Herbert Corc Uells: ''Korlar ölkəsi''
Dərə-təpə gəzməyi, dağı-daşı dolaşmağı çox sevən tək gözlü bir səyyah varmış. Gəzər, gəzər yorulmazmış. Bir gün uzaqlarda rəngləri qarmaqarışıq bir kənd görür; ala-bula qəribə bir kənd.
Yaxınlaşır kəndə tərəf. Yolları qəribə, evləri əcaib. İnsanları da bir təhər idi bu kəndin.
Kəndin içinə girəndə məsələnin nə yerdə olduğunu anlayır. Sən demə, bura korlar kəndi imiş.
Qadınların, kişilərin, uşaqların qısacası, hər kəsin gözü bərk-bərk bağlı idi. Təkgözlü səyyah burda yaşamağa qərar verir.
"Heç olmasa mənim tək gözüm var" deyir.
"Korlar ölkəsində çəpgözlər şah olur deyirlər. Mən də bunların başına keçib yaşayaram".
Korların gözləri yox idi, amma əlləri, qulaqları, burunları çox həssas idi. Özlərinə uyğun qurduqları bu şəraitdə birtəhər yaşayırdılar. Təəccüblə onların bu halını izləyirdi kənardan - gəzmələrini, danışıqlarını, davranışlarını. Bir gün korlardan biri o birinin malını oğurlayır. Bunu yalnız təkgöz səyyah görür. Bağıraraq elan edir:
- Filankəs filankəsin malını oğurladııı..
Korlar:
- Hardan bilirsən ki? O qədər uzaqdan necə eşitdin?
- Mən eşitmədim, gördüm, - deyir səyyah, - Gözüm var mənim,
görürəm.
Korlar gözün, görməyin nə demək olduğunu bilmirdilər.
Uzun zaman içində çoxdan unutmuşdular bu hissi.
- Görmək nədi? Necə yəni görürsən? Eşidilməyəcək məsafədən anlaya bilirsən hər şeyi? - deyə soruşurlar səyyahdan.
- Əlbəttə, anlaya bilirəm, - deyir səyyah.
- İnanmarıq, imtahan edib yoxlayacağıq səni, - deyirlər və səyyahı götürüb ən uzaq bir yerə aparırlar. Təcrübələrindən əmin idilər ki, o uzaqlıqdan heç nə eşidilməz.
- İndi de görək, biz burda neynirik?
Səyyah deyir:
- Oturursuz, durursuz, qaçırsız, yemək yeyirsiz, o bunu etdi, bu onu etdi və s.
Bu zaman korlar bir evin içinə girir və qışqırırlar:
- İndi nə edirik?
- İçəri girdiz, görmürəm, axı sizi?
- Nolsun girdik, arada 50-60 sm fərq var, tez elə de görək neynirik?
- Arada divar var, axı, görmürəm sizi.
Korlar:
- Sən yalan deyirsən, bax, bayaq dediyin təsadüf idi, amma indi nə etdiyimizi bilmirsən.
- Çıxın çölə deyim, - səslənir təkgözlü səyyah.
- Bu qədər məsafədən eşitdikdən sonra ha içəri, ha çöl, - deyirlər korlar.
- Axı mən təkcə eşitmirəm, həm də görürəm, - deyə israrla özünü ifadə etməyə çalışsa da, korlar səyyaha inanmırlar.
- Səni həkimə aparacağıq, səndə anormallıq var, əcaib şeylər danışır, sayıqlayırsan, - deyib adamı yaxasından tutub gətirirlər həkimə. Həkim də kor idi təbii olaraq, əlləri ilə müayinə etməyə başlayır. Səyyahın açıq olan gözünü göstərib:
- Tapdımm.. Problem burdadı. Sayıqlamağı da bundandı, indi düzəldərəm, - deyir.
Korlar ölkəsində şah olmaq istəyən səyyah özünü güc bəla ilə qurtarır onların əlindən.
Korlar görənləri anlamaz, sayıqladığını, qeyri - normal olduğunu düşünər və onu da özlərinə oxşatmaq üçün gözlərini çıxarmağa çalışarlar.
Beyni qəlibləşmiş insanlar və toplumlar da düzgün qavraya, dəyərləndirə bilməz. Xoş görməzlər, öz qaranlıq dünyalarına alışdıqları üçün hər yeni davranış və düşüncəni özlərinə oxşatmağa çalışmaq kimi bir "yaxşılıq” hissi ilə yaşayarlar.
Hazırladı: Günel Dəniz
Qadinkimi.com