Biganəlik, laqeydliklə rastlaşırıq tez-tez. Bu fərdi xüsusiyyətdir və fərdin ona aid olmayan hər hansı bir hadisədə iştirak etməkdən tamamilə yayınmasıdı. Bu ya kömək etməkdən imtina etmək, ya da insanlara ehtiyac anında dəstək və şəfqət göstərə bilməməkdir.
Bunun müxtəlif səbəbləri ola bilər.
Hər şeydən əvvəl, bu davranış öhdəliklər qorxusundan qaynaqlanır. Kənar birinin kiminsə həyatına müdaxiləsinin arzuolunmaz reaksiyası ola bilər. Bəzən səmimi yaxşılığınız yersiz görünər, hətta sizə qarşı çevrilər.
Çox vaxt başqalarının laqeydliyindən kədərlənir, insanlığa inamı itiririk, laqeyd olmağa başlayırıq. Və zaman keçdikcə həyatımızda zərərli iz buraxacaq günahkarlıq hissi yaşamaq riski ilə qalırıq.
Bəzən bir zamanlar yaxşı bir işi pisliklə cavablandırılan birində laqeydlik yarana bilir. Belə insanlar vəziyyətin təkrarlanmasından və ürək ağrısından qorxaraq həmişə baş verənlərdən uzaqlaşırlar. Bu xoşagəlməz keyfiyyət xarakterindən və dəyərlərindən asılı olmayaraq hər kəsdə qast gəlinir. Buna ləng depressiv vəziyyət də səbəb olur.
Bu, yaşla da bağlı ola bilər. Ona görə də yaşdan asılı olmayaraq istənilən yaşda xoşbəxtlik gətirəcək, həm də həyatını dəyişəcək bir fəaliyyət növü axtarmaq vacibdir.
İnsanın davranışı irsi - ginetik amillərlə, ailə ilə də bağlıdır. Qayğıkeş bir insan yetişdirmək üçün valideynlər hələ uşaq yaşlarından övladı ilə laqeydlik barədə də danışmalı, nümunələr gösrərməli, müxtəlif vəziyyətləri müzakirə etməli, şəfqət, qarşılıqlı yardım və anlaşmanın necə göstərilə biləcəyini müzakirə etməli, uşaqda laqeydliyin təzahürünü izləməli, maraq dairəsinə və hobbilərinə diqqət yönəltməlidirlər.
Valideynlərin bir - birinə münasibətlərində laqeydlik görən uşaq onların davranışını istər-istəməz mənimsəyir və oxşar vəziyyətlərdə eyni şəkildə davranır. Ona görə də valideynlər bir-biri ilə, eləcə də övladları ilə münasibətlərində diqqətli olmalıdır. Laqeydlikdən uşaqlar, xüsusən də yetkinlər daha çox inciyir, küsgün olur. Və o, bir gün başqalarına kömək etməyə də bilər.
Atılmış uşaqlar, ailələrdə zorakılıq, baxımsız qalan qocalar cəmiyyəti sosial problemlərlə yükləyir. Bəzən göstərilən qayğı onlarınn maddi problemlərini düzəldir, amma bu onlar üçün adi hala çevrilir, dəyərsizləşir. Belə adamlar artıq həmişə mərhəmət, dəstək gözləyir. Özləri nə isə etmək istəmir, heç kimə adi diqqət, qayğı göstərmir, amma tələb edərlər.
Çox vaxt laqeyd insanlar özlərini belə görmürlər, hətta bir çoxları yumşaq və rəğbətli olduqlarına tam əmindirlər. Ona görə hər birimiz özümüzü görməyi bacarmalıyıq.
Bəzən də gözlənilməz kədər, bədbəxtlik hər hansı bir insanı sərtləşdirə və digər insanların problemlərindən uzaqlaşdıra bilər.
Psixikamız bizi bir dəfə baş vermiş travmatik vəziyyətlərin təkrarlanmasından qorumağa meyllidir, buna görə də insanın şüuru onu yaşadıqlarını xatırladan hər şeydən uzaqlaşdırır. Ancaq bu, şüuraltında baş verir. İnsan şüurlu şəkildə əmindir ki, başqalarının işlərinə qarışmaq maraqlı deyil.
Çətinliklərlə üzləşməyən, dərd görməyən bir insan da başqalarının kədərini anlaya bilmir. Həmişə sevgi ilə əhatə olunan, həyat təcrübəsi mövcud vəziyyəti adekvat qiymətləndirmək üçün kifayət etməyən insanlar da laqeyd təsiri bağışlayar.
Kimsə kömək etmək istəsə də bacarmaz, sadəcə çaşqın olar, necə kömək edəcəyini bilməz və s.
Başqalarını heç bir şeydə qınamağa tələsməyin, inciklik yükünü daşımayın, bağışlamağı öyrənin və başqalarına yaxşı olmaq imkanı verin.
Biganəliyin təhlükələrini düşünün. Əgər həssaslıq insana müsbət təsir edə, güc, ümid verə bilirsə, insan laqeydliyi bizi yaranmış bəlalar divarı qarşısında ümidsizliyə və gücsüzlüyə sövq edir.
Ağıl,elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlər hər bir fərddə fərqli şəkildə özünü göstərir. Biri çox səxavətlidi, digəri kiçik bir böcəyi belə incitməz, bir başqası xeyirxahlıqdan istifadə edir, özü isə laqeyd olur…
Elə şəxslər də var ki, onlardan kömək istəməyincə kömək əlini uzatmaz. İnsanlıq xahiş olunmadan ehtiyacı olanın yanında olmaqdır.
Hər birimiz bəzən çətinlikləri həll etməyə kömək edəcək faydalı bir tövsiyəyə, məsləhətə ehtiyac duyuruq. Əgər özünüzü çıxılmaz vəziyyətdə görürsünüzsə, sizi çətinliklər və uğursuzluqlar əhatə edirsə, daim pis əhval-ruhiyyədə olursunuzsa, problemin kökünü tapacaq insanların var olduğuna inanın. Bu ailəniz, doğmalarınız, yaxınlarınız ola bilər. Sadəcə inanın: hamı laqeyd deyil.
Çalışaq ki, insanların laqeydliyi qeyri-adilikdən çıxıb vərdişə çevrilməsin.
Yeganə İskəndərova
psixoloq, publisist