YAZI / DÜŞÜNCƏ
Koronavirus, maska qıtlığı, Novruz bahalığı... Tarix : 25 Fevral 2020, 20:30
Yazar : Günel Dəniz
Virtual aləmi alt-üst edən bu mövzu ilə bağlı mən də bir-iki kəlmə yazmaq istədim... Acınacaqlı haldı, düzü...Pula görə öz millətinə düşmən kəsilən başqa bir millət tanımıram... Dünyanın heç bir yerində belə şey yoxdu e, yoxdu. Novruz bayramı gələr, qoz-fındığın qiyməti qalxar "ceyran” belinə, Yeni il gələr yenə yolkasından, oyuncağından tut meyvə-tərəvəzinə qədər qiymətlər od tutub yanar, hətta adi Benqal şamı belə defisit olar, tapılmaz. Qurban bayramı gələr ət, Ramazan bayramı gələr xurma bahalaşar.20 Yanvar matəm günü gələr qərənfil tapmaq müşkülə çevrilər. Fəsil dəyişər, yay gələr, çimərliklərə giriş qiyməti cibimizi yandırar və ya dənizə hasar çəkilər. Yağış yağar göy-göyərti bahalaşar. Bir deyil, iki deyil, hansı birini sayım? İndi də Koronavirusu bəhanə edib maskaların qiymətini qaldırıblar, çox yerdə tapmaq da olmur, gözləyirlər millət virusa yoluxub qırılsın, maskanı çıxarıb baha qiymətə satsınlar. Apteklərdəki vəziyyət içimizi acıdır. İnsan necə bu qədər mənəviyyatsız, şərəf yoxsulu olar, axı?! Necə?!

Düşünürəm, düşünürəm ağlıma, məntiqimə heç cür sığışdıra bilmirəm. Yadımdadı, 2012-ci ilin 21 dekabrında "qiyamət günü” bəhanəsi ilə yenə bu iyrənc mənzərəylə qarşı-qarşıya idik. Mağazalarda şamın qiyməti qalxmışdı və bir-neçə saatın içində ümümiyyətlə çörək və digər lazımi ərzaqlar tapılmırdı. Eyni zamanda Aprel döyüşləri zamanı bayraqların qiyməti ikiqat qalxmışdı. Öz faciəsindən də, bayramından da sui-istifadə edib, mənfəət güdən millət olarmı? Bu əxlaqsızlıq hardan törədi - məni həmişə düşündürüb. Suallar rahatlıq vermir. Axı niyə bu zəhrimar virus hələ ölkəyə gəlib çıxmamış apteklərdə maska, spirt olmasın? Axı niyə axşam düşən kimi və ya bayram günlərində taksi xidmətləri qiyməti birə-beş  artırır? Axı niyə bu kimi durumlarda başqa ölkələrdəki insanlar kimi insaniyyət nümayiş etdirilmir? 

Məncə, bütün hallarda bu kimi özbaşınalıqların baş verməsinin əsl səbəbi ictimai qınağın olmamasıdır. Belə durumlara ictimai qınaq olsa, nəsə dəyişər. Ən azından bir az özlərini yığışdırarlar. Bu sözüm isə lazım olmayan məsələlərdə Qərbdən sitat gətirənlərədir:  Qərb ölkələrində epidemiya şəraitində qoruyucu maskalar pulsuz paylanılır. Qərb ölkələrində bayram günləri ərzaqlar su qiymətinə endirilir. Danışanda hamı bir ağızdan dövləti suçlayır. Qoruyucu maskaları apteklərdə gizlədən də dövlətdi? Axı niyə özümüz özümüzə belə qənim kəsilmişik? Nədir bizi belə sevgisiz, belə harın, belə vicdan yoxsulu edən? Güzəranın pis olması? Axı Sovetin dönəmində çörəyi, yağı, əti talonla aldığımız dövrlərdə belə hallar yox idi. Hamı bir tikə halal çörəyini qazanırdı, bayramımız da bayram idi... Gözümüz də könlümüz də müstəqil olmamağımıza rəğmən sevinərdi...
 
İndi əsarət altında deyilik ki... Niyə sevinə bilmirik? Niyə bizə bu sevinci çox görənlərə sözümüzü deyə bilmir, müti həyat tərzi sürür, hansısa bir olaya, haqsız duruma reaksiya verə bimirik?  "Niyə”lər, "nə üçün”lər bitmir ki, bitmir...

Bayram demişkən, bu gün bildiyiniz kimi yazın gəlişinin, Novruzun yaxınlaşmasının ilk müjdəçisi olan Su Çərşənbəmizdir. 

Su axır yamanlıqdan,
Yol keçir qaranlıqdan..
Çalış yaxşılıq eylə,
Nə çıxar yamanlıqdan...

Həyatımızda olan bütün çirkablar, bizi sıxıb, incidən problemlər, xoşagəlməzliklər su ilə axıb getsin, yazın gəlişi hər birimizə aydın günlər gətirsin! SU ÇƏRŞƏNBƏNİZ XEYİRLİ, UĞURLU OLSUN!..

O ki qaldı Koronavirusa, narahat olmayın, bizi hansısa virus yox, elə öz işbaz, mənəviyyatdan uzaq vətəndaşlarımız qıracaq. Aptekdəki o əl boyda əski parçası yox, mənəviyyat olsun gərəyimiz. Özünüzə, övladlarınıza yazığınız gəlsin!
Nə olursa olsun susmayaq, Haqqımızı arayaq!
 
 

Günel Dəniz
qadinkimi.com