəyindən qorxurmuş kimi iti addımlarla oradan uzaqlaşırkən arxadan bir səs onu saxladı:

- Sənin adın nəydi, a bala?

 


1997- ci il, Ağcabədi

Xatirə Rəhimbəyli
qadinkimi.com