BİLİM / DİN
Kitablar ən yaxşı psixoloqdur. Tarix : 16 İyun 2020, 21:28

XƏZİNƏ

 

Məktəbdə psixoloqla görüş keçirilirdi, iştirak etməli oldum. Valideynlər övladlarının çatışmazlıqlarını düzəltmək üçün suallar verir, sadə məsələlərin həllini belə soruşurdular. Psixoloq da nümunələrlə, başa düşülən sadə dillə cavablandırırdı.

Valideynlərim beş övlad böyüdürdu rayon yerində. O vaxtlar məsləhət almağa psixoloq yox idi, bu sözün yalnız adını eşitmişdik. Bizim bir psixoloqumuz var idi – kitablar. İkinci sinfə keçəcəkdim, qiymətlərimizi elan etmək üçün valideyn iclasına çağrılan anam evdən çıxmadan (evin ilk övladı idim) "qiymətlərin " əla " olsa sənə kitab alacağam yay tətilində oxumağa" dedi. Bədii kitablarla tanışlığım o gündən başladı.

İki kitab almışdı anam.Quyuya düşən Ayını bir-birinin quyruğundan yapışıb "çıxaran" meymunları hələ də xatırlayıram.Oxuduğum kitablar çoxalırdı. Nağıllara keçdim, tezliklə onlar da məni "doyurmadi". Altıncı sinfə keçəndə kitabxanada qalın üzlü, iri, nəhəng 3 cildli "Səfilllər" kitabını alıb evə gətirdim. O yay nəhəng kitabı-burda xarici görünüşü yox, əsərin ideyasını nəzərdə tuturam - başa vurdum. Uzun müddət kitabdan qopa bilmədim. Jan Valjana bənzəmək istədim. Qarşıda onlarla qəhrəmanla "rastlaşdım". Hər kitabdan bir neştər çəkmək istədim.

Yaşadığımız həyat nehrədəki qatıq kimi çalxalayır bizi. Yağı ayrandan ayırır, kimi üzə, kimi dibə... Dürlü-dürlü insanlarda rastlaşırsan: saf, hiyləgər, mənsəbpərəst, şöhrətpərəst, malgir, pulgir, nəfsli, nəfssiz, oğrusu, əyrisi... adı nə çox, çeşidi nə çox... Həyatın çətinliklərin adlamaq, ömrün sonuna şərəflə, namusla çatmaq asan deyil. Qüsursuzluq Allaha məxsus olsa da, nöqsansız yaşamaq çətindir. Hətta dediyin sözü belə ölcüb-biçmək, vurğunu yerində işlətmək də səriştə istər.

 

 

 

 

Kitablar kötükdən insan fiquru düzəldəcək qədər güclü, ulularımızın qoyub getdiyi dəyərləri cilalamağa, gələcək nəsillərə ötürməyə qadir, düşmənimizin belə yaxşı cəhətlərini əxz etməyə vadar edəcək gücə malikdir. İnsanı kamilləşdirmək ,cilalamaq, müdrikləşdirmək gücündədir. Övladlarınıza kitablar alın, hər axşam bir səhifə olsa belə çevirməyə nail olun. Vaxtınız itəcək bilirəm. Oxumaq üçün onları həvəsləndirin, bu o qədər də çətin deyil. Kitablara alışana, vərdişə çevirənə qədər onlarla olun. Nağılı sevsə, nağıldan, dedektiv sevsə, dedektivdən başlayın. Əsas başlamaqdır, kitabla "dil" tapana qədərdir. Əmin olun övladınız narkomaniyaya, əxlaqsızlığa, sərxoşluğa - bir sözlə tüfeyli həyata üz çevirməyəcək .Valideynlərini, zəhməti, ailəsini, övladını sevəcək. Millətini, ölkəsini, çörəyi, çiçəyi, böcəyi də sevəcək.Ondan rahat, arxayın olacaqsınız. Sizin məsləhət, məşvərət edəcəyiniz şəxs olacaq. Çətinliklərlə döyüşməyin, yoxsa yan keçməyin daha doğru olduğuna o özü qərar verəcək.

Kitablar ən yaxşı psixoloqdur. Əmin olun!

 

Natiqə Quliyeva

 

qadinkimi.com